Məhkəmə qərarları › İş №2-1(114)-2023/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2023/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2023/2025 03.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kırimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1982-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

2. 07.05.1985-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına və Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-13RA/2-Ə-81-1/2024 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1984-cü il tarixli 118-k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən Azərbaycan Dağ Mədən Kombinatında tornaçı köməkçisi (şagirdi) işinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli 101k nömrəli əmrlə xx.xx.1985-ci il tarixdən 2-ci dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixli 61k nömrəli əmrlə xx.xx.1986cı il tarixdən 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirilmiş, xx.xx.1986-cı il tarixli 91k nömrəli əmrlə xx.xx.1986-cı il tarixdən Quşçu asma kanat yolu sexinə 2-ci dərəcə ilə vaqon itələyən vəzifəsinə dəyişdirilmiş, xx.xx.1990-cı il tarixli 63k nömrəli əmrlə xx.xx.1990-cı il tarixdən Quşçu asma kanat yoluna 3-cü dərəcə ilə növbətçi çilingər vəzifəsinə dəyişdirilmiş, xx.xx.1999-cu il tarixli 37-1k nömrəli əmrlə xx.xx.1999-cu il tarixdən həmin sexə 4-cü dərəcə ilə növbətçi çilingər vəzifəsinə dəyişdirilmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Departamentinin xx.xx.2001-ci il tarixli 214 nömrəli Sərəncamına əsasən Azərbaycan Dağ Mədən Kombinatı "xxxx" ASC adlandırılmış, xx.xx.2021-ci il tarixli 01k nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğvi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-222243/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pənsiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə kəçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və maik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün onun güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

4. Məhkəmənin icraatında olan analoji 2-1(114)-3829/2025 nömrəli iş üzrə məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21- 2-18/2-63638/2025 saylı məktuba əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli 214 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan Dağ-mədən Filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. “Dağ-mədən və metallurgiya sahəsində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 522s saylı Sərəncamları ilə "xxxx" ASC ləğv edilmişdir. II. Məhkəmədə icraat

5. İddiaçı X1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqda qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, (Azərbaycan Dağmədən Filizsaflaşdırma kombinatı) Daşkəsən rayonu "xxxx" ASC-də xx.xx.1984-cü il tarixdən xx.xx.2021-ci il tarixədək çilingər vəzifələrində çalışmışdır. Hazırda o, güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün cavabdeh orqana müraciət etmiş, ona imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənnin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün onun güzəştli iş stajını müəyyən etmək mümkün deyil. O, bu imtina ilə razı deyil və imtina onun konstitusion hüquqlarını pozur. Belə ki, onun işlədiyi vəzifənin hər ili güzəştli şərtlərə aiddir və o, bu barədə cavabdeh orqanan əmək kitabçası və arxiv arayışı təqdim etmişdir. Cavabdeh orqan bu sənədlər əsasında ona pensiya təyin edə bilərdi. Lakin, formal mülahizələr əsasında ona imtina verilmişdir. Belə ki, onun əmək kitabçası və arxiv arayışında göstərilən çiligər vəzifəsi, bilavasitə dağ-mədən yerlərində icra edildiyi üçün və Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 1.1.2-ci bəndində müxtəlif fələ peşələrinin (dağ-mədən fəhlələri) təsbit olunduğu nəzərə alınarsa onun icra etdiyi çilingərlik vəzifəsinin həmin fəhlə peşələrinə uyğunluğu mübahisələndirilməli deyil. Beləliklə, onun işlədiyi müəssisənin fəaliyyət istiqaməti nəzərə alınmaqla qiymətləndirilməli və bunun nəticəsi olaraq işləmiş olduğu vəzifə Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda təsbit olunmuş vəzifə və peşələrə uyğun hesab edilməlidir. Göründüyü kimi, cavabdeh orqan ona qeyri-qanuni olaraq imtina vermişdir. Beləliklə, o, hüquqlarından istifadə edə bilmir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

18. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

19. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.

20. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1982-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet; - 07.05.1985-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-13RA/2-Ə-81- 1/2024 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-222243/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdrəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-18/2-63638/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

24. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) 1.1.3. 150 metr və aşağı olan dərinlikdə faydalı qazıntıların hasilatı üzrə kəsiklər (karxanalar) və mədənlər tam iş günü ərzində kəsiklərdə, karxanalarda və mədənlərdə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (yer səthində məşğul olanlardan başqa) 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) vaqonetçilər hava-kanat yolu vaqonetçiləri

26. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

28. İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur.

29. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da kapitalla bağlı həmin tələb ləğv edilmişdir.

30. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.

31. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan Dağ Mədən Kombinatında 2-ci dərəcəli elektrik çilingəri, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək həmin kombinatda 3-cü dərəcəli elektrik çilingəri, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Quşçu asma kanat yolu sexində 2-ci dərəcə ilə vaqon itələyən, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Quşçu asma kanat yolu sexində 3-cü dərəcə ilə növbətçi çilingər, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək həmin sexdə 4-cü dərəcə ilə növbətçi çilingər, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də 4-cü dərəcə ilə növbətçi çilingər işlədiyi vəzifələrin güzəştli iş stajına aid olmaması barədədir.

32. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının Azərbaycan Dağmədən Kombinatında zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 2-ci dərəcəli elektrik çilingəri; - xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 3-cü dərəcəli elektrik çilingəri, - xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək 2-ci dərəcə ilə vaqon itələyən; - xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcə ilə növbətçi çilingər; - xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək 4-cü dərəcə ilə növbətçi çilingər.

33. İddiaçının "xxxx" ASC-də zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4-cü dərəcə ilə növbətçi çilingər.

34. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, mübahisə iddiaçının Azərbaycan Dağmədən Kombinatında və "xxxx" ASC-də işlədiyi dövrdəki peşələrlə bağlıdır.

35. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

36. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

37. Məhkəmənin icraatında olan digər analoji işlərlə bağlı verilmiş sorğuya cavabı ilə müəyyən edilmişdir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli 214 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan Dağ-mədən Filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. “Dağ-mədən və metallurgiya sahəsində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 522s saylı Sərəncamları ilə "xxxx" ASC ləğv edilmişdir (12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-18/2-63638/2025 saylı məktubu).

38. Eyni zamanda, məhkəmə də müəyyən etmişdir ki, iddiaçının işlədiyi peşələrdən, elektrik çilingəri və vaqon itələyən peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 1) nəzərdə tutulmuşdur.

39. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.

40. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

41. Göründüyü kimi, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.

42. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

43. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

44. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

45. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

46. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar