Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2034/2025 02.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-163126/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2- 163126/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə fərdi sahibkar İddiaçı (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2023-cü il gəlir vergisi üzrə 82.220,80 (82 min 220 manat) manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsası kimi İddiaçı şəxsi istifadə məqsədilə ilə açdığı bank hesabı və plastik karta mədaxil olan vəsaitin vergi orqanı tərəfindən qanunsuz olaraq vergi tutulan dövriyyə kimi qiymətləndirilməsi olmuşdur. İddaçı bildirir ki, vergi orqanının mövqeyi qanunsuz və əsassızdır. Buna görə də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 163126/2024 nömrəli qərar ləğv edilməlidir. İlk öncə bildiririk ki, İddiaçı fəaliyyəti ətriyyat və kosmetika mallarının pərakəndə satışından ibarətdir. 2023-cü il üzrə ümumilikdə 145.413 (145 min 413 manat) manat vergi tutulan dövriyyə vergi orqanına bəyan edilmişdir. Həmin dövriyyəyə hesablanmış 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi məbləğləri dövlət büdcəsinə ödənilmişdir. Vergi orqanının hesabladığı 82.000 manat vergi öhdəliyinin yaranması üçün İddiaçı xalis gəliri 411.000 manat olmalıdır.Bu məbləğdə xalis gəlir əldə etmək üçün isə 20 faiz rentabelli biznes hesab etsək 2 milyon manat məbləğində dövriyyəsi olmalıdır.Göründüyü kimi vergi orqanının hesabladığı vergi məbləği absurddur və reallığı əks etdirmir. Müştəri məlumatları yalnız qanunla müəyyən olunmuş hallarda və qaydalara uyğun olaraq vergi orqanlarına təqdim oluna bilər. Həmin hallar və verilməsi qaydası Vergi Məcəlləsinin 76.1-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Bu maddə, yalnız sahibkarlıq məqsədləri üçün açılmış bank hesabları ilə bağlı məlumatların verilməsini nəzərdə tutur. Fiziki şəxslərin şəxsi məqsədlər üçün açdıqları hesablar, sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından həmin hesablar üzrə məlumatların verilməsi qanunsuz olmuşdur. Beləliklə, fiziki şəxslərin yalnız şəxsi istifadə məqsədilə açdıqları bank hesablarının məlumatlarının verilməsi, bank sirrinin pozulması deməkdir. İddiaçı iddiaya əlavədə qeyd etmişdir ki, onlayn kargüzarlıq vasitəsi ilə gələn məktublar sırasında cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması üzrə hər hansı uyğunsuzluq məktubu aşkar edilməmişdir. Belə olan təqdirdə isə vergi orqanı tərəfindən uyğunsuzluq məktubu göndərilmədən bəyannamə üzrə kameral vergi yoxlaması keçirərək birbaşa müvafiq qərarla əlavə vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. İlk öncə vergi ödəyicisi bəyannamə təqdim edir və vergi orqanı bu bəyannamədə ziddiyyət və səhv aşkar etdikdə bu barədə əlavə məlumat, sənəd və izahat tələb etməli və yalnız bundan sonra vergilərin düzgün hesablanmamasını aşkar etdikdə vergilərin hesablanmasına dair müvafiq qərar göndərir. Başqa sözlə desək, cavabdeh vergi orqanı ilk öncə iddiaçının təqdim etdiyi bəyannamədə səhv və ya ziddiyyət aşkar etmişdirsə, buna dair iddiaçıya uyğunsuzluq məktubu göndərməli idi və daha sonra iddiaçı hər hansı sənəd və ya izahat təqdim etmədiyi, və yaxud təqdim edilən sənəd və ya izahat vergi orqanını gane etmədiyi halda əlavə vergilər hesablayıb müvafiq qərarı göndərməli idi. Lakin təəssüflər olsun ki, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin sözügedən normalarını kobud şəkildə pozmuşdur. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisinin bank hesabına 2466624.0 manat satışdan daxil olan pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********405900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üzrə 82220.80 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) gəlir vergisi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********293700 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Onuda qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında" 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən göndərilmiş etiraza əlavə də qeyd edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə əlavədə ona uyğunsuzluq məktubu göndərilmədən kameral vergi yoxlamasının qanunsuz olduğunu bildirmişdir. vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmçinin həmin məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Göründüyü kimi Vergi Məcəlləsində vargi orqanı tərəfindən uyğunsuzluq maktubunun göndərilməsi ilə bağlı bir qayda nəzərdə tutulmamışdır. Bundan başqa cavabdeh orqan tərəfindən bank hesablarına mədaxil nəticəsində daxil olmuş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda müvafiq bank hesablarından çıxarışı araşdırmaya təqdim etməkdən ötrü iddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunanlar ilə bağlı sənəd, izahat təqdim etməmiş və araşdırma onun iştirakı olmadan aparılmışdır. İş üzrə məlum olduğu kimi cavabdeh vergi orqanı tərəfindən iddiaçının bank hesablarına mədaxil olunan pul vasaiti ilə bağlı məktub göndərilmiş Baş İdarəyə dəvət olnmuş və müvafiq izahatın təqdim olunması ilə bağlı məktub göndərilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli izahat yerinə vergi ödəyicisinə yaraşmayan məktubla cavab vermişdir. O isə ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmus məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmış qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habele mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və diger struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, hamin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 02 aprel 2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat veriləsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş 3-21-2-3/2-31960/2024 saylı vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə məktub ; - iş materiallarına əlavə edilmiş iddiaçının xx.xx.2024-cü il tarixli şikayəti; - surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin « Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə » xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-163126/2024 nömrəli qərarından görünür ki, İddiaçı vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 82.220,80 manat hesablanmışdır. - surəti iş materiallarına əlavə edilmiş 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********3 nömrəli arayışdan görünür ki, Soel Parfüm mağazası adlı təsərrüfat subyekti (obyekti) xx.xx.2020-ci il tarixdən Tərtər şəhəri, Heydər Əliyev pr., ev.0, m.0 ünvanında uçota alınmışdır. - surəti iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli X1 Kart müqaviləsi; - iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 416973******4339 nömrəli X2 ödəniş kartı üzrə xx.xx.2023 – xx.xx.2023-cü il arası dövr üzrə çıxarışdan görünür ki, karta dövr üzrə 69,825.48 manat məxaric, 69,728.18 manat mədaxil olub. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-163126/2024 nömrəli qərarından görünür ki, İddiaçı 2023-cü il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 82.220,80 manat hesablanmışdır. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 163126/2024 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının 2023-cü il üzrə gəlirləri onun şəxsi məqsədləri üçün açdığı bank hesablarına daxil olmuş vəsait əsas götürülmüşdür. Fiziki şəxs tərəfindən şəxsi istifadə məqsədilə açılmış bank hesabı və plastik kart ilə bağlı məlumatların vergi orqanlarına verilməsinin qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, “Banklar haqqında” AR qanununun 41.2-ci və 41.2.2-ci maddələrinin məzmununa əsasən müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən vergi orqanlarına Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun hesabları və hesab əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir. Vergi Məcəlləsinin 76.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar kredit və ya elektron pul təşkilatları tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi müştəri məlumatları yalnız qanunla müəyyən olunmuş hallarda və qaydalara uyğun olaraq vergi orqanlarına təqdim oluna bilər. Həmin hallar Vergi Məcəlləsinin 76.1-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Bu maddə, yalnız sahibkarlıq məqsədləri üçün açılmış bank hesabları ilə bağlı məlumatların verilməsini nəzərdə tutur. Fiziki şəxslərin yalnız şəxsi istifadə məqsədilə açdıqları bank hesablarının məlumatlarının verilməsi, bank sirrinin pozulması deməkdir. Həçminin məhkəmə qeyd edir ki, iddiaçının şəxsi hesabına mədaxil nəticəsində daxil olmuş vəsaitin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu cavabdeh orqan tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbuledilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda qeyd olunanlar ümumiləşdirildikdə belə nəticəyə gəlmək olur ki, vergi orqanı tərəfindən kameral qaydada hesablanmış 2023-cü il üzrə gəlir vergisinin hesablanmasının düzgünlüyü tədqiqatla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 163126/2024 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" haqqında xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-163126/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2034/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2034/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver