Məhkəmə qərarları › İş №2-1(114)-2031/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2031/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2031/2020 05.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məmur hərəkətsizliyinin qarşısının alınması, qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli baxılmasının təmin edilməsi, vergi orqanı əməkdaşlarının yol verdiyi kobud hüquq pozuntularının obyektiv şəkildə araşdırılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış olmadan keçirilmiş yoxlamanın ləğv olunması, tərtib olunmuş aktlar əsasında çıxarılmış məsuliyyət qərarına əsasən ona tətbiq olunmuş 6957,85 (altı min doqquz yüz əlli yeddi manat, səksən beş qəpik) manat maliyyə sanksiyasının ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, məmur hərəkətsizliyinin qarşısının alınması, qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli baxılmasının təmin edilməsi, vergi orqanı əməkdaşlarının yol verdiyi kobud hüquq pozuntularının obyektiv şəkildə araşdırılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış olmadan keçirilmiş yoxlamanın ləğv olunması, tərtib olunmuş xx.xx.2020-ci il tarixli, VN seriyalı 003880 nömrəli və xx.xx.2020-ci il tarixli, VN seriylı 002841 nömrəli aktlar əsasında çıxarılmış məsuliyyət qərarına əsasən ona tətbiq olunmuş ümumi olaraq 7000 (şəxsi vərəqəsində artıq ödəmə olduğuna görə maliyyə sanksiyasının müəyyən hissəsi silinmiş, 6957,85 (altı min doqquz yüz əlli yeddi manat, səksən beş qəpik qalmışdır) manat maliyyə sanksiyasının və haqqında tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********6531 nömrəli və xx.xx.2020-ci il tarixli, **********6932 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, aktların və onlara əlavə edilmiş sənədlərin surətlərini aldıqdan sonra anası xəstə olduğu üçün onu İran İslam Respublikasına müalicəyə aparmışdır. İran İslam Respublikasından qayıtdıqdan sonra isə koronavirus pandemiyası ilə bağlı ölkədə və Gəncə şəhərində karantin rejimi tətbiq edildiyindən, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə iddia tələbi ilə müraciət edə bilməmişdir. Hesab edir ki, müddəti üzürlü səbəbdən buraxmışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********6531 nömrəli qərar cavabdehin xx.xx.2020-ci il tarixli, **********614100 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 15:00:58-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 21:29:08-də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, **********6932 nömrəli qərar isə cavabdehin xx.xx.2020-ci il tarixli, **********701400 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 17:16:52-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 18:48:53-də qəbul edilmişdir. Beləliklə iş üzrə iddiaçı X2 aid olan elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, xx.xx.2020-ci il tarixli, **********6531 nömrəli qərara münasibətdə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli **********6932 nömrəli qərara münasibətdə həmin inzibati aktınqərarın təqdim olunma tarixi xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilməmişdir. Belə olan halda vergi orqanının qərarlarının mübahisələndirilməsi üçün son gün xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixləri olmuşdur. Odur ki, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq hazırki iş üzrə iddia müddətini tətbiq edərək, mübahisələndirmə haqqında iddia ərizəsinin təqdim edilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddət ötürüldüyündən, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 35.3-cü maddəsinə müvafiq olaraq cavabdehin xx.xx.2020-ci il tarixli, **********6531 nömrəli və xx.xx.2020-ci il tarixli, **********6932 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə tələbinə dair İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə teleqram göndərmiş, səhhətində olan problemlə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd olunan hallı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən məlum olmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********6531 nömrəli qərar cavabdehin xx.xx.2020-ci il tarixli, **********614100 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 15:00:58-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 21:29:08-də qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, **********6932 nömrəli qərar isə cavabdehin xx.xx.2020-ci il tarixli, **********701400 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə, saat 17:16:52-də göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 18:48:53-də qəbul edilmişdir. Beləliklə iş üzrə iddiaçı X2 aid olan elektron kabinetinə göndərilmiş qərarları qəbul etməklə, xx.xx.2020-ci il tarixli, **********6531 nömrəli qərara münasibətdə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli **********6932 nömrəli qərara münasibətdə həmin inzibati aktın-qərarın təqdim olunma tarixi xx.xx.2020-ci il tarixləri olmuşdur. İddiaçı tərəfindən həmin qərarlardan Vergilər Nazirliyinə Apellyasiya Şurasına şikayət verilməmişdir. Belə olan halda vergi orqanının qərarlarının mübahisələndirilməsi üçün son gün xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixləri olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən qərarları – inzibati aktları qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək müddətin bərpa edilməsini xahiş etmiş, müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqələndirmişdir. Məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, elan olunmuş karantin rejimi vətəndaşların məhkəmələrə müraciət etməsinə maneə olmamış, karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin iddia ərizələrinin, şikayətlərinin qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə iddiaçı da göstərilən qaydalara uyğun olaraq inzibati orqanın qərarlarını qanunvericilikdə nəzərdə tutulan müddətdə mübahisələndirə bilərdi. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar