Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-204/2022 11.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonun Zəylik kəndində anadan olmuşdur. 01.04.2017-ci il tarixdə iddiaçı barəsində ikinci dərəcəli əlillik müəyyən olunmuş və Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 01.07.2021-ci il tarixdən sonuncuya təyin olunmuş pensiya Nazirlik tərəfindən aparılmış funksional yoxlama nəticəsində dayandırılmışdır. İddiaçı pensiyasının dayandırılması səbəbləri barəsində 12.08.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə X2 şəxsinin 18 saylı regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 13.08.2021-ci il tarixli **********6 nömrəli məktubda bildirmişdir ki, pensiya işində olan 05.03.2005-ci il tarixdən yazıldığı qeyd olunmuş ******* nömrəli əmək kitabçasının surətində 1997-2005-ci illərdə Kəlbəcər rayon Rabitə Qovşağında poçtaliyon işlədiyi qeyd edilmiş, həmin dövrün düzgünlüyü araşdırılarkən Kəlbəcər rayon Rabitə Qovşağının rayonun arxiv idarəsində mühafizə olunan sənədlərə əsasən təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı yığılmır və bu səbəbdən də təyin olunmuş əmək pensiyası ləğv edilmişdir. 01.04.2017-01.07.2021-ci il tarixə artıq ödənilmiş 9.782 manat məbləğin geriyə bərpa olunması iddiaçıdan tələb edilmişdir. İddiaçı 28.10.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınması və 1997-2005-ci il tarixlərdə işlədiyi illərin ona 2-ci qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, 1997-ci ildən 2005-ci ilədək Kəlbəcər rayon Rabitə Qovşağında poçtalyon işləmişdir. İşlədiyi illər ona 2-ci qrup əlilliyə görə pensiya təyin olunmasına imkan verdiyi üçün ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh tərəfindən aparılmış funksional yoxlama zamanı məlum olmuşdur ki, işlədiyi dövrün düzgünlüyü araşdırılarkən Kəlbəcər rayon Rabitə Qovşağının rayonun arxiv idarəsində mühafizə edilən sənədlərə əsasən təsdiqini tapmamışdır. Ancaq Kəlbəcər rayon Dövlət Arxivində mühafizə edilən əmək haqqı ödəniş cədvəllərində 01.01.1997-ci il tarixdən 31.12.2001-ci il tarixə qədər Rabitə Qovşağında əmək haqqı ödəniş cədvəllərində onun adının qeyd edilməsi öz əksini tapmışdır. "xxxx" MMC-nin Kəlbəcər rayon poçt filialının 23.08.2021-ci il tarixli KRQ 21-08-23 saylı məktubla 01.01.2006-cı (olduğu kimi köçürülmüşdür) ildən 01.08.2005-ci ilə qədər əmək haqqı alması öz əksini tapmışdır. Əmək kitabçasında da 1997-2005-ci illərdə Kəlbəcər rayon Rabitə Qovşağında poçtalyon işləməsi qeyd edilmişdir. Ancaq cavabdeh təşkilat bu sübutlara qiymət vermədən 01.07.2021-ci ildən pensiyasını əsassız olaraq dayandırmışdır. Ona görə cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınmalı və onun üzərinə 1997- 2005-ci il tarixlərdə işlədiyi illərin ona 2-ci qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajına hesablanması vəzifəsi qoyulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair əvvəl 17.12.2021-ci il tarixli **********5 nömrəli, daha sonra 21.01.2022-ci il **********9 nömrəli etirazlar təqdim etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində əlillik dərəcəsi təyin olunan vaxtda tələb olunan 7 il 08 ay sığorta stajına malik olduğu üçün ona 01.04.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş, ona 01.04.2017-ci il tarixdən 01.07.2021-ci il tarixədək 9.782 manat məbləğində əmək pensiyası ödənilmişdir. Sonradan iddiaçının pensiya işinin audit yoxlaması zamanı müəyyən edilmişdir ki, ******* nömrəli əmək kitabçasının surətində 1997-2005-ci illərdə Kəlbəcər rayon Rabitə Qovşağında poçtalyon işləməsi qeyd edilsə də, işlədiyi dövrün araşdırılması zamanı sözügedən müəssisənin arxiv sənədləri aşkar olunmamışdır. Bu səbəbdən də, 01.07.2021-ci il tarixdən pensiya dayandırılmışdır. Qanunvericilik normalarına əsasən şəxsin 01.01.2006-cı ilə qədər işlədiyi dövr əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları ilə də öz təsdiqini tapmalıdır. Ancaq həmin müəssisənin 1997-2005-ci illərə dair arxiv sənədləri mühafizə olunmur. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazlarda qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının pensiya işi audit yoxlaması ilə əlaqədar 18 saylı regional filialından alınmış, hələ də iş geri qaytarılmamışdır. Kəlbəcər rayon Rabitə Qovşağının əmrlər kitabına baxış keçirilərkən iddiaçının işə girmə və işdən azad olunma barədə əmrlərin fərli qələm və fərqli yazı xətti ilə sonradan yazılması və əmək haqqı cədvəllərində isə G.Qaımovanın adı soyadı Qasımov olan digər bir vətəndaşın adının üzərində düzəliş edilməklə qeyd olunduğu aşkar edilmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus 05.03.2005-ci il doldurulmuş ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, Kəlbəcər rayon Dövlət Arxivinin 19.08.2021-ci il tarixli 84 nömrəli və 16.11.2021-ci il tarixli 29 nömrəli məktubları, Kəlbəcər poçt filialının 23.08.2021-ci il tarixli KRQ21-08-23 nömrəli məktubu, əmək haqqı cədvəllərinin təsdiqlənmiş surəti, 10.02.2022-ci il tarixdə DSMF publik hüquqi şəxsin X1 əməkdaşları tərəfindən tərtib edilmiş üzləşmə aktlarının surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). İddiaçının hüquqununun yarandığı zaman qüvvədə olmuş Qanunun müddəalarına görə sonuncunun sığorta stajı 5 ildən az olmadıqda və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda ona əlilliyə görə əmək pensiyası təyin ediləcəkdir. İddiaçı xx.xx.1979-cu il təvəllüdlü olmaqla, sonuncu dəfə 01.04.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edildiyindən ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 07 il 08 ay sığorta stajı tələb olunması işin mübahisəsiz halıdır ((38 yaş - 15 yaş)x4 ay/12 ay=12 il 08 ay). İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı 08 il 04 ay 09 gündür. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Hazırkı mübahisə iddiaçıya aid əmək kitabçasında qeyd olunmuş 18.03.1997-ci il tarixdən 29.07.2005-ci il tarixədək Kəlbəcər rayon Rabitə qovşağında işlədiyi illərin sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyası təyin olunmasından cavabdehin imtinası ilə bağlıdır. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı 1997-2005-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətinə baxış keçirilərkən müəyyən edildi ki, əmək kitabçası 05.03.2005-ci il tarixdə doldurulmuş, əmək kitabçasındakı qeydlər eyni xətt ilə eyni şəxs – Ş.Sadıqov tərəfindən icra edilmişdir. Əmək kitabçasına əsasən iddiaçı 18.03.1997-ci il tarixli 08 nömrəli əmrlə Kəlbəcər Rayon Rabitə Qovşağına poçtalyon qəbul olunmuş, 29.07.2005-ci il tarixli 11 nömrəli əmrlə işdən azad olunmuşdur. Kəlbəcər rayon Dövlət Arxivinin 19.08.2021-ci il tarixli 84 nömrəli məktubunda iddiaçının 01.01.1997-ci ildən 31.12.2001-ci ilədək əmək haqqı cədvəllərində adının qeyd olunduğu, ancaq cədvəllərdə adında qaralamalar olduğu göstərilmişdir. Həmin qurumun təqdim etdiyi 16.11.2021-ci il tarixli 29 nömrəli məktubda isə 01.01.1997-ci ildən 31.12.2002-ci ilədək olan əmək haqqı cədvəllərində iddiaçının adının olduğu, bəzi aylarda qaralama düşdüyü qeyd olunmuşdur. Kəlbəcər rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Kəlbəcər Rayon Rabitə Qovşağının əmək haqqı cədvəllərinin təsdiqlənmiş surətindən aydın olur ki, digər şəxslərin soyad və adları arasında məsafə olduğu halda, “İddiaçı” yazıları digər adlara münasibətdə ara məsafəsi çox az (məsələn 1999-cu ilin iyun ayı, 2001-ci ilin yanvar ayı, 2002-ci ilin may ayı üzrə cədvəllərdə), bəzi aylarda isə haradasa bitişik formada (məsələn 1998-ci ilin mart, 1999-cu ilin noyabr, 2000-ci ilin mart, 2001-ci ilin fevral ayları) yazılmış, “Qasımov”dan sonra “a” saitinin sonradan fərqli xətlə əlavə edildiyi (xüsusilə 2000-ci ilin mart, 1999-cu ilin noyabr, iyun, 1998-ci ilin mart aylarında) aşkar şəkildə görünür. Kəlbəcər poçt filialının 23.08.2021-ci il tarixli KRQ21-08-23 nömrəli məktubunda da iddiaçının 01.01.2003-cü il tarixdən 01.08.2005-ci il tarixədək əmək haqqı alması barədə məlumatın olduğu, lakin onun adında hərf səhvinin düzəlişinin göründüyü göstərilmişdir. Kəlbəcər poçt filialı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərinin təsdiqlənmiş surətində bəzi aylarda iddiaçının adına düzəliş olunması surətlərdə də (məsələn 2003-cü ilin yanvar, sentyabr ayları) aydın şəkildə görünür. 10.02.2022-ci il tarixdə DSMF publik hüquqi şəxsin X1 əməkdaşları tərəfindən tərtib edilmiş üzləşmə aktlarına əsasən Kəlbəcər rayon Rabitə Qovşağının əmrlər kitabına baxış keçirilərkən iddiaçının işə girmə və işdən azad olunma barədə əmrlərin fərli qələm və fərqli yazı xətti ilə sonradan yazılması və əmək haqqı cədvəllərində isə G.Qaımovanın adı soyadı Qasımov olan digər bir vətəndaşın adının üzərində düzəliş edilməklə qeyd olunduğu aşkar edilmişdir. Beləliklə, iddiaçının işə girmə əmri 17.03.1997-ci il tarixli olduğu halda (əmək kitabçasındakı) arxiv sənədlərində 1997-ci ilin yanvar ayından əmək haqqı alması, bəzi aylarda aşkar şəkildə qaralamalar olması onun həqiqətən 1997-2005-ci illərdə işləməsi ilə bağlı əsaslı şübhələr yarandığından mötəbər sayıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən və özündə mötəbər məlumatları əks etdirən mötəbər əmək kitabçası və ya digər hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyi iş materialları ilə təsdiq olunmur. Məhkəmə cavabdehin etirazının dəlillərinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olduğunu əsas tutaraq hesab edir ki, cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısı alınması və 1997-2005-ci il tarixlərdə işlədiyi illərin ona 2-ci qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-204/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-204/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver