Məhkəmə qərarları › İş №2-1(114)-2021/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2021/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2021/2022 28.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx.xx.1965-ci il tarixdə Bərdə rayonun Otuzikilər kəndində anadan olmuş, hazırda Bərdə rayonun Nifçi kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı (bəzi arxiv sənədlərində adı « Aslan » kimi qeyd olunmuşdur) Bərdə RHK tərəfindən xidmətə çağırılaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 249 nömrəli əmrilə (əsas: §-7, səh-3, sıra-26) şəxsi heyətin siyahısına salınaraq 5-ci taborda ştata təyin olunmuş və bütün təminatlarla təmin edilmişdir. Lakin N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixili nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 20 nömrəli əmrində (əsas: §-12, səh-46, sıra-3, əmrdə adı "Asdan" yazılmışdır) Bərdə RHK tərəfindən göndərilmiş, iddiaçının 14 nömrəli taborun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin 12.Nxx.xx.1994-cü il tarixli "Yaralıların siyahısı" kitabında (əsas: səh-24, sıra-589, siyahıda adı "Astan" yazılmışdır) iddiaçının xx.xx.1994-cü il tarixdə Əhmədağalıda yaralanması barədə məlumat vardır. 14 nömrəli MAT-ın hərbi qulluqçusu iddiaçı xx.xx.1994-cü il tarixdən (uzun müddət) hospitalda müalicə olunduğuna görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 224 nömrəli əmrilə (əsas: §-3, səh-55, sıra-6) ərzaq təminatı dayandırılaraq ştatdan kənar çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə, iddiaçının Müdafiə nazirinin 278 nömrəli fərmanına əsasən, N nömrəli hərbi nissə komandirinin xx.xx.1994-cü il tarixli, 363 nömrəli əmrilə (əsas: §-12, səh-47, sıra-895, əmrdə adı "Asdan" yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmaqla bütün növ təminatları dayandırılaraq hərbi biletinin şəxsi heyəti qəbuletmə məntəqəsinə göndərilməsi barədə məlumat vardır. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndəcavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 1/İ-12227 nömrəli məktubunla müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin erilməsi üzrə komissiya"nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-869 nömrəli arayışına əsasən xx.xx.N-cü il arixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti tam təsdiqlənmədiyinə və N nömrəli hərbi hissədə hərbi xidmətə qəbul olunmağı, xx.xx.1994-cü il tarixdən sonra hərbi xidməti tam təsdiqlənmədiyinə görə iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci addəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1965-ci il təvəllüdlüdür, şəhid atasıdır. xx.xx.1983 cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Xidmət etdiyi müddətlərdə N nömrəli hərbi hissə komandirinin xx.xx.1983-cü il tarixli, 249 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınaraq 5-ci taborda ştata təyin olunmuş və bütün təminatlarla təmin olunmuşdur. Bundan sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 20 nömrəli əmrində Bərdə RHK tərəfindən göndərilmiş və 14 nömrəli taborun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 12.Nxx.xx.1994-cü il tarixli " Yaralıların siyahısı" kitabında Bərdə RHK-dan çağırılmış və 28 aprel 1994-cü il tarixdə Ağdam rayon Əhmədağalıda baş vermiş döyüşdə yaralanmışdır. Yaralanmağı ilə əlaqədar xx.xx.1994-cü il tarixdə hospitalda müalicə olunmuş və yaralandığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 224 nömrəli əmri ilə ərzaq təminatı dayandırılaraq ştatdan kənar çıxarılmışdır. Xidmət etdiyi zaman yaralandıqdan sonra ordudan təxris olunmuşdur. Lakin bu vaxta qədər isə ona müharibə veteranı adı verilməmişdir. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər aidiyyəti qurumlara müraicət etsə də, ona müharibə veteranı statusu verilməmişdir. Müharibə veteranı statusunu başqa cür əldə edə bilmir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdikdə isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsindən göndərilmiş 25 may 2022-ci il tarixli məktubunda ona bildirirlər ki, "Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli, 9/2-869 nömrəli arayışına əsasən 2.11.N-cü il tarixdən sonra N nömrəli hərbi hissədə xidməti tam təsdiqlənmədiyinə və N nömrəli hərbi hissədə hərbi xidmətə qəbul olunmağı, xx.xx.1994-cü il tarixdən sonra hərbi xidməti tam təsdiqlənməsi" barədə heç bir məlumat yoxdur. Bunun üçün də, ona Müharibə Veteranı adı və vəsiqəsi verilməkdən imtina edilmişdir. Halbuki o, döyüşlərdə canla başla iştirak etmişdir. Hərbi hissədə müəyyən bir vaxtlarda xidmət etməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli arayışında da qeyd edilmişdir. Buna baxmayaraq ona Müharibə Veteranı adı və statusu verilmir. O, isə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canla başla iştirak etmiş və yaralanmışdır. Bu faktı şahidləri də təsdiq edə bilər. Onun övladlarından biri şəhid olmuş, o birisi isə qazidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, yaralandıqdan sonra hərbi hissəyə qayıtmamışdır. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, İ-1107 nömrəli arayışı, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli, 9/2-869 nömrəli arxiv arayışı, cavabdehin xx.xx.2021-ci il tarixli 1/İ-12227 nömrəli imtinası, cavabdehin xx.xx.2022-ci il tarixli, 4/2-4656 nömrəli məktubu ilə təqdim edilmiş N nömrəli hərbi nissə komandirinin xx.xx.1994-cü il tarixli 363 nömrəli əmrindən arxiv çıxarışı, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli 278 nömrəli əmrinin təsdiq edilmiş ksero-surəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 750 nömrəli məlumatı və xx.xx.2022 tarixli, 930 nömrəli məktubu ilə təqdim edilmiş iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Həmçinin, məhkəmə araşdırması zamanı, iddiaçının xx.xx.N-cü il tarixdə N nömrəli hərbi hissənin tərkibinə daxil olması, xx.xx.1994-cü il tarixdə yaralanması, xx.xx.1994-cü ildən hospitalda uzun müddət müalicə olunduğu üçün ərzaq təminatının dayandırılaraq ştatdan kənar çıxarılması, daha sonra hərbi hissəni tərk etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı özü də müalicədən sonra hərbi hissəyə qayıtmamasını etiraf etmişdir. İş materiallarında iddiaçının uzun müddət stasionar müalicədə olması, aldığı xəsarət nəticəsində onun hərbi xidmətə yararsız olması barədə müvafiq hərbi həkim komissiyasının qərarı mövcud deyildir. Belə olan vəziyyətdə iddiaçı müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmalı olduğu halda, bunu etməmişdir. Məhkəmə qeyd edir ki, istinad edilən maddi hüquq normalarının təhlilinə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar