Məhkəmə qərarları › İş №2-1(114)-202/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-202/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-202/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ona xx.xx.2022-ci il tarixdə iki il müddətinə üçüncü qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarının dəyişdirilərək ona xəstəliyilə bağlı əvvəllər təyin edilmiş İİ qrup əlillik dərəcəsinin yenidən ömürlük təyin edilməsi və xx.xx.2021-ci il tarixdən almadığı ayların pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 yaşında yaşadığı kənddə yıxılaraq başından travma almışdır. Xəstəliyilə bağlı Qazax rayonunda Ruhi-Əsəb dispanserində Gəncə şəhər Ruhi-əsəb dispanserində və Bakı şəhərində 2 saylı psixatriya xəstəxanasında stasionar müalicə götürmüşdür. Dövlət ona xəstəliyilə bağlı dərmanlarını verir. 2010-cu ildə TSEK ona ruhi-əsəb xəstəliyilə bağlı müalicələrini tibbi sənədlərini nəzərə alıb ona İİ qrup əlillik dərəcəsi təyin etmişdir. Hər il yenidən TSEK-dən həkim komissiyasından keçirilərək bir illik əlillik dərəcəsi təyin edilmişdir. O, 2015-ci ilin iyul ayının 1-də 29 saylı Tibbi-Sosial Ekspertiza Komissiyasından növbəti həkim müayinəsindən keçirilərkən ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozğunluğu ilə” diaqnozu qoyulmuş, növbəti bir il müddətinə ona İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Onu müayinə edən həkim ona artıq 18 yaşı tamam olduğundan buna görə ona İİ qrup əlillik təyin etmək mümkün olmadığını bildirmişdir. 2016-cı ilin iyul ayının 1-də ona növbəti beş il müddətinə İİİ qrup əlillik təyin edilmişdir. 5 il ərzində stasionar müalicələr götürmüşdür. 2021-ci ilin iyul ayının 1-də 5 illik əlillik müddəti tamam olduğu vaxt ona heç bir məlumat verilmədən, müayinə keçirilmədən əlilliyi qanunsuz olaraq dayandırılmışdır. Şikayətindən sonra 3-cü dəfə Forma 88 toplanmış və sistemə vurulmuşdur. Bir müddət keçsə də nə imtina, nə də rəsmi cavab verilmədi. Onu canlı müayinəyə dəvət etmişlər və o əlillərin bərpa mərkəzinə getmişdir. Nəyahət ki, xx.xx.2023-cü il tarixdə ona xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 40 faizi pozulması ilə əlaqədar İİİ qrup əlillik təyin edilməsi barədə məlumat verilmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixdən ona təyin etdiyi İİİ qrup əlillik dərəcəsini qanunsuz və əsassız hesab edir. Ona görə ki, xəstəliyilə bağlı qiymətləndirilmə aparılarkən ona İl qrup əlillik təyin edilməli olduğu halda, heç bir əsas və səbəb olmadan İİİ qrup əlillik dərəcəsinin təyin edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 23 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin İ00004115HHB nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması “ barədə qərar verilmişdir. Ətraflı səbəb: “Əsas diaqnozun ağırlaşmaları ilə funksional diaqnostik müayinələrin nəticəsi arasındaki uyğunsuzluq dəqiqləşdirilsin.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin İ00004115HHB nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, F07.0-üzvü mənşəli şəxsiyyət pozuntusu ,tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekonpensasiyalarla Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu, Üzvü mənşəli emosional labil pozuntu Yanaşı xəstəliklər F06.5 Üzvi dissosiativ pozuntu, üzvi dissosiativ pozuntu.) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına Əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6.2.1. bəndinə əsasən 40% 2 il müddətinə əlillik təyininə əsas var. Sonda isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Tibbi-Sosial Ekspert komissiyasında xx.xx.2022-ci il tarixli müayinəyə dair məlumatın surəti, xx.xx.2009, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016 və xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə nəticələrinə dair çıxarışlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H-1991/2023 və xx.xx.2024-cü il tarixli, 3-17-4/2-29/2024 nömrəli məktubları və 27 sentyabr 2023-cü il tarixli, T 692/2023 nömrəli ekspert rəyi əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdə iki il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, xx.xx.2014-cü il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə İİ dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə bir il, xx.xx.2016-cı il tarixdə “ümumi xəstəlik” səbəbi ilə beş il üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuş və barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6.2.1. bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbindən 2 il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli, T 692/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, bətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5-Üzvi dissosiativ pozuntu” xəstəliklərdən hazırda əziyyət çəkir. “Əsas diaqnoz: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. Ağırlaşma: F06.6-Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5-Üzvi dissosiativ pozuntu” diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Həmin diaqnozla ona xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyasının pozulması ilə iki il müddətinə əlillik təyinatı verilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1. bəndinə uyğun olduğundan İİİ dərəcə əlillik təyinatı düzgün olmuşdur. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının səhhətində İİ dərəcə əlilliyin təyinatına əsas verən xəstəliklər və patofunksional pozuntular aşkarlanmamışdır. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar