Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-203/2023 11.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinə qarşı xüsusi icazənin verilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xüsusi icazə verməklə bağlı vəzifə qoyulması, cavabdehin şikayətçinin müraciətinə cavab verməməsini, əvvəllər verdiyi cavablarda xüsusi icazə verilməsindən imtina edilməsinin qanunsuz sayılmasını, bu imtinanın Avropa İnsan Hüquqları Konvensiyasının 10 və 14-cü maddəsinin pozuntusu kimi tanınması və digər fiziki və hüquqi şəxslərə xüsusi icazə verərək onların bu xüsusi icazəni satması fonunda şikayətçiyə dəyən mənəvi zərərə və şikayətçinin 5 ay ərzində özünü ifadə edərək yaradılıcılıqla məşğul olaraq qazana biləcəyi vəsaitin itirilməsi əsasında dəymiş maddi zərərə görə 10.000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9586/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin yanvar ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək ölkəyə DJİ MavicPro marka və modelli pilotsuz uçan aparatın gətirilməsi üçün icazə istəyib, eyni zamanda "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanı ilə təsdiqlənmiş mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının 17-ci bəndində göstərilən məsafədən idarə edilən pilotsuz uçan aparatları üçün rəyləri nəzərə alınacaq digər dövlət qurumlarına da müraciət edib. Həmin dövlət qurumlarının verdikləri cavablarda qeyd olunur ki, rəylərin aidiyyəti qurumlardan toplanması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinə həvalə olunmuşdur, bu rəy tələb olunarsa, Agentliyə təqdim olunacaqdır. Cavabdeh Dövlət Mülki Aviasiya Agentliyindən iddiaçı ilə telefon əlaqəsi saxlayaraq əlavə texniki məlumatlar barədə məlumat alınmış, iddiaçı müvafiq texniki məlumatlar barədə cavahdehi məlumatlandırmışdır. Lakin cavabdeh 2018-ci ildən bu günə qədər iddiaçı tərəfindən göndərilmiş müraciətlərə nə müsbət rəy verməmiş, nə də bəzi hallarda ümumiyyətlə cavab verməmişdir. Sonuncu müraciətlə bağlı digər vətəndaşlara mənfi və müsbət cavab verildiyi halda cavabdeh iddiaçının ərizəsinə ümumiyyətlə cavab verməmişdir. İddiaçı idxal etmək istədiyi DJİ-Mavic Pro markalı və modelli pilotsuz uçan aparatla Azərbaycanın müxtəlif regionlarında təbiətdə foto və videolar çəkmək, bununla yaradıcılıqla məşğul olmaq, uğurlu və keyfiyyətli kadrları internet resurslarında foto və video saytlarında satmaqla gəlir əldə etməyi planlaşdırırdı. Cavabdehin xüsusi icazə verməməsi onu həm yaradıcılıq, özünü ifadə etmək imkanlarından məhrum etmiş, həm də əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında vəsatət təqdim edərək bildirmişdir ki, “X3” MMC tərəfindən 2022-ci ilin 17 yanvar tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlanmış və “DJİ Mavic Air” markalı pilotsuz uçan aparatın (PUA) istifadəsi üçün icazə verilməsi xahiş edilmiş və həmin müraciət icra üçün 2022-ci il 19 yanvar tarixində RİNN tərəfindən DMAA-ya yönləndirilmişdir. Müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı müraciətin, “X3” MMC tərəfindən edildiyini və PUA-nın markasının fərqli olduğunu nəzərə alaraq, İddiaçı tələb üzrə birbaşa subyektiv hüququ yaranmır və DMAA hazırki müraciətə cavab verməli deyildir. Qeyd olunanları və inzibati icraatın “X3” MMC-nin müraciətinə əsasən aparıldığını nəzərə alaraq, İddiaçı DMAA-ya qarşı müfafiq tələbinin mümkün sayılmamalıdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixli iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, hazırki məhkəmə iclasına isə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İş materialları ilə müəyyən olunur ki, məhkəmədə hazırda baxılan iş üzrə inzibati icraat Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən “X3” MMC-nin müraciətinə əsasən aparılmış, bu səbəbdən də iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli sərəncam göndərilərək iddiaçının əsl iddiaçı “X3” MMC ilə əvəz edilməsi ilə bağlı ərizə təqdim etmək hüququ izah olunmuş və bunun üçün ona xx.xx.2023-cü il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək müvafiq ərizənin təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46 və 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan sərəncam iddiaçının ərizədə qeyd etdiyi ”Bakı şəhəri, C.Cabbarlı 44, Caspian Plaza 1/8 HHC” ünvanına xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmasına baxmayaraq iddiaçı müvafiq ərizə təqdim etməmiş, eləcə də məhkəmə iclasına gəlməmişdir. Beləliklə, iddiaçıya məhkəmənin müvafiq sərəncam göndərilməklə yardım göstərilməsinə baxmayaraq onun tərəfindən qanunun bu tələblərinin yerinə yetirilməməsini məhkəmə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi kimi qiymətləndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyinə qarşı xüsusi icazənin verilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-203/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-203/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver