Məhkəmə qərarları › İş №2-1(114)-2039/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2039/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2039/2021 19.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Qazax rayonu Daş Salahlı bələdiyyəsi) qarşı çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Qazax rayonu Daş Salahlı bələdiyyəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 200 kv.m torpaq sahəsinə dair təqdim edilən sənədlərinin əsasında torpağa dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə rəsmi ərizə ilə müraciəti olmuşdur. Sənədləşmə aparılmasından cavabdeh tərəfindən imtina edilmişdir. Əsas kimi qeyd edilmişdir ki, hüquqların qeydiyyatı üçün əsas kimi təqdim edilmiş sənədlər kserosurət olduğundan sənədlərin qanunauyğunluğunun tam şəkildə ekspertiza edilməsi mümkün olmamışdır. Lakin onun cavabdehə təqdim etdiyi sənədlər kserosurət yox, əsilləri olmuşdur. İmtina məktubunda, Qazax rayonu, X1 26.04.2006-cı il tarixli, 04 nömrəli qərarı ilə ona satılmış həmin 0.02 ha (sahibkarlıq) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza xəritəsində yoxlanılarkən həmin torpaq sahəsinin ictimai tikililərin ərazisinə düşdüyü qeyd edilir. Cavabdeh onu da qeyd edir ki, Qazax rayonu, Daş Salahlı kəndində yerləşən qeyriyaşayış binasına dair sənədlər tam şəkildə təqdim ediləcəyi təqdirdə hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafıq qaydada baxılacaqdır. Cavabdeh tərəfindən bu səbəb göstərilməklə, onun torpaqda olan hüquqlarının rəsmişləşdirilməsində süni maneçiliklər yaratmışdır. Belə ki, torpağa dair sənədləri tam qaydasında olmasına baxmayaraq, torpağa dair çıxarışın verilməsində sənədləşəmə aparılmır. İddiaçıya, cavabdeh orqana və üçüncü şəxsə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə prosesinə gəlməmişdir. İş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi iddiaçı ərizəsində Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 200 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 25.05.2021-ci il tarixli **********43 nömrəli məktubunda Qazax rayonu, Daş Salahlı kəndində yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə hüquqların qeydiyyatı üçün əsas kimi təqdim edilmiş sənədlər kserosurət olduğundan sənədlərin qanuna uyğunluğunun tam şəkildə ekspertiza edilməsinin mümkün olmadığı, X1 26.04.2006-ci il tarixli 04 nömrəli qərarı ilə sizə satılmış 0.02 ha (sahibkarlıq) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza xəritəsində yoxlanılarkən həmin torpaq sahəsinin ictimai tikililərin ərazisinə düşdüyünün məlum olduğu, torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair heç bir hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi, sənədlər tam şəkildə təqdim ediləcəyi təqdirdə hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin 25.05.2021-ci il tarixli **********43 nömrəli məktubu imtina xarakterli deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, orqan öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada ərizə ilə bağlı sənədlərin əslinin təqdim edilməsini və torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması və məqsədli istifadə növünün dəqiqləşdirilməsinə münasibət bildirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə məktubla sorğu göndərildiyini bildirmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. - 2.0.9-cu maddəsinə əsasən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt aralıq inzibati akt hesab olunur. - 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1. maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. - 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Məhkəmə həmçinin qeyd edir ki, təqdim olunmuş iddia ərizəsi iddiaçı və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia ərizəsinin imzalanmasına, habelə inzibati orqanın imtina xarakterli məktubunun məhkəməyə təqdim edilməsinə dair 22.09.2021-ci il tarixli sərəncam göndərilmiş və 19 oktyabr 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı 04.10.2021-ci il tarixdə iddiaçının ünvanı üzrə təqdim olunsa da, tərəfindən məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Qazax rayonu Daş Salahlı bələdiyyəsi) qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar