Məhkəmə qərarları › İş №2-1(114)-2023/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2023/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2023/2023 19.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Bəyimsarov bələdiyyəsinə qarşı Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.2023-cü il tarixdə (poçta təqdim edilmişdir) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Tərtər rayon Bəyimsarov bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 10 saylı qərarı ilə hazırda Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlak Döylət Reyestrindən (DƏDRX-dən) xx.xx.2008 tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən qeyriyaşayış sahəsi yerləşdiyi 0.60 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olmuşdur. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilən xx.xx.2020 tarixli 40-41 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən (seria AN-1 № 0854078) görünür ki, həmin alqı- satqı müqaviləsi ilə Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (əmlak kompleksini) yerləşdiyi 0.60 ha torpaq sahəsi ilə birlikdə iddiaçı satın almışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən xx.xx.2020 tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən 0.60 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 203.7 kv.m qeyri-yaşayış sahəsi (əmlak kompleksi) tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Əmlak kompleksinin satın alandan sonra tikililərdə əsaslı təmir-tikinti işləri aparıb istifadəsinə başlayandan təqribən bir ilə yaxın müddətdən sonra üçüncü şəxs Emin Hüseynov peyda olaraq zorakılıq yolları ilə qeyri-yaşayış sahəsinin fəaliyyətinə maneçiliklər törətməyə başlayıb pul tələb etməyə başlamışdır. Bundan sonra məlum olmuşdur ki, belə bir problem var. Alqı-satqının ləğv olunub pulun qaytarılmasını tələb edəndə məlum oldu ki, obyekti satan "xxxx" MMC-nin banka böyük məbləğdə borcu olduğuna görə obyekti satmış və onlardan alınan pullar da banka kredit borcuna ödənilmişdir. Bu səbəbdən də onların obyektinin müqabilində ödədiyi pulların qaytarılması mümkün deyildir. Bundan sonra məlum olub ki, "xxxx" MMC-nin Gəncə İnzibati Məhkəməsində DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxsin adına aparılan 0.3 ha torpaq sahəsinə dair qeydiyyatın ləğvinə dair iddiası icraatdadır. Bundan sonra onun müraciəti əsasında iddiaçı qismində işə cəlb olunaraq "xxxx" MMC-ni əvəzləşdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022 tarixli 2-1(114)-7/2022 saylı Qərardadından göründüyü kimi üçüncü şəxsə 0.03 ha torpaq sahəsinin ayrılmasına dair Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004 tarixli 10 saylı qərarı qüvvədə olduğuna görə həmin qərar əsasında 3-cü şəxsin adına aparılan qeydiyyatın ləğvinə dair iddia tələbinə baxılması mümkün sayılmamışdır. Həmin qərarın mübahisələndirilməsi üçün həmin bələdiyəyə müraciət edilsə də imtina edib təqdim etmədilər. Aparılan araşdırma nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin Tərtər rayonunun Bəyimsarov bələdiyyəsinə heç bir adiyyəti olmamışdır. Ərazi Yevlax rayonunun ərazisi olmuşdur. Ərazi yulğun meşəliyi, yulğun ağacları da Qırmızı kitaba düşdüyünə görə ərazi əkin üçün yararsız hesab edilib, qoruq zonasına salınmışdır. SSRİ illərində Tərtər rayonu Bəyimsarov kəndinin təsərrüfatına aid heyvanların qış vaxtlarında otarılmaları üçün sahə məhdud olduğuna görə qış vaxtlarında Tərtər rayonu Bəyimsarov kəndinin təsərrüfatına aid heyvanlarının Yevlax rayonuna aid həmin ərazidə otarılmasına icazə verilmişdir. Ərazi qoruq zonası olduğuna əkilib-becərilməmiş, bu səbəbdən kolxoz və sovxoza aidiyyəti olmamışdır. Qeyd olunan səbəblərə görə də islahatdan kənarda qalmışdır. İslahatdan kənarda qaldığına görə də Tərtər rayonu Bəyimsarov Bələdiyyəsi vəziyyətdən sui-istifadə edib ərazinin torpaqlarına sərəncam vermişdir. Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin mübahisəli xx.xx.2004 tarixli 10 saylı qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0693 saylı dövlət aktının 4-cü səhifəsində yerləşən ərazinin plan cizgisindən görünür ki, mübahisəli qərar veriləndə ərazidə tək bir obyekt- Azərenerji ASC X1 Şəbəkəsi MMC-nin X4 yerləşmişdir. Həmin şəbəkə hələ SSRİ illərindən mövcud olmuşdur və şəbəkə üçün ayrılmış həmin torpaq sahəsi Yevlax rayon XDS İK-sinin qərarı ilə ayrılmışdır. Bu da həmin ərazinin Yevlax rayonunun ərazisi olmasını sübut edən faktordur. Hətta ərazi Tərtər rayonunun ərazisi olmuş olsaydı, belə yenə də ərazi istər meşə fondu torpaqları, istər qış otlaqları torpaqları, istər təbiəti mühafizə, təbii-qoruq torpaqları, istərsə də üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları olsun dəxili yoxdur bütün hallarda ərazi torpaqları dövlət torpaqları kateqoriasına aid torpaqlar olduğuna görə cavabdeh bələdiyyə həmin torpaq sahəsinə nə sərəncam verə bilərdi, nə də sata bilərdi. Belə ki, "Torpaq islahatı haqqında AR Qanununun 6-cı maddəsinin 3-cü hissəninə əsasən yay və qış otlaqlarının, mal qara düşərgələrinin və köç yollarının torpaqları; 4-cü hissəsinə əsasən meşə fondu torpaqları; 7-ci hissəsinə əsasən təbiətin mühafizə, təbii-qoruq, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları dövlət mülkiyyətidə saxlanılan torpaqlardır. Hər kəsə məlum bir məsələdir ki, həmin ərazi SSRİ illərindən halhazıradək əkilib becərilməyən meşı fonduna aid torpaqlardır. Həmin dövlət aktının 4-cü səhifəsində yerləşən ərazinin cizgi planında görünür ki, cizgi planı qərar verən bələdiyyəyə və DTK-nin Tərtər şöbəsi tərəfindən hazırlanmış və təsdiq olunmuşdur. Ancaq AR Prezidentinin xx.xx.1997 tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 6-cı bəndinə əsasən bütövlükdə dövlət aktını Yerquruluşu Layihə İnstitutu hazırlayır; qeydiyyatdan keçirdib Dövlət Yerquruluşu Layihə İnstitutunun möhürü və rəhbərinin imzası ilə təsdiqlənib mülkiyətçisinə verilməsi üçün AR Dövlər Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunur. Mübahisəli qərara əsasən 3-cü şəxsə verilmiş JN- 0693 saylı dövlət aktının nə qeydiyyat nömrəsi, nə də tarixi (qeydiyyatı) yoxdur. Dövlət aktının qaiməsindən görünür ki, Yerquruluşu Layihə İnstitutunun möhürü ilə təsdiqlənməyib, rəhbərin də adı soyadı yazılmayıb. Başqa dövlət aktlarındakı imzalarla müqayisədən də görünür ki, dövlət aktındakı imza həmin ərəfədə Yerquruluşu Layihə İnistitutunun rəhbəri olmuş F.Cəfərovun imzası deyildir. Dövlət aktının 3-cü səhifəsində yerləşən torpaq sahəsinin plan cizgisində qonşu sərhədlərin koordinatları da yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021 tarixli 2-1(114)-35/2021 saylı qərardadı əsasında aparılan ekspertizanın nəticəsi olaraq hazırlanan Mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş 1-ci sualdan qeyd edilmişdir ki, 1.Tərtər rayon Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004 tarixli 10 nömrəli qərarına əsasən 3-cü şəxs X3 maşınlara texniki xidmət məqsədilə Tərtər rayonu Bəyimsarov kəndində ayrılıb verilən 0.03 ha torpaq sahəsinin ilkin yerquruluşunda qeyd edilmiş koordinatları "Torpaq mülkiyyəti hüququna dair" JN-0693 kod 61100028 nömrəli dövlət aktına düzgün qeyd edilmişdirmi? Mütəxəssis rəyinin araşdırmanın nəticəsi olaraq müəyyən edilən 1-ci sualın cavabı olaraq qeyd edilmişdir ki, 1.Məlumat üçün bildiririk ki, Tərtər rayon Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004.tarixli 10 nömrəli qərarına əsasən 3-cü şəxs X3 maşınlara texniki xidmət məqsədilə Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən ayrılıb verilən 0.03 ha torpaq sahəsinin ilkin yerquruluşu planında ayrılmış torpaq sahəsinin istinad nöqtəsi dəqiq ölçüləri və koordinatları olmadığından mütəxəssis qarşısında qoyulmuş sualı cavablandırmaq mümkün olmadı. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Yevlax rayonunun ərazisinə aid olduğundan, hətta Tərtər rayonu ərazisinə aid olmuş olsaydı belə yenə də dövlət torpaqları kateqoriasına aid olduğuna görə cavabdeh bələdiyyənin həmin torpaq sahəsinə sərəncam vermək və satmaq səlahiyyəti olmadığına görə cavabdeh Tərtər rayonu Bəyimsarov Bələdiyyəsinin 3-cü şəxsə 0.03 ha torpaq sahəsininayrılmasına dair xx.xx.2004. tarixli 10 saylı qərarı əsasında cavabdehlə üçüncü şəxs arasında mübahisəli 0.03 ha torpaq sahəsinə dair hüquq münasibəti yaranmamışdır. Hüquq münasibəti yaranmadığına görə DT və XK və onun Yerquruluşu Layihə İnistitutu üçüncü şəxsə nə dövlət aktıvermiş, nə də naturada mərzləyərək torpaq sahəsini ayırmamışdır. Bundan sonra 3-cü şəxs Emin Hüseynovun və bələdiyyənin qarşısında öhtəlikli qalan DT və XKnin Tərtər rayon şöbəsi qanunsuz əmələ əl adıb dövlət aktını özü tərtib etmiş və özbaşınalıq edərək səlahiyyət həddini aşıb ərazidə süni şəkildə GPS aparatı ilə koordinatlara götürülmüşdür. Qeyd olunan səbəblərə görə də mübahisəli 0.03 ha torpaq sahəsinin ilkin yerquruluşu planında nə istinad nöqtəsi, nə ölçüləri, nə də kordinatları qeydə alınmamışdır. Yuxarıda qeyd olunanları (dövlət aktının qüsurlarının və mütəxəssis rəyinin) əsasında hesab edirik ki, Tərtər rayonu Bəyimsarov kəndində yerləşən, Bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan cavabdeh Bəyimsarov Bələdiyyəsinin xx.xx.2004 tarixli 10 saylı qərarı ilə üçüncü şəxs X3 0.03 ha torpaq sahəsinin ayrılmasında ifadə hüquq münasibəti mövcud deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı iş üzrə iddiaçı İnzibati Prosessual Məcəlləsinin 36-cı maddəsində qeyd olunan müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllədə müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü - 1.hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2.inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3.artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İddia ərizənin məzmunundan aydın olur ki, iddiaçının əsas məqsədi, niyyəti üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata əsas olmuş cavabdehin xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarının ləğvidir. Bununla bağlı isə ən təsirli və effektiv iddia həmin qərar məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı iddiadır. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli sərəncamında İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək hüquqi marağına uyğun dəqiqləşdirilmiş, “xx.xx.2004-cü il tarixli 10 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia qaldırılması və buraxılmış müddətin bərpasına dair ərizə təqdim etməsi, yəni qeyd olunan nöqsanların aradan qaldırılması təklif edilmişdir. Məhkəmənin sərəncamı xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçıya edilən yardıma baxmayaraq məhkəmənin sərəncamında göstərilən tələblər onun tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Tərtər rayon Bəyimsarov bələdiyyəsinə qarşı Yevlax şəhəri Bakı prospekti 27 ünvanında yerləşən torpaq sahəsindən X3 maşınlara texniki xidmət məqsədilə 0,03 ha torpaq sahəsinin verilməsində ifadə olunan münasibətinin mövcud olmamasının müəyyən edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar