Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-202/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun pozulmasına əsas olmuş Göygöl Rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarın qanunsuz inzibati akt sayılaraq ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl (Xanlar) rayon İcra hakimiyyəti Başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə 0.08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bununla yanaşı sonradan ona məlum olmuşdur ki Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətində yaradılan Aqrar İslahat Komissiyası xx.xx.1997-ciil tarixli 15 nömrəli qərarı ilə Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsi X2 mülkiyyətinə verilibdir. Torpaq sahəsi 34 ildir onun sahibliyindədir. X1 israr edir ki, sonuncuya məhz bu torpaq sahəsi verilmişdir. Müxtəlif vaxtlarda Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxivinə edilmiş sorğulara cavab olaraq verilmiş arayışlarda qeyd olunan Göygöl (Xanlar) rayon İcra hakimiyyəti Başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamı qanuni qüvvədə olması, habelə onun əsasında torpaq sahəsinə dair müvafiq sənədləşmənin qeydə alınması təsbit edilmişdir. Bunun əksinə olaraq Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin X3 verilməsi barədə qeydiyyat Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Dövlət Arxivində mövcud deyildir. Belə olan halda qanuni əsaslarla ona verilmiş torpaq sahəsinə dair qanunsuz verilmiş qərar iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuş və buna görə Göygöl (Xanlar) Rayon İcra Hakimiyyətinin Xanlar rayon Aqrar İslahat Komissiyası xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı qanunsuz inzibati akt sayılaraq ləğv olunmalıdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamının icra olunması, yəni torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinin qəbul etməyərək etiraza uyğun izahat vermişdir. Cavabdeh Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Xanlar rayon Şəhriyar sovxozun bələdiyyə mülkiyyətində saxlanılan, kəndin perspektiv inkişafı üçün ayrılmış torpaq sahəsindən ayrılıb Xanlar Rayon İcra Hakimiyyəti başçısının Çiçəkli kəndi üzrə nümayəndəliyinin “Gəncə” və “Zurqes” qəsəbələrində yaşayan vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi haqqında Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamı əsasında 70 nəfərə, o cümlədən İddiaçı Göygöl rayonunun “Zurqes” qəsəbəsi ərazisindən 0.08 ha fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmış, İddiaçı adı 70 nəfərlik siyahıda 32-ci sırada və veriləcək torpağın ölçüsü 0.08 ha göstərilmişdir. Sərəncamın icrası ilə bağlı olaraq keçmiş Dövlət Torpaq Komitəsinin rayon torpaq şöbəsinə ayrılmış torpaq sahələrinin yerində ölçülüb təhvil verilməsi tapşırılmışdır. Lakin, hazırda Göygöl Rayon Dövlət Arxivində ayrılmış torpaq sahələrinə dair yerləşmə mövqeyini göstərən koordinatlar barədə hər hansı məlumat aşkar edilməmişdir. Bu səbəbdən siyahıda göstərilən vətəndaşlara, həmçinin İddiaçı fərdi yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinin yerləşmə mövqeyini göstərən koordinatlar barədə məlumat təqdim edilməsi mümkün olmamışdır. Bununla bağlı qeyd edirik ki, həmin dövrdə vətəndaşlar üçün ayrılmış torpaq sahələrinin yerində ölçülüb təhvil verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 2015-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Göygöl Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli, M- 589/18 nömrəli və xx.xx.2022-ci il tarixli, 15/617 nömrəli məktubları; - Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamının və veriləcək torpaq sahəsinin siyahısının təsdiq edilmiş surətləri; - Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 217 nömrəli arxiv arayışının surəti; - Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 66 nömrəli arxiv arayışının surəti; - Göygöl rayonu Zurnabad bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 07 nömrəli arayışının surəti; - AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli və xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubları; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 saylı sərəncamı əsasında Şəhriyar sovxozunun bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 nəfər vətəndaşa hər birinə 0.08 ha olmaqla fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi verilmiş, İddiaçı adı siyahıda 32-ci sıra sayında qeyd edilməklə, ona veriləcək torpaq sahəsi 0.08 ha göstərilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqan Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı qanunvericiliyin tələblərinə əsasən dövlət tərəfindən müdafiə olunan hüququ əsasında ona məxsus, Gəncə kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsini, yəni Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamının icra olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının da iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamının icra olunması, yəni torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi Göygöl Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl (Xanlar) rayonu Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı verilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin qanuni qüvvədə olan 22 may 1998-ci il tarixli, 126 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi öhdəliyi Göygöl Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-202/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-202/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver