Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2035/2021 08.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarın səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 18.09.2020-ci il tarixli qərarın səbəb-əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci Qarabağ müharibəsi zamanı 10.12.1993-cü il tarixdə könüllü olaraq dövlətin ərazi bütövlüyünü qorumaq üçün 2 körpə uşağını evdə qoyaraq ön cəbhəyə yollanmış, gedən qızğın döyüşlərdə yaxından iştirak etmişdir. 04.11.1994-cü ildə düşmənin atmış olduğu mərmi nəticəsində yaralanmışdır. 24.11.1994-cü il tarixədək Ağcabədi rayon mərkəzi xəstəxanasında “Ənsə nahiyəsinin kor qəlpə yarası” diaqnozu ilə müalicə almışdır. Hazırda müharibə iştirakçısı olaraq veteranlıq verilmiş, yataq xəstəsi olaraq, vətənin ərazi bütövlüyünü qorumağı üçün könüllü olaraq döyüşə qatılmış, döyüşdə başından qəlpə yarası almış və bütün ömrü boyu əlil olaraq yaşamağa məhkum olunmuş Qarabağ qazisinə birinci qrup əlil olmağına baxmayaraq, iddiaçıya mülki əlillik verilmiş, haqqı olan qazi adı verilməmişdir. Bu səbəbdən də iddiaçı cavabdeh Hərbi Həkim Komissiyasına qərar verilməsi üçün müraciət etmişdir. Oradan verilmiş olan 345 nömrəli 18.09.2020-ci il tarixli qərarı ilə “Travmadır, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. İddiaçı həmin qərara əsasən DSMF-nin Ağstafa rayon şöbəsinə yaxınlaşdıqda oradan “həmin qərarda yazılanlar əsas götürülmür” demişlər. Çünki həmin qərarda məhz “hərbi xidmət vəzifəsini yerinə yetirərkən almışdır” kimi qərar verilməli idi. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ümumdünya səviyyəsində baş verən pandemiya səbəbindən yaranmış olan məhdudiyyətlər və onun birinci qrup əlil olaraq çətin duruma düşməsi, stasionar qaydada müalicə almağı həmin müddətin ötürülməsinə səbəb olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizə ilə eyni məzmunlu izahat verərək prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tələbi əsassızdır. Belə ki, Ağstafa RHK tərəfindən 1994-cü ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və 04.11.1994-cü ildən 24.11.1994-cü ilədək Ağcabədi RMX-da müayinə və müalicə olunduğu “Ənsə nahiyəsinin kor qəlpə yarası” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən 18.09.2020-ci il tarixdə “travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3-cü maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin vətəndaş İddiaçı aldığı travma ilə bağlı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. Hazırkı məhkəmə iclası barədə iddiaçıya və cavabdehə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 23.11.2021-ci il tarixli 1447 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən vətəndaşa verilməsi üçün şöbəyə göndərilən İddiaçı barəsində MN MHHK-nın 18.09.2020-ci il tarixli, 345 nömrəli qərarı şöbəyə daxil olduğu gün (09.10.2020-ci ildə) İddiaçı həyat yoldaşına şəxsən təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 18.09.2020-ci il tarixli, 345 nömrəli qərarını – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən karantin rejimi və ilə əlaqələndirməsi dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, elan olunmuş karantin rejimi vətəndaşların məhkəmələrə müraciət etməsinə, məhkəmə qərarlarını əldə etməsinə, eləcə də iddia ərizələrini təqdim etməsinə maneə olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 23.11.2021-ci il tarixli 1447 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində olan 18.09.2020-ci il tarixli, 345 nömrəli qərarı 09.10.2020-ci ildə iddiaçının həyat yoldaşına şəxsən təqdim edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü səbəb hesab edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı qərarın səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2035/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2035/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver