Məhkəmə qərarları › İş №2-1(114)-2026/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2026/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2026/2021 10.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 20.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Kirovabad” (Gəncə) X2 İcraiyyə Komitəsinin 28.11.1987-ci il tarixli, 19 saylı protokolu əsasında 3 nömrəli Tikinti-quraşdırma trestinin rəhbərliyi və həmkarlar ittifaqı təşkilatının birgə qərarı əsasında ona Gəncə şəhəri “Qırmızıkənd” ərazisindən “İnşaatçı” bağçılıq yoldaşlığı birliyinin üzvü olaraq verilmiş və 34 il istifadəsində olmuş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı sovetlər birliyi dönəmində və Müstəqil Azərbaycan dövründə ixtisasına uyğun olaraq müxtəlif tikinti trestlərində işləmiş, 3 nömrəli Kirovabad (Gəncə) Tikinti-Quraşdırma trestində işlədiyi zaman Azərbaycan SSR Nazirlər sovetinin müvafiq qərarına uyğun olaraq ölkənin şəhər və rayonlarında Bağçılıq yoldaşlıq Birlikləri yaradılmışdır. Həmin qərara müvafiq olaraq sözügedən birliklər Gəncə (Kirovabad) şəhərində fəaliyyət göstərən zavodlarda, fabriklərdə, trestlərdə, idarə, müəssisə və təşkilatlarda, idarə, müəssisə və təşkilatları rəhbərlərinin və yerli həmkarlar ittifaqı təşkilatlarının keçirdikləri təsis iclaslarının birgə qərarı əsasında qüvvəyə minmiş və iddiaçının işlədiyi 3 nömrəli tikinti quraşdırma trestində isə “İnşaatçı” Bağçılıq yoldaşlığı birliyi yaradılmış, trestin müvafiq sayda qabaqcıl işçiləri ilə birlikdə iddiaçı da həmin birliyə üzv qəbul olunmuşdur. Şəhərdə yaradılmış çoxsaylı birliklərə müxtəlif ərazilərdən, iddiaçının işlədiyi trestə isə Gəncə şəhərinin “Qırmızıkənd” adlanan ərazidən istifadəsiz boş torpaqlardan hər bir birlik üzvünə 0,045 ha olmaqla torpaq sahəsi ayrılmışdır. Hər bir bağçılıq yoldaşlığı birliyinin üzvü həmin torpaqlar üzərində fərdi yaşayış evi inşa etmiş, buna isə heç bir orqan tərəfindən etiraz edilməmiş və maneə törədilməmişdir. İddiaçı da evsizlik problemini aradan qaldırmaq məqsədilə ona ayrılmış və hazırda Gəncə şəhəri “Qırmızıkənd” ərazisi ilə Avtozavoda gedən yoldan biraz aralıda yerləşən 450 kv.m sahədə (18x25 metr ölçüdə olan) və 55 nömrəli sırada fərdi yaşayış evi inşa etmişdir. Son 34 ildə torpaq vergisini, kommunal xərclərini öz vaxtında ödəmişdir. Belə olduğu halda Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericilik aktlarının uyğun olaraq hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunauyğun haldır. İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı 21.10.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 08.10.2021-ci il tarixli, **********782 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı “İnşaatçı” Bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmiş, həmçinin torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı sənədin vətəndaş tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş X3 Filialının 26.06.2021-ci il tarixli 786(229)/3 nömrəli arxiv arayışından görünür ki, “Kirovabad” (Gəncə) X2 İcraiyyə Komitəsinin 28.11.1987-ci il tarixli, 19 saylı iclas protokolu ilə 3 nömrəli tikinti quraşdırma trestində bağçılıq yoldaşlığı birliyinin yaradılması üçün “Qırmızıkənd” adlanan ərazidən 9 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş “İnşaatçı” bağçılıq yoldaşlığının qərarından görünür ki, 28.11.1987-ci il tarixli, 19 saylı protokol əsasında “Qırmızıkənd” ərazisindən bağçılıq üçün birliyin üzvü İddiaçı bağ evi üçün 450 kv.m torpaq sahəsi ayrılmışdır. -surəti işə əlavə edilmiş “İnşaatçı” bağçılıq yoldaşlığının 23.07.2021-ci il tarixli 55 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən “İnşaatçı” bağçılıq yoldaşlığının üzvüdür, ona verilmiş torpaq sahəsi “Kirovabad” Şəhər X2 İcraiyyə Komitəsinin 28.11.1987-ci il tarixli qərarının 19 saylı protokolu əsasında “Qırmızıkənd” ərazisindən ayrılmış torpaqdan verilmişdir, torpaq sahəsinin ölçüləri 18x25m və ya 450 kv.m, sıra sayı 55-dir. -surəti işə əlavə edilmiş 3 nömrəli Tikinti-X1 yoldaşlığına üzv olan fəhlə və qulluqçuların siyahısından görünür ki, İddiaçı adı həmin siyahıda 27-ci sırada qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 07.09.2021-ci il tarixli, **********92 nömrəli bildirişindən görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Kirovabad” (Gəncə) X2 İcraiyyə Komitəsinin 28.11.1987-ci il tarixli, 19 saylı iclas protokolu ilə 3 nömrəli tikinti quraşdırma trestində bağçılıq yoldaşlığı birliyinin yaradılması üçün “Qırmızıkənd” adlanan ərazidən 9 ha torpaq sahəsinin ayrılması qərara alınmış, daha sonra “İnşaatçı” bağçılıq yoldaşlığının müvafiq qərarına əsasən birliyin üzvü olaraq iddiaçıya bağ evinin tikintisi üçün 450 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi “İnşaatçı” bağçılıq yoldaşlığı birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi və torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı sənədin təqdim edilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, “İnşaatçı” bağçılıq yoldaşlığının üzvü olaraq iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmış və iddiaçı də təyinatı üzrə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, “İnşaatçı” bağçılıq yoldaşlığı birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmişdir. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. İstinad olunan Sərəncamdan göründüyü kimi ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi bu sahədə müvafiq səlahiyyətli quruma həvalə edilmişdir. Bu səbəbdən də, “İnşaatçı bağçılıq yoldaşlığı birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsini əsas gətirərək cavabdeh tərəfindən iddiaçının hüquqlarının məhdudlaşdırılması qanunsuz olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı sözügedən torpağı müvafiq orqanının qərarı əsasında, yəni qanuni əsaslarla əldə etmişdir və həmin qərar hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı sənədin təqdim edilməməsi iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Beləliklə göründüyü kimi mövcud qanunvericiliyin tələblərinə əsasən qanuni əsaslarla əldə edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilər. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “Kirovabad” (Gəncə) X2 İcraiyyə Komitəsinin 28.11.1987-ci il tarixli, 19 saylı protokolu əsasında 3 nömrəli Tikinti-quraşdırma trestinin rəhbərliyi və həmkarlar ittifaqı təşkilatının birgə qərarı əsasında ona Gəncə şəhəri “Qırmızıkənd” ərazisindən “İnşaatçı” bağçılıq yoldaşlığı birliyinin üzvü olaraq İddiaçı verilmiş 450 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar