Məhkəmə qərarları › İş №2-1(114)-2031/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2031/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2031/2023 19.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Əgər oğlu və İddiaçı2 Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikah haqqında AZ-İ 081146 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 ilə İddiaçı2 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2004-cü il tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir.

2. xx.xx.2013-cü il tarixdə təkrar verilmiş doğum haqqında Vİ-MЮ 761575 nömrəli şəhadətnaməyə əsasən X9 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş və bu barədə Moskva VVADQ idarəsinin Lyublin VVAQ şöbəsində xx.xx.2006-cı il tarixdə 5322 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur.

3. Doğum haqqında AZ-İ 932584 nömrəli şəhadətnaməyə əsasən X11 xx.xx.2006-cı il tarixdə Tərtər rayonunda anadan olmuş və bu barədə Tərtər rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 211 nömrə ilə qeyd edilmişdir.

4. İddiaçı1 doğum haqqında akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin həmin şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/7-N-15-109/2023 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, X5 adına Rusiya Federasiyası Moskva şəhər VVADQ şöbəsindən xx.xx.2013-cü il tarixdə verilmiş Vİ-MЮ 761575 nömrəli doğum haqqında şəhadətnamədə doğum yeri “Rusiya Federasiyası Moskva şəhəri”, soyadı “Nəsirova” yazılmış, lakin Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum haqqında akt qeydində isə doğum yeri “Tərtər rayonu”, soyadı “Nəsirli” yazılmışdır. Doğum haqqında şəhadətnamələr təkrar olmadığı, aralarında ziddiyyət olduğu üçün (doğum yerləri və soyadı) Cavabdeh tərəfindən doğum haqqında akt qeydinin ləğv edilməsi mümkün deyildir. Doğum haqqında akt qeydinin ləğv edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.

5. Məhkəmənin sorğusu əsasında əldə edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum akt qeydində X8 xx.xx.2006-cı il tarixdə Tərtər rayonunda anadan olduğu göstərilmişdir.

6. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-1200/23 nömrəli məktubu ilə xx.xx.1976-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü Nəsirova (Nəsirli) Ofelya Afdandil qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır:

İddiaçı1: İddiaçı2: Nəsirova (Nəsirli) Ofelya:

Tarix İstiqamət xx.xx.2006 Giriş xx.xx.2006 Çıxış xx.xx.2007 Giriş xx.xx.2007 Çıxış xx.xx.2008 Giriş xx.xx.2008 Çıxış Tarix İstiqamət xx.xx.2006 Giriş xx.xx.2006 Çıxış xx.xx.2007 Giriş xx.xx.2007 Çıxış xx.xx.2008 Giriş xx.xx.2008 Çıxış Tarix İstiqamət xx.xx.2007 Giriş xx.xx.2007 Çıxış xx.xx.2008 Giriş xx.xx.2008 Çıxış xx.xx.2009 Giriş xx.xx.2009 Çıxış II. Məhkəmədə icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X5 adına Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum haqqında akt qeydinin və onunla bərabər doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 30 avqust 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahları Tərtər rayon Qaraqoyunlu kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 081146 №-li nikah haqqında şəhadətnamə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X9 adlı bir uşaqları doğulmuşdur. X1 adına Rusiya Federasiyası Moskva şəhər VVADQ şöbəsindən xx.xx.2013-cü il tarixdə verilmiş Vİ-MЮ 761575 doğum haqqında şəhadətnamədə doğum yeri «Rusiya Federasiyası Moskva şəhəri», soyadı isə «Nəsirova» yazılmış, lakin Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli dogum haqqında akt qeydində isə doğum yeri «Tərtər rayonu», soyadı «Nəsirli» yazılmışdır. Doğum haqqında şəhadətnamələr təkrar olmadığı, aralarında ziddiyyət olduğu üçün (doğum yerləri və soyadı) Cavabdehnə müraciət edərək Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsini xahiş etsələr də, qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixli 3-16-5/7-N-25-109/2023 №-li məktubda doğum haqqında şəhadətnamələr təkrar olmadığı, aralarında ziddiyyət olduğu üçün (doğum yerləri və soyadı) Cavabdeh tərəfindən doğum haqqında akt qeydinin ləğv edilməsi mümkün deyildir, bu barədə aidiyyəti ərazi üzrə Tərtər Rayon Məhkəməsinə müraciət etmək tövsiyyə edilmiş və bununla da belə bir qeydiyyatın aparılmasından imtina etmişdir. Cavabdeh tərəfindən doğum haqqında akt qeydinin ləğv edilməsinin həyata keçirilməsindən imtina üçün əsas gətirdiyi AR Ailə Məcəlləsinin 163.1-ci maddəsində açıq aydın göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Cavabdeh Qanunun bu normasında nəzərdə tutulan «... və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir» müddəasını nəzərə almadan doğum haqqında akt qeydinin ləğv edilməsindən imtina etmiş və belə bir dəyişikliyin həyata keçirilməsinin mümkün olmadığını qeyd etmişdir. Halbuki, normanın mənasından aydın olur ki, bu müddəa doğum haqqında akt qeydinin ləğv edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145№-li qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.24-cü bəndində göstərilmişdir ki, doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Qaydanın 10.2-ci bəndində isə göstərilir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. X1 adına Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 №-li doğum haqqında akt qeydində və onunla bərabər doğum haqqında şəhadətnamədə göstərilən məlumatlar Rusiya Federasiyası Moskva şəhər VVADQ şöbəsindən xx.xx.2013-cü il tarixdə verilmiş Vİ-MЮ 761575 doğum haqqında şəhadətnamədə və doğum haqqında qeydində göstərilən məlumatlardan fərqlidir. Belə olan halda bu iki doğum haqqında akt qeydlərdən biri, yəni Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 №-li doğum haqqında akt qeydi və onunla bərabər doğum haqqında şəhadətnamə etibarsız hesab edilməklə ləğv edilməlidir və bu hal müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində öz əksini tapmalıdır ki, onlar da qızları Ofeliyaya şəxsiyyət vəsiqəsi ala bilsinlər. Əks halda Ofeliyaya şəxsiyyət vəsiqəsi almaq mümkün olmayacaqdır ki, bu da onun təhsil və bir sıra mülki hüquqlarının həyata keçirilməsinə mane olacaqdır. O da nəzərə alınmalıdır ki, uşağa doğum haqqında şəhadətnamənin verilməsinin qanunla müəyyən edilən əsasını doğum haqqında qeyd təşkil edir. Məhz doğum haqqında qeyd həyata keçirildikdən sonra doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas yaranır. Buna görə də Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 №-li doğum haqqında akt qeydinin və onunla bərabər doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməli olmuşlar.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdehin yerləşdiyi yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. Məhkəmə tərəfindən yardım edildikdən sonra iddiaçılar məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, X4 adına Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsi və AZ-l 932584 nömrəli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, İddiaçı2 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçılar İddiaçı1 Əgər oğlu və İddiaçı2 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

21. İddiaçı2 sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlar evləndikdən sonra 2004-cü ilin avqust ayında Rusiya Federasiyasına getmiş, 2007-ci ilin iyununda isə Ofeliya ilə birlikdə Tərtər rayonuna gəlmişlər. Qızları xx.xx.2006-cı il tarixdə Moskva şəhərində doğulmuş və doğumu 2006-cı ilin noyabr ayında orda qeydiyyata alınmışdır. RF-dan Tərtərə gələn zaman qaynatası X20 tibbi sənəd almış və onu Cavabdehnə təqdim edərək, doğum haqqında şəhadətnamə almışlar. Onlar RF-da daimi qalmayacaqlarını düşündükləri üçün qızlarının Azərbaycan Respublikasında doğulduğuna dair şəhadətnamə almışlar ki, onun əsasında Ofeliya AR vətəndaşı kimi də qeydə alınsın.

22. Cavabdehin nümayəndəsi X10 məhkəmənin hazırlıq iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, X6 adına iki – biri Rusiya Federasiyası Moskva şəhər VVADQ şöbəsində, biri isə Cavabdehndə doğum akt qeydi tərtib edilmişdir. Moskva şəhər VVADQ şöbəsindən xx.xx.2013-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədə doğum yeri “Rusiya Federasiyası Moskva şəhəri”, soyadı “Nəsirova” kimi yazılmış, Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum haqqında akt qeydində isə doğum yeri “Tərtər rayonu”, soyadı “Nəsirli” kimi yazılmışdır. Bu səbəbdən Cavabdeh tərəfindən doğum haqqında akt qeydinin ləğv edilməsi mümkün deyildir. Buna görə də iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, doğum haqqında akt qeydindən də göründüyü kimi, doğumun qeydə alınması zamanı iddiaçılar tərəfindən qeydiyyat şöbəsinə X21 ******* saylı tibbi sənədi təqdim edilmişdir. Akt qeydinin aparılması zamanı toplanan sənədlərin qeydiyyat şöbəsində saxlanma müddəti 1 il olduğundan həmin tibbi sənəd məhv edilmişdir və hazırda şöbənin arxivində mövcud deyildir.

24. Cavabdehin nümayəndəsi X10 hazırkı məhkəmə iclasında əlavə izahatının olmadığını bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikah haqqında xx.xx.2004-cü il tarixli AZ-İ 081146 nömrəli şəhadətnamənin təsdiqli surəti; - Doğum haqqında xx.xx.2007-ci il tarixli 211 nömrəli akt qeydinin təsdiqli surəti; - Doğum haqqında xx.xx.2007-ci il tarixli AZ-İ 932584 nömrəli şəhadətnamənin surət; - Doğum haqqında xx.xx.2013-cü il tarixli Vİ-MЮ 761575 nömrəli şəhadətnamənin təsdiqli surəti; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/7-N-15-109/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 3-38- 33/2-1200/23 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən olunur ki, İddiaçı1 ilə İddiaçı2 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X9 adlı uşaqları anadan olmuşdur.

28. X3 doğumu barədə Moskva VVADQ idarəsinin Lyublin VVAQ şöbəsində xx.xx.2006-cı il tarixdə 5322 saylı doğum haqqında akt qeydi tərtib olunmuş və xx.xx.2013-cü il tarixdə bu barədə doğum haqqında Vİ-MЮ 761575 nömrəli təkrar şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə X3 doğum yeri Rusiya Federasiyası, Moskva şəhəri kimi qeyd edilmişdir.

29. Eyni zamanda, X8 doğumu Tərtər rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 211 nömrə ilə qeyd edilmiş və bu barədə doğum haqqında AZ-İ 932584 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə X7 doğum yeri Tərtər rayonu kimi qeyd edilmişdir.

30. Göründüyü kimi, hazırda X3 barəsində iki doğum haqqında akt qeydi mövcuddur - Rusiya Federasiyası Moskva şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Vİ-MЮ 761575 doğum haqqında şəhadətnamədə doğum yeri “Rusiya Federasiyası Moskva şəhəri”, soyadı “Nəsirova”, adı “Ofeliya” yazılmış, lakin Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum akt qeydində və verilmiş doğum haqqında AZ-İ 932584 nömrəli şəhadətnamədə doğum yeri “Tərtər rayonu”, soyadı “Nəsirli”, adı “Ofelya” yazılmışdır.

31. Hazırda iddiaçılar qeyd olunan sənədlər arasında uyğunsuzluq olduğunu və uşaqlarının faktiki olaraq Rusiya Federasiyası, Moskva şəhərində doğulduğunu əsas gətirərək, Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum haqqında akt qeydinin ləğv olunmasını və onun əsasında verilən doğum haqqında xx.xx.2007-ci il tarixli AZ-İ 932584 nömrəli şəhadətnamənin etibarsız sayılmasını xahiş edirlər.

32. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

33. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bənd 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.

34. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-1200/23 nömrəli məktubu ilə xx.xx.1976-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü Nəsirova (Nəsirli) Ofelya Afdandil qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeydə alınmış məlumatlar əsasında müəyyən edilir ki, X3 doğulduğu xx.xx.2006-cı il tarixdə atası İddiaçı1 və anası İddiaçı2 Azərbaycan Respublikasında olmamışlar. Belə ki, İddiaçı1 xx.xx.2006-cı il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2007-ci il tarixdə geri qayıtmış, İddiaçı2 isə xx.xx.2006-cı il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2007-ci il tarixdə geri qayıtmışdır. Həmçinin, Nəsirova (Nəsirli) Ofelya ilk dəfə ölkə ərazisinə xx.xx.2007-ci il tarixdə giriş etmişdir.

35. Bu isə X3 Tərtər rayonunda deyil, Rusiya Federasiyası Moskva şəhərində doğulduğunu təsdiq edir və Rusiya Federasiyası Moskva şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Vİ-MЮ 761575 doğum haqqında şəhadətnamənin etibarlılığına dəlalət edir.

36. Məhkəmə hazırlıq iclasında İddiaçı2 da sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlar evləndikdən sonra 2004-cü ilin avqust ayında Rusiya Federasiyasına getmiş, 2007-ci ilin iyununda isə Ofeliya ilə birlikdə Tərtər rayonuna gəlmişlər. Qızları xx.xx.2006-cı il tarixdə Moskva şəhərində doğulmuş və doğumu 2006-cı ilin noyabr ayında orda qeydiyyata alınmışdır. RF-dan Tərtərə gələn zaman qaynatası X20 tibbi sənəd almış və onu Cavabdehnə təqdim edərək, doğum haqqında şəhadətnamə almışlar. Onlar RF-da daimi qalmayacaqlarını düşündükləri üçün qızlarının Azərbaycan Respublikasında doğulduğuna dair şəhadətnamə almışlar ki, onun əsasında Ofeliya AR vətəndaşı kimi də qeydə alınsın.

37. Məhkəmə qeyd edir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.

38. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

39. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.

40. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin xx xxxx 1992-ci il tarixli 277 №li Qərarı ilə qoşulmuşdur).

41. İddiaçıların övladları da Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda isə yenidən qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır.

42. Bu vəziyyət onu deməyə əsas verir ki, Cavabdeh tərəfindən X3 Tərtər rayonunda doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamış və həmin qeyd əsasında verilmiş doğum haqqında şəhadətnamə etibarsız olmuşdur.

43. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

44. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdehndə tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum haqqında akt qeydi ləğv edilməli və AZ-l 932584 nömrəli doğum haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Cavabdeh tərəfindən X8 doğumu barəsində tərtib edilmiş xx.xx.2007-ci il tarixli 211 nömrəli doğum akt qeydi ləğv edilsin və doğum haqqında xx.xx.2007-ci il tarixli AZ-İ 932584 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar