Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2039/2023 26.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Ona 011112 nömrəli vəsiqə ilə şəhid ailəsi statusu verilmişdir. Mərhum ərinin dəfn mərasiminin təşkil edilməsi üçün 3000 manat maliyyə yardımı ona verilməmişdir. Belə olan halda aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə müraciət edərək maliyyə yardımının ödənilməsini xahiş etmiş, lakin sonuncu müavinətin ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -surəti işə əlavə edilmiş nigah haqqında şəhadətnamədən görünür ki, X1 Lalə Əmir qızı ilə xx.xx.1982-ci il tarixdə nigaha daxil olmuş və qadına “Əsədova” soyadı verilmişdir. -surəti işə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1994cü ildə ölmüşdür. -surəti işə əlavə edilmiş 011112 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi statusu verilmişdir. -işə əlavə edilmiş AR SHXÇDX-nin xx.xx.2022-ci il tarixli Ə/5942 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə müraciət edərək mərhum ərinin dəfn mərasiminin təşkil edilməsi üçün 3000 manat maliyyə yardımının ödənilməsini xahiş etmiş, lakin sonuncu Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə istinad edilərək həmin maddənin Vİİ hissəsində fiziki və hüquqi şəxslərin maddi vəziyyətini deyil, hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsini əsas gətirərək müavinətin ödənilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 saylı Qanunu ilə təsdiq edilmiş və 01 yanvar 1995-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin: 333.Hərbi qulluqçuların dəfn mərasimi üçün təyin edilmiş qoşunlar fəxri mühafizə dəstəsi adlanır. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular adətən onların axırıncı xidmət yerlərində dəfn edilirlər. Sülh vaxtı əsgəri (mülki) vəzifələrini yerinə yetirərkən həlak olmuş, yaxud ümumi xəstəliklərdən vəfat etmiş hərbi qulluqçuların cənazəsi başqa dəfnetmə (yenidən dəfnetmə) yerinə müstəsna hallarda müdafiə nazirinin qərarı ilə dövlət hesabına aparılır.
334. Fəxri mühafizə dəstəsi həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi qulluqçuların, toplanışda olan əsgərlərin, çavuşların, gizirlərin (miçmanların) və ehtiyatda olan zabitlərin, eləcə də dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni üçün təyin edilir. 18 dekabr 2015-ci il tarixdə yuxarıda qeyd olunan normalara dəyişiklər edilərək aşağıdakı redaksiyası qüvvəyə minmişdir:
333. Aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir:
334. Bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı əlavəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə 16 nömrəli Əlavənin 1.6. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir. 1.7. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 727 nömrəli Fərmanının 1.1.4-cü bəndi: -həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən etsməkvə bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 374 nömrəli Qərarının 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ərinin dəfn mərasimi artıq keçirilmiş və iddiaçının tələb etdiyi 3000 manat maliyyə yardımı isə məhz yas mərasimlərinin təşkili üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən də, həmin vəsaitin təyin edilməsi ilə bağlı normativ hüquqi aktlar 2016-cı il 29 sentyabr tarixdə qüvvəyə minmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı yas mərasiminin təşkili üçün müəyyən edilmiş 3.000 manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Hüseynov