Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2037/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir Bələdiyyəsi) qarşı Şəmkir şəhərinin cənub-qərb hissəsində, «Çəkillik» adlanan ərazidə yerləşən, 1989-cu ildən Şamxor rayon (indiki Şəmkir) X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 saylı iclasın qərarı əsasında sahibliyində və istifadəsində olan 0.0613 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa etdiyi 11.2x9.2 metr ölçüdəki fərdi yaşayış evinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: X3 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhərinin cənub-qərb hissəsində, «Çəkillik» adlanan ərazidə yerləşən, 1989-cu ildən Şamxor rayon (indiki Şəmkir) X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 saylı iclasın qərarı əsasında sahibliyində və istifadəsində olan 0.0613 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa etdiyi 11.2x9.2 metr ölçüdəki fərdi yaşayış evinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamxor rayon (indiki Şəmkir) X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 saylı iclasının qərarına əsasən ona 0,05 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə X6 filialı tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş k-1-99 aylı arxiv arayışında da qeyd edilmişdir. Lakin həmin torpaq sahəsinin ona verilməsinə dair qərarda 0,05 ha torpaq sahəsinin texniki səhv olaraq Şamxor şəhərinin şimal-şərq hissəsində yerləşməsi qeyd edilmişdir. Həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir filialının əməkdaşlarının ona təqdim etdiyi 0,05 ha həyətyanı torpaq sahəsinin Şamxor (indiki Şəmkir) şəhərinin Morul yaşayış massivində «Çəkillik» adlanan ərazidə yerləşir və faktiki olaraq 0,0613 ha torpaq sahəsi həmin vaxtdan sahibliyində və istifadəsindədir. Sahibliyinə və istifadəsinə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsi torpaq islahatı aparılarkən Şəmkir Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair Şəmkir rayon Baş Memarı İlqar Quliyevin və Şəmkir Bələdiyyəsinin sədri Vüqar Həsənovun imzaları ilə təsdiq edilmiş «Şəmkir rayonu Şəmkir şəhərinin Yerquruluşu Layihəsindən çıxarış»da istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsi qeyd edilmişdir. Faktiki olaraq sahibliyində və istifadəsində olan 0,0613 ha həyətyanı torpaq sahəsində 11.2x9.2 metr ölçüdə fərdi yaşayış evi inşa etdirmiş və həmin fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayaraq müvafiq kommunal xidmətlərini ödəmiş, evə dair «Fərdi yaşayış evi»nin "xxxx" MMC tərəfindən eskizi çəkilmişdir. 0,0613 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 08.05.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh sahibliyində olan torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 0,05 ha, faktiki olaraq 0,0613 ha təşkil etməsi, torpaq sahəsində 11,2x9,2 metr ölçüdə yaşayış evinin inşa edilmiş olması, Şəmkir şəhərinin Yerquruluşu Layihəsindən Çıxarışın islahatın bölgüsünə uyğun işlənməməsi, həmin torpaq sahəsinin təqdim olunan sənədlər üzrə Şəmkir şəhəri, Aşıq Teymur adına kolxozun şimal-şərq hissəsində yerləşməsi, lakin mühəndis tərəfindən torpaq sahəsinin elektron baza məlumatlarına əsasən N.Nərimanov adına kolxozun cənub-şərq hissəsində yerləşməsi səbəbindən ərizənin icrasını mümkün hesab etməmişdir. 0,05 ha həyətyanı torpaq sahəsinin Şamxor rayon (indiki Şəmkir) X5 İcraiyyə Komitəsinin qərarında texniki səhv olaraq Şamxor şəhərinin şimal-şərq hissəsində yerləşməsini bəhanə edən cavabdeh qanuni əsaslarla 1989-cu ildən bu günədək sahibliyində və istifadəsində olan 0,05 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində rəsmi orqanların razılıqları əsasında inşa etdirdiyi fərdi yaşayış evini dövlət qeydiyyatına alaraq mülkiyyət hüququna dair çıxarış verməkdən cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Üçüncü şəxs 20.10.2021-ci il və 02.11.2021-ci il tarixlərdə məhkəməyə məktub göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, lakin iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Şamxor rayon X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 nömrəli iclas protokolundan çıxarış, Şəmkir rayonu, Şəmkir şəhərinin Yerquruluşu Layihəsinin çıxarışı, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 23.02.2021-ci il tarixli k-1-99 və 29.09.2021-ci il tarixli k-3-131 nömrəli arxiv arayışları və cavabdehin iddiaçıya ünvanlandığı 02.06.2021-ci il tarixli **********11 nömrəli imtina bildirişi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Nəzərə alınmalıdır ki, öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Şamxor rayon X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Şamxor şəhər sakini X2 şəxsi yaşayış evinin tikintisi üçün Şamxor şəhərinin şimal-şərq hissəsində 0.05 ha torpaq sahəsi ayrılmışdır. Şəmkir rayonu, Şəmkir şəhərinin Yerquruluşu Layihəsinin çıxarışında İddiaçı naturada istifadə etdiyi 0.0613 ha torpaq sahəsinin koordinatları göstərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 23.02.2021-ci il tarixli k- 1-99 nömrəli arxiv arayışından görünür ki, Şamxor rayon X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 nömrəli iclas protokolu ilə X1 adına 0.05 ha (beş sot) həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialı məhkəmənin 22.09.2021-ci il tarixli sorğusuna cavab olaraq, 23.02.2021-ci il tarixli k-1-99 nömrəli arxiv arayışında bildirmişdir ki, yerquruluşu orqanları tərəfindən tərtib olunmuş həyətyani torpaq sahələrinin yerquruluşu sxemaları və yerində (naturada) sahənin hüdudlarını müəyyən edən sənədlər X6 filialına təhvil verilməmişdir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh orqan iddiaçının daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin təmin edilməsindən imtina edərkən ona istinad etmişdir ki, iddiaçının sahibliyində olan torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,05 ha, faktiki olaraq 0,0613 ha təşkil edir. Torpaq sahəsində 11.2x9.2 metr ölçüdə yaşayış evi inşa edilmiş, Şəmkir şəhərinin Yerquruluşu layihəsindən çıxarış islahatın bölgüsünə uyğun işlənməmişdir. Həmin torpaq sahəsi təqdim olunan sənədlər üzrə Şəmkir şəhəri, Aşıq Teymur adına kolxozun şimal-şərq hissəsində yerləşmiş, lakin mühəndis tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsi elektron baza məlumatlarına əsasən N.Nərimanov adına kolxozun cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 1971-ci ildən – 01 aprel 1992-ci il tarixə kimi qüvvədə olmuş 07 iyul 1970ci il redaksiyalı Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 20-ci maddəsinin 2-ci abzası: Rayon və şəhər (Respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər; Maddə 23. Torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır; Maddə 25. Torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) X7 icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir; Maddə 26. Verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndi: Vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını(yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İşin faktiki hallarından, habelə iddiaçının özünün izahatından müəyyən olunur ki, iddiaçı faktiki olaraq sözügedən qərarla ona ayrılmış torpaq sahəsindən yox, Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən istifadə edib, həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına və işin faktiki hallarına əsasən qeyd edir ki, Şəmkir rayonu Dəllər qəsəbəsi X7 İcraiyyə Komitəsinin 28 fevral 1989-cu il tarixli, 5 nömrəli iclas protokolu ilə iddiaçıya verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yerquruluşu orqanları tərəfindən müəyyən edilmədiyindən və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən iddiaçı Şəmkir rayon X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 saylı qərarı ilə ona verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Dövlət reyestrində qeydiyyata alınması tələbi təmin oluna bilməz. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir Bələdiyyəsi) qarşı Şəmkir şəhərinin cənub-qərb hissəsində, «Çəkillik» adlanan ərazidə yerləşən, 1989-cu ildən Şamxor rayon (indiki Şəmkir) X5 İcraiyyə Komitəsinin 28.02.1989-cu il tarixli 05 saylı iclasın qərarı əsasında sahibliyində və istifadəsində olan 0.0613 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa etdiyi 11.2x9.2 metr ölçüdəki fərdi yaşayış evinin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2037/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2037/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver