Məhkəmə qərarları › İş №2-1(114)-2028/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2028/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2028/2021 26.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 06.10.2021-ci il tarixli 649-05/13 nömrəli məktubuna əlavə edilmiş 22.03.2000-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı 24 iyun 1999-cu il tarixdə Bərdə rayonu, Qaratəpə kəndində anadan olmuş, bununla əlaqədar İ-AZ 184524 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. İ-AZ 184524 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1997-ci il (doğum ili rəqəmlə yanaşı həm də sözlərlə “bir min doqquz yüz doxsan yeddinci ildə” kimi yazılmışdır) tarixdə Bərdə rayonu, Qaratəpə kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 22.03.2000-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən və həmin vəsiqəyə aid olan fərdi uçot kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, İ-AZ 184524 nömrəli “Doğum haqqında şəhadətnamə” əsasında xx.xx.1997-ci il tarixdə Bərdə rayonu, Qaratəpə kəndində doğulmuş İddiaçı AZE ******** nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdeh 31.08.2021-ci il tarixli 573-05/15 nömrəli məktubu ilə İddiaçı doğum haqqında akt qeydində doğum tarixinin “24.06.1999”-dan “xx.xx.1997”-yə dəyişdirilməsi barədə müraciətindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq doğum tarixinin dəyişdirilməsinə kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İmtinanı əsassız hesab edən İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun dövlət qeydiyyatında 24.06.199-cu il tarixdən xx.xx.1997-ci ilə Bərdə rayonu Qaratəpə kəndində anadan olmağına dair dövlət qeydiyyatında düzəliş edilməsi vəzifəsinin Cavabdeh üzərinə vəzifə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək doğum akt qeydində düzəliş edilərək doğum tarixinin xx.xx.1997-ci il kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə Bərdə rayonu, Qaratəpə kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi və digər sənədlər xx.xx.1997-ci ildə doğulmağını təsdiq edir. Buna baxmayaraq, Cavabdehndə onun doğum tarixi 24.06.1999-cu il kimi qeyd edilmişdir. Həmin qeydin düzəlməsi üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina verərək bildirmişlər ki, həmin qeydin düzəldilməsi üçün məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İ-AZ 184524 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti; - AZE ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh 31.08.2021-ci il tarixli 573-05/15 nömrəli imtina məktubu; - Bərdə rayon Polis şöbəsinin 05.10.2021-ci il tarixli 33521 nömrəli məktubu və ona əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə aid olan fərdi uçot kartoçkasının təsdiq olunmuş surəti; - Cavabdeh 06.10.2021-ci il tarixli 649-05/13 nömrəli məktubu və ona əlavə edilmiş 22.03.2000-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surəti. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçılar İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxx 1997-ci il tarixdə Bərdə rayonu, Qaratəpə kəndində anadan olmasına dair verilən İ-AZ 184524 nömrəli “Doğum haqqında şəhadətnamə”də iddiaçının doğum ili rəqəmlə yanaşı həm də sözlərlə “bir min doqquz yüz doxsan yeddinci ildə” kimi yazılmışdır. Həmin doğum haqqında şəhadətnamə əsasında Bərdə rayon Polis şöbəsi tərəfindən 12.02.2015-ci il tarixdə iddiaçıya AZE ******** nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin şəxsiyyət vəsiqəsində də iddiaçının doğum tarixi xx.xx.1997-ci il kimi göstərilmişdir. Lakin Cavabdeh 06.10.2021-ci il tarixli 649-05/13 nömrəli məktubuna əlavə edilmiş 22.03.2000-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydində iddiaçının doğum tarixi “24 iyun 1999-cu il” kimi göstərilmişdir. Məhkəmə iş üzrə əldə edilmiş sübutları tam, hərtərəfli və obyektiv təhlil edərək, eyni zamanda 22.03.2000-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydi ilə İ-AZ 184524 nömrəli “Doğum haqqında şəhadətnamə”nin eyni inzibati orqan tərəfindən verilməsini nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan doğum aktı qeydindəki səhvin düzəldilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, doğum haqqında akt qeydində doğum ili sadəcə rəqəmlə yazıldığı halda doğum haqqında şəhadətnamədə doğum ili həm rəqəmlə, həm də sözlərlə yazılmışdır. Bundan başqa, iddiaçıya və onun valideynlərinə (iddiaçı azyaşlı və yetkinlik yaşına çatmadığı dövrlərdə) İ-AZ 184524 nömrəli “Doğum haqqında şəhadətnamə”dəki düzgün yazılan doğum ili məlum olmuş, habelə iddiaçının şəxsiyyət vəsiqəsində də doğum ili 1997-ci il kimi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 166.4-cü maddəsinə əsasən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi; - cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 9-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 11-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. - 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş edilməsi ilə bağlı tənzimləmə mövcuddur. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə və ya qeyddə qeyri-düzgün məlumatlar göstərilmişsə, həmin akt qeydlərinə düzəliş edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.4-cü maddəsinə əsasən doğum haqqında məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bundan başqa, cavabdeh inzibati orqan vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsindən və ona dəyişikliklər edilməsindən imtina etdiyi halda, imtinanın səbəblərini əsaslandırmaqla ərizə verən şəxsə yazılı məlumat verilməlidir. Hazırkı inzibati mübahisə üzrə cavabdeh ərizəçiyə ünvanlandığı 31.08.2021-ci il tarixli 573-05/15 nömrəli məktubunda imtinanın səbəblərini əsaslandırmadan, sadəcə olaraq “kifayət qədər əsaslar olmadığını” qeyd etmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu isə ona dəlalət edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı olduğu halda, bunu etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 22.03.2000-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək doğum tarixinin xx.xx.1997-ci il kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı 22.03.2000-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək doğum tarixinin xx.xx.1997-ci il kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar