Məhkəmə qərarları › İş №2-1(114)-2025/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2025/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2025/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və yenidən hərbi xidmətə qəbulun məqsədəuyğun hesab olunması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2017-ci il tarixdə 20016-cı il Tərtər hadisələri ilə bağlı N nömrəli hərbi hissədə müvafiq yoxlama aparılaraq «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinin «e» yarım bəndi tətbiq edilməklə Bərdə hərbi korpusunun komandanlığı tərəfindən qəbul edilmiş hərbi xidmətə uyğunsuzluqla bağlı əmrin əsassız hesab edilərək ləğv edilməsinə və yenidən hərbi xidmətə qəbulunun məqsədəuyğun hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Tərtər rayonu İsmayılbəyli kəndində yerləşən N saylı hərbi hissədə zenit raket artilleriya batareyasına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək kurs keçmiş və yenidən hərbi hissəyə qayıdaraq işləmiş, xx.xx.2017-ci il tarixdə barəsində 2016-cı il Tərtər hadisələri ilə bağlı N nömrəli hərbi hissədə müvafiq yoxlama aparılaraq «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinin «e» yarım bəndi tətbiq edilməklə Bərdə hərbi korpusunun komandanlığı tərəfindən qəbul edilmiş hərbi xidmətə uyğunsuzluqla bağlı əmrlə əməlində heç bir hüquqa zidd hərəkət və hərəkətsizlik aşkar edilmədiyi halda işdən çıxarılmış, Tərtər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi biletində bununla bağlı qeyd yazılmışdır. Himayəsində üç övladı olmaqla beş nəfərdən ibarət ailə tərkibi var. Ailəyə yeganə qazanc gətirən şəxs kimi və hazırda heç bir yerdə işləmir. Əvvəlki işinə bərpa olunmasına ehtiyacı var. Ailəsinin maddi, sosial təminatının yaxşılaşdırılması üçün əvvəlki işinə qaytarılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 20/2263 nömrəli məktubla bundan imtina edilmişdir. Ona görədə məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı və onun nümayəndəsi iddianın mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının və onun nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə: Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Lakin iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırılmamışdır. Belə ki. iddiaçı xx.xx.2017-ci il tarixdə işdən azad olunmasına baxmayaraq məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. N ə t i c ə h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və yenidən hərbi xidmətə qəbulun məqsədəuyğun hesab olunması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim:Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar