Məhkəmə qərarları › İş №2-1(114)-202/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-202/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-202/2020 11.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsi) qarşı təhsil müddətinin, iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, 1972-1977-ci illərdə X4 Texnikomunda oxuduğu illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-1977-ci illərdə X4 Texnikomunda oxumuşdur. O, yaşa görə pensiyaya çıxması ilə bağlı DSMF-nin Goranboy rayon şöbəsinə müraciət edərək həmin illərin də sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının 1972-1977-ci illərdə X4 texnikomunda təhsil aldığı illərin, 1991-1996-cı illərdə Goranboy rayonu Kommunist kolxozunda və 1997-2000-ci illərdə “Qazançı” X1 işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 1972-1977-ci illərdə təhsil aldığı müddət və 1991- 1996-cı illərdə işlədiyi müddət sosial sığorta stajına hesablansa da, ona pensiya təyin olunması üçün 1 il 9 ay sığorta stajı çatmır. 1997-2000-ci illərdə “Qazançı” X1 iddiaçıya əmək haqqı verilərkən sosial sığorta tutmaları aparılması barədə şöbədə məlumat yoxdur, həmin illər də təsdiq olunarsa pensiya təyin etmək üçün əsas yaranır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı təhsil aldığı müddət əmək kitabçasında yazılmadığına görə ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. -İddiaçı məxsus xx.xx.1977-ci il tarixli Щ-İ 530135 nömrəli diplomun surətindən görünür ki, sonuncu 1972-1977-ci illərdə X4 texnikomunda təhsil almışdır. -Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 200 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1991-1996-cı illərdə kolxozda işləmiş və əmək haqqı almışdır. -“Qazançı” X2 xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı 1997-2000-ci illərdə təsərrüfatda işləmiş və əmək haqqı almışdır. -xx.xx.1998-ci il tarixli, 116 nömrəli ödəniş tapşırığından görünür ki, “Qazançı” X3 tərəfindən Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunun hesabına pensiya müavinətlərin ödənilməsi üçün İ rüb hesablamaya görə ******* (bir milyon altı yüz otuz iki min altı yüz səksən dörd) manat köçürülmüşdür. -İddiaçı məxsus xx.xx.1976-cı il tarixli AT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Goranboy rayonu Kommunist kolxozunda və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “Qazançı” X1 işləmişdir. -İddiaçı məxsus xx.xx.1973-cü il tarixli HT ******* nömrəli hərbi biletin surətindən görünür ki, sonuncu 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı sosial sığorta stajı barədə təqdim etdiyi sənədlərə əsasən yaşına görə tələb edilən sığorta stajı müqabilində 2 il 25 gün hərbi xidmət müddəti və 13 il 8 ay 26 gün işlədiyi müddət olmaqla cəmi 15 il 9 ay 21 gün sığorta stajı təsdiq edildiyindən, eləcə də təqdim edilən diplomda iddiaçının 1972-1977-ci illərdə təhsil aldığı müddət və təqdim edilən arxiv arayışlarında 1991-1996-cı illərdə kolxozda və 1997-2000-ci illərdə “Qazançı” X1 işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmadığından cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. İş materiallarına əlavə edilmiş Goranboy rayon Dövlət Arxivinin və “Qazançı” X2 müvafiq arayışlarından görünür ki, iddiaçı həqiqətən 1991-1996-cı illərdə kolxozda və 1997-2000-ci illərdə təsərrüfatda işləmiş və əmək haqqı almışdır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli, 116 nömrəli ödəniş tapşırığından görünür ki, “Qazançı” X3 tərəfindən Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunun hesabına pensiya müavinətlərin ödənilməsi üçün müvafiq məbləğdə pul köçürülmüşdür. Bu isə cavabdehin nümayəndəsinin həmin təsərrüfatın sosial sığorta ödənişlərinin etməməsi ilə bağlı mülahizəsinin əsassız olduğunu təsdiq edir. Beləliklə təqdim edilmiş əmək kitabçasından və arxiv arayışlarından görünür ki iddiaçı həqiqətən xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Goranboy rayonu Kommunist kolxozunda və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək “Qazançı” X1 müvafiq aylar üzrə işləmiş və əmək haqqı almışdır. Qeyd olunan dövrlər üzrə iddiaçının əmək haqqı aldığı aylar nəzərə alınmaqla ümumilikdə 6 il 4 ay 15 gün sığorta stajı yaranır. Məhkəmə qeyd olunan əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qəbul edir. Bundan başqa əmək kitabçasına əsasən iddiaçının 1976-1990-cı illər üzrə 13 il 8 ay 26 gün sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. Həmçinin məhkəmə tələbin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1972-1977-ci illərdə X4 Texnikomunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə iddiaçının sosial sığorta stajı barədə təqdim etdiyi sənədlərə əsasən 2 il 25 gün hərbi xidmət müddəti, 1976-1990-cı illərdə 13 il 8 ay işlədiyi müddət, Goranlı kolxozunda 4 il 7 ay 15 gün işlədiyi müddət, “Qazançı” X1 1 il 9 ay işlədiyi müddət və 4 il 8 ay 12 gün təhsil müddəti olmaqla ümumilikdə 26 il 9 ay 22 gün sığorta stajı qazanmışdır. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1977-ci il tarixli Щ-İ 530135 nömrəli diplomla İddiaçı 1972-1977-ci illərdə təhsil aldığı müddətin,Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 200 nömrəli arxiv arayışı ilə 1991-1996-cı illərdə kolxozda işlədiyi və “Qazançı” X2 xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışı ilə 1997-2000-ci illərdə təsərrüfatda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar