Məhkəmə qərarları › İş №2-1(114)-2037/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2037/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2037/2023 13.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı Cavabdehnə (üçüncü şəxs X1) qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli qərarının ləğv edilməsinə və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından da məlum olduğu kimi iddiaçının hüquqi marağı “Məişət zorakılığı haqqında iş üzrə” Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 01/2023 nömrəli qərarın ləğv edilməsidir. Məhkəmə hesab edir ki, əvvəla hazırkı iş üzrə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır və mübahisə ilə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməli, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Sözügedən maddi hüquq normasından göründüyü kimi, inzibati aktın spesifik əlamətləri mövcuddur ki, bunlardan biri də onun ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi daşıması ilə bağlıdır. Qeyd olunmalıdır ki, inzibati aktın əsas funksiyası onun qəbul edilməsi ilə inzibati idarəçilik qarşısında duran məqsədlərə nail olmaq və vəzifələri yerinə yetirmək üçün inzibati hüquq münasibətinə göstərilən nizamasalma təsirindən ibarətdir. İnzibati akt qəbul edilərkən həmin aktda müəyyən edilən normalar ilk növbədə publik idarəçiliyə öz təsirini göstərir və onu nizama salmağa xidmət edir. Bu zaman cəmiyyətin, dövlətin və vətəndaşın maraqlarının müdafiəsinə xidmət edən inzibati idarəçilik inzibati orqanların məhz publik vəzifələrindən irəli gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (kokret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandağı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İddiaçının hazırkı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Cavabdeh göstərsə də, iddiaçının irəli sürdüyü tələb xüsusi mülki hüquq münasibətlərinə aiddir. Yəni hazırkı iddia tələbi mülki mübahisədir və bu mübahisə publik (ümumi) deyil xüsusi hüquq normaları ilə tənzimlənir. Belə ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərarı qəbul edən orqan – Cavabdeh əlbəttə ki, “İnzibati İcraat haqqında” Qanununa və İnzibati-Prosessual Məcəlləyə görə inzibati orqan hesab edilir. Lakin, məzmun baxımından bu orqan tərəfindən məişət zorakılığı ilə bağlı olan qərarın qəbul edilməsi xüsusi hüquq sahəsinə aid olan məsələni həll edir. Yəni burada məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər vəs. bu kimi məsələlər öz həllini tapır. Digər tərəfdən, bu məsələlərlə bağlı xüsusi hüquqda nəzərdə tutulan qaydalar mövcuddur. Ona görə də, hazırkı iddia tələbi mülki mübahisədir və bu mübahisə publik (ümumi) deyil, xüsusi hüquq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə (üçüncü şəxs X1) qarşı qəyyumluğun ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci və 80-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X1) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar