Məhkəmə qərarları › İş №2-1(114)-2029/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2029/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2029/2025 15.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024cü il tarixli, 3-21-2-17/2-24822/2024 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-24822/2024 saylı qərarının ləğv olunmasına və vergi borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-24822/2024 saylı qərarı ilə 573.934,29 manat vergi borcunun olması qərara alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-24822/2024 saylı qərarını belə əsaslandırmışdır ki, 2023-cü il üzrə bəyannamə və hesabat təqdim edilmədiyinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və sığorta haqqı olaraq 573.934,29 manat vergi məbləği hesablanmışdır. Sözügedən idarənin xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-24822/2024 nömrəli qərarı ilə razılaşmır. Əvvəla bildirir ki, sözügedən qərarın qəbul edilməsindən məlumatı olmamışdır. Həmin qərarın hansı Qanuna əsasən borcunun yaranması və hansı əsasla vergidən yayınması barədə heç bir qeyd yoxdur. Ümumiyyətlə qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. Həmçinin o, 2021-ci ilin axırlarından ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Bundan başqa, əvvəlki illərə dair hazırkı iş üzrə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona hesablanmış borc məbləğlərinin ləğv edilməsi və qərarın ləğvi barədə iddiaları məhkəmlər tərəfindən təmin edilmiş və sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2024cü il tarixli, 2-1(102)-943/2024 saylı qərarı ilə hesablanmış vergi borcu silinmişdir. Sadalananlara əsasən hesab edir ki, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-24822/2024 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz verilmiş və etirazda İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə zidd olduğundan rədd edilməlidir. Belə ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2016ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növünün “Meyvə və tərəvəzin topdansatışı” digər fəaliyyət növünün isə “Malların saxlanması və anbarlara yığılması üzrə - 2 - fəaliyyət” növü olduğu, xx.xx.2021-ci il tarixdə “Anbar” adlı təsərrüfat subyektinin vergi orqanında uçota qoyulduğu, xx.xx.2022-ci il tarixdə isə həmin təsərrüfat subyektinin bağlandığı müəyyən edilmişdir. Yük-gömrük bəyannamələrinə və uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı tərəfindən 2021-ci ildə 64362744,10 manat dəyərində malların ixrac edildiyi, həmin dövrdə X2 (VÖEN: **********) 2021-ci ilin 30 və 31 dekabr tarixlərində əldə etdiyi elektron qaimə-fakturalar əsasında 60015298,06 manat dəyərində malların alındığı, lakin təqdim edilmiş 2021-ci il gəlir vergisi bəyannaməsində uçot metodu kassa metodu olmaqla əldə edilmiş gəlirin 47274340,39 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclərinin 48340642,25 manat göstərildiyi, xx.xx.2022-ci il tarixə mal qalığının olmadığı,1066301,86 manat məbləğində zərərin yarandığı, 2021-ci ilin sonuna 17088403,48 manat debitor borcunun olduğu göstərilmişdir. Yəni vergi ödəyicisi 2021-ci il ərzində ********.25 manat xərc çəkməklə ixrac etdiyi ********.10 manat dəyərində malların 47274340,39 manat hissəsinin ona ödənildiyini, 17088403,48 manat hissəsinin isə ödənilmədiyini, daha sadə dildə desək 17088403,48 manat alacağının olduğunu bəyan etmişdir. Bundan sonra vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim etdiyi gəlir vergisi bəyannaməsində uçot metodu kassa metodu olmaqla əldə edilmiş gəlirin 1008,01 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclərinin 138235,61 manat göstərildiyi, xx.xx.2023-cü il tarixə mal qalığının olmadığı, 137227,60 manat məbləğində zərərin yarandığı, 2022-ci ilin sonuna 17218028,82 manat (17088403,48+129625,34) debitor borcunun olduğu göstərilmişdir. Vergi ödəyicisi İddiaçı sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq subyekti olduğundan 2022-ci ilin yanvarın 1-dək debitor və kreditor borcları barədə formasını vergi orqanına təqdim etməli olduğu halda təqdim etməmişdir.Beleliklə də vergi ödəyicisi 2022-ci ilin yanvar ayının 1-dən etibarən kassa metodu ilə uçot aparmaq hüququnun olmaması səbəbindən hesablama metodu ilə uçot apararaq debitor borclarını gəlir kimi bəyan etməli olduğu halda 2023-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Odur ki, vergi ödəyicisi tərəfindən 2023-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37.4-cü, 67.1-ci, 67.14-cü və 83.9-cu maddələrinin tələblərinə əsasən 2023-cü il üçün vergi ödəyicisin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 2 oktyabr 2024-cü il tarixli 3-21-2-17/2-20051/2024 nömrəli məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən bundan sonra da 2023-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37.4-cü, 67.1-ci, 67.14-cũ və 83.9-cu maddələrinin tələblərinə əsasən 573934.29 manat gəlir vergisinin hesablanması barədə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-24822/2024 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan 2021-ci il üzrə gəlir vergisinin bəyannaməsində görünür ki, İddiaçı malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 47,274,340.39 manat miqdarında gəlir əldə etmişdir. 2022-ci il üzrə gəlir vergisinin bəyannaməsində görünür ki, İddiaçı malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 1,008.01 manat miqdarında gəlir əldə etmişdir. xx.xx.2022-ci il tarixli arayışda görünür ki, vergi ödəyicisi İddiaçı fəaliyyət və əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. 02 oktyabr 2024-cü il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda görünür ki, 2023-cü ilin gəlir vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə kameral vergi yoxlamasının aparılması mümkün olmaması səbəbi ilə zəruri sənədlər tələb olunmuşdur. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-24822/2024 saylı qərarında görünür ki, İddiaçı 2023-cü ilin gəlir vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 573.934,29 manat məbləğ müəyyən edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubunda görünür ki, məlumat uçot bazasına əsasən vergi ödəyicisinin fəaliyyəti xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmış və hal-hazırda da fəaliyyəti dayandırılmış vəziyyətdədir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-24822/2024 saylı qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 6.1.1-ci maddəsinə görə, fiziki şəxslərin gəlir vergisi dövlət vergilərinə aiddir. 11-ci maddəsinə əsasən, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 36.1-ci maddəsinə görə, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 67.1-ci maddəsinə görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (28 dekabr 2023-cü ilədək qüvvədə olmuşdur). 67.17-ci maddəsinə əsaasən, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 83.2-ci maddəsinə görə, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (28 dekabr 2023-cü ilədək qüvvədə olmuşdur). İşin hallarından görünür ki, İddiaçı xx.xx.2016-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “Meyvə və tərəvəzin topdansatışı” olmuş, xx.xx.2022-ci il tarixdə fəaliyyətini müəyyən müddətə dayandırmışdır. Vergi ödəyicisi tərəfindən 2023-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən 2023-cü il üçün vergi ödəyicisinin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 2 oktyabr 2024-cü il tarixli 3-21-2-17/2-20051/2024 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün 573.934,29 manat gəlir vergisinin hesablanması barədə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" barədə xx.xx.2024-cü il tarixli, 3-21- 2-17/2-24822/2024 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı tərəfindən təqdim edilmiş 2021-ci il gəlir vergisi bəyannaməsində əldə edilmiş gəlirin 47274340,39 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclərinin 48340642,25 manat, xx.xx.2022-ci il tarixə mal qalığının olmadığı,1066301,86 manat məbləğində zərərin yarandığı, 2021-ci ilin sonuna 17088403,48 manat debitor borcunun olduğu göstərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim etdiyi gəlir vergisi bəyannaməsində əldə edilmiş gəlirin 1008,01 manat, gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclərinin 138235,61 manat, xx.xx.2023-cü il tarixə mal qalığının olmadığı, 137227,60 manat məbləğində zərərin yarandığı, 2022-ci ilin sonuna 17218028,82 manat debitor borcunun olduğu göstərilmişdir. Göründüyü kimi vergi ödəyicisinin 2022-ci ilin sonuna debitor borcu olmuşdur. Lakin iddiaçı tərəfindən debitor borclarını gəlir kimi bəyan etməli olduğu halda 2023-cü il üçün gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bundan başqa iddiaçının iddiasının əsası kimi göstərdiyi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq etməsi bağlı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 1-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1 və 6.1.3-cü bəndlərinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi Məcəlləsinin 83.9-cu maddəsi 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmiş və həmin Qanun 28 dekabr 2023cü il tarixdə qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq mənfəət vergisi dövrü 2023-cü ili əhatə edir. Ona görə də məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi maddi hüquq norması olmaqla 2023-cü ilin mənfəət vergisi hesablanarkən tətbiq edilə bilər. Həmçinin Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, vergi orqanı vergi ödəyicisinin əldə etdiyi gəliri müəyyən etmək mümkün olmadığı halda, gəliri birbaşa şərti rentabellik tətbiq etməklə hesablaya bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq etməklə heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024cü il tarixli, 3-21-2-17/2-24822/2024 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar