Məhkəmə qərarları › İş №2-1(114)-204/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-204/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-204/2023 17.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci ildə beyin infarktı keçirərək 2-ci qrup umumi xəstəlikdən əlillik dərəcəsi almış, xx.xx.2017-ci ildə 2-ci dərəcəli dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Dövlət qulluğunda əmək stajı 16 il 4 ay 26 gün təşkil edir. Ona pensiya hesablanan vaxt xx.xx.2015-xx.xx.2017-ci illər üçün Tərtər DSMF və Bərdə Asan Xidmət Mərkəzindən əmək haqqı, mükafat, müavinət və sairə gəlirlər üzrə müvafiq sənədlər təqdim edilib. Bu sənədlər əsasında Tərtər DSMF üzrə əsas əmək haqqı-288.47 manat 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi kimi-55.00 manat (əslində 2 ixtisas dərəcəsi-65.00 manat hesablanmalı idi) qulluq stajina görə əlavə-81.00 manat mukafat-76.85 manat muavinət- 35.83 manat olmaqla yekun 537.15 manat orta aylıq gəlir və Bərdə Asan Xidmət Mərkəzindən orta aylıq 304.36 manat olmaqla ümumi yekun 841.51 manat olduğu üçün 80 faiz hesablanmaqla 673.21 manat pensiya hesablanmış və ödənilmişdir.Azərbaycan Respublika Prezidentinin muvafiq sərəncamları əsasında pensiyada artımlar hesablanmış və ödənilmişdir. Əlilik müddəti xx.xx.2021-ci ildə başa çatdığı səbəbindən pensiya dayandırılmışdır. Müəyyən səbəblərdən həm də xəstəliklə əlaqədar xx.xx.2022-ci ildə yenidən müayinədən keçərək 3-cü dərəcə ümumi xəstəlikdən əlillik dərəcəsi almış, bundan sonra müvafiq sənədləri xx.xx.2022-ci ildə DSMF-nin Xüsusi Təyinat üzrə Mərkəzi Filiala təqdim etmiş, Mərkəzi Filial əmək pensiyasının hesablanması zamanı yalnız Tərtər DSMF-dən olan gəlirləni hesablamış, Bərdə Asan Xidmət Mərkəzindən olan gəlirləri hesablamaya daxil etməmişdir. Mərkəzi Filialın iddiaçıya göndərdiyi məktubda Bərdə Asan Xidmət haqqında heç bir məlumat və ya qeyd göstərilməmişdir və bu səbəbdən ona əsassız olaraq artıq ödəmə hesablanmışdır. Azərbaycan Respulikası Prezidentinin xx.xx.2018-ci il tarixli əmək pensiyaları haqqında qanuna dəyişiklər edilməsi haqqında sərəncamında 20-ci maddənin 30 cu bölümündə qeyd olunur ki qulluq stajına büdcədən kənar vəsaitlərin əlavə olunması xx.xx.2019-cu ildən ləğv edilir. Sərəncamdan da aydındır ki, 01.012019-cu ilə kimi pensiyaya çıxanlara aid deyildir. Mərkəzi filial heç bir əsas olmadan bu sərəncamı ona da tətbiq etmişdir. Belə ki, iddiaçıya pensiya xx.xx.2011-ci ildə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya əvvəllər artıq pensiya hesablanmışdır, ona görə də pensiya məbləği yenidən hesablanıb ödənilir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 35469/2023 nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 13257,28 manat artıq, cari ilin iyun (23 gün üçün) ayı üzrə 453,12 manat əskik, iyul ayı üzrə isə 356,26 manat artıq pul vəsaiti ödənilib. Nəticədə iddiaçıya ümumilikdə 13160,42 (13257,28+356,26-453,12) manat artıq pul vəsaiti ödənilib. Həmin 13160,42 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığı müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Həmçinin, iddiaçının orta aylıq əməkhaqqısının hesablanması üçün əsas götürülmüş dövr ərzində ödənilmiş əmək haqqına dair qulluq keçdiyi Nazirlik tabeliyində Fondun Tərtər rayon şöbəsinin ******* nömrəli arayışında müraciətində göstərdiyi əlavələrin ona ödənilməsinə dair hər hansı məlumat mövcud olmadığından, həmin mükafatların onun əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddiaçıya iş yerindən təqdim olunmuş1501099 arayışda onun X6 Xidmət Mərkəzində işlədiyi dövrdəki gəlirləri öz əksini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının əmək pensiyası hesablanarkən "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın tələblərinə uyğun qaydada hesablama aparılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1933 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2017-2022-ci illər üzrə təyin edilmiş əmək pensiyasının məbləği hesablanarkən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın tələblərinə uyğun qaydada hesablama aparıldığı müəyyən edilir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçıya 25 fevral 2013-cü il tarixdə Fondun Gəncə şəhər Kəpəz rayonu şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra müraciətinə əsasən əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı isə pensiyanın düzgün hesablanmadığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya Fondun Tərtər rayon şöbəsi tərəfindən 1 iyul 2017-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi İl dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının 1 iyul 2017-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 285,63 manat, qulluq stajına görə əlavə 76,18 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 112,09 manat olmaqla orta aylıq əmək haqqı 528,90 manat təşkil etmişdir. Qeyd olunanlara əsasında əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 16 il 4 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (528,90 manat) 80 faizi-423,12 manat məbləğində hesablanmalı olduğu halda, 673,13 manat məbləğində müəyyən edilməklə xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə 2000,08 manat artıq pul vəsaiti ödənilib. "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəkinin sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 16 il 4 ay 26 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 54 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 313,75 manat, qulluq stajina görə əlavə 83,68 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 123,02 manat olmaqla orta aylıq əməkhaqqısı 575,45 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqısı (528,90 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqı (575,45 manat) arasındakı fərq məbləğinin (46,55 manat) 54 faizi-25,14 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (423,12 manat) üzərinə əlavə olunmaqla 448,26 manat məbləğində hesablanmalı olduğu halda, 694,20 manat məbləğində müəyyən edilməklə xx.xx.2018xx.xx.2019-cu tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 4426,92 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 473,13 manat, qulluq stajına görə əlavə 126,18 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 185,52 manat olmaqla orta aylıq əməkhaqqı 839,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (575,45 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əməkhaqqı (839,83 manat) arasındakı fərq məbləğinin (264,38 manat) 54 faizi-142,77 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanın (448,26 manat) üzərinə əlavə olunmaqla 591,03 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10638,54 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 17468,82 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 6830,28 manat artıq pul vəsaiti ödənilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılıb. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13257,28 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda müəyyən olunur ki, təkrar müayinədən keçməklə əlaqədar 8 iyun 2022-ci il tarixdə İİİ dərəcəli əlillik müəyyən edildiyindən iddiaçının əmək pensiyası 2022-ci ilin iyul ayında avtomatik bərpa olunaraq həmin ay üzrə 591,03 manat pensiya ödənilməli olduğu halda, 947,29 manat məbləğində ödənilib. Nəticədə iddiaçıya həmin ay üzrə 356,26 manat artıq pul vəsaiti ödənilib. Bundan başqa iddiaçıya 2022-ci ilin iyun ayı üzrə (23 gün üçün) odənilməli olan 453,12 manat pensiya məbləği hesablanmışdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 13257,28 manat artıq, cari ilin iyun (23 gün üçün) ayı üzrə 453,12 manat əskik, iyul ayı üzrə isə 356,26 manat artıq pul vəsaiti ödənilmiş, nəticədə iddiaçıya ümumilikdə 13160,42 (13257,28+356,26-453,12) manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin 13160,42 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığının Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Bundan başqa qeyd edilməlidir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət mevacibinin hesablanması Qaydaları"nın 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış asasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının orta aylıq əməkhaqqısının hesablanması üçün əsas götürülmüş dövr ərzində ödənilmiş əmək haqqına dair qulluq keçdiyi Nazirlik tabeliyində Fondun Tərtər rayon söbəsinin ******* nömrəli arayışında müraciətində göstərdiyi əlavələrin ona ödənilməsinə dair hər hansı məlumat mövcud olmadığından, həmin mükafatların onun əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi iddiaçıya iş yerindən təqdim olunmuş ******* arayışda onun X6 Xidmət Mərkəzində işlədiyi dövrdəki gəlirləri öz əksini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının əmək pensiyası hesablanarkən "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın tələblərinə uyğun qaydada hesablama aparılmışdır. Bundan əlavə, məhkəmə iddiaçıya ödənilmiş pensiya məbləğinin düzgün hesablanıbhesablanmadığını müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin etmiş və iş üzrə təqdim edilmiş ekspert rəyində də iddiaçıya cavabdeh tərəfindən 2017-2022-ci illər üzrə təyin edilmiş əmək pensiyasının məbləği hesablanarkən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın tələblərinə uyğun qaydada hesablama aparıldığı müəyyən edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının pensiyası yenidən hesablanarkən onun qanunla qorunan maraqları pozulmamış, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 150 (bir yüz əlli) manat dəyərində məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia təmin edilməsin. xx.xx.2023-cü il tarixli, 9/1189 nömrəli ekspert rəyi üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar