Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-204/2024 09.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilə kimi “X4 Emalı” zavodunda müxtəlif peşələr üzrə işlədiyi illərini sosial sığorta stajına daxil edilməsi və pensiyanın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilə kimi “X4 Emalı” zavodunda müxtəlif peşələr üzrə işləmiş, işlədiyi illər ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir. Onun “X4 Emalı” zavodunda müxtəlif peşələr üzrə cəmi 19 (on doqquz) il iş stajı olmuşdur. O, güzəştli şərtlərlə pensiya almağı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun “X4 Emalı” ASC-də işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr aylarını, 1994-cü il üzrə iyun, avqust aylarını, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarını, 1997-ci ili, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr aylarını, 1999-cu il üzrə aprel ayını, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarının sosial sığorta stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 09 yanvar 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək fasiləsiz olaraq “X4 Emalı” ASC-də işləmiş və əməkhaqqı almışdır. Arayışda bəzi aylar üçün əməkhaqqı almağının qeyd edilməməsinin səbəbini bilmir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçını Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1992xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “X4 Emalı” ASC-də əridici vəzifəsində işlədiyi qeyd edilmişdir. Sənədlərdə qeyd edilən iş stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq 1992-ci il üzrə 5 ay, 1994-cü il üzrə 2 ay, 1996-ci il üzrə 7 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 10 ay, 1999-cu il üzrə 1 ay, 2001-ci il üzrə 7 ay iddiaçıya əməkhaqqı ödənişlərinin olmadığı bildirilmişdir. Qeyd olunan aylar ərzində işləmədiyi və iddiaçıya əməkhaqqı ödənilməyən ayları, yəni 44 ayı iş stalına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az 22 il təşkil edir ki, buna da xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, 1992-ci il üzrə 7 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 10 ay, 1995-ci il üzrə 12 ay, 1996-cı il üzrə 5 ay, 1998-ci il üzrə 2 ay, 1999-cu il üzrə 11 ay, 2000-ci il üzrə 12 ay, 2001-ci il üzrə 5 ay və xx.xx.2006-ci il tarixdən sonra 4 il daxildir. Əlavə olaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23009,16 manat təşkil edir. Buna görə də İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur; - işə əlavə edilmiş “X4 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli, 84 nömrəli arayışından görünür ki, iddiaçı “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi (16 il 9 ay) metal əritmə sexində tökücü vəzifəsində işləmişdir ki, həmin vəzifə də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən vəzifə hesab olunmuşdur. - işə əlavə edilmiş ИТ-İ ******* nömrəli, xx.xx.1979-cu il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X4 Emalı” ASC-də işləmişdir. - işə əlavə edilmiş “X4 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X4 Emalı” ASC-də işləmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-80646/2023 nömrəli məktubundan görünür ki, iddiaçının ümumi stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir; Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin əsasını sonuncunun ümumi stajının qanunvericiliklə tələb ediləndən az olması təşkil etmiş, belə ki, iddiaçının “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr aylarını, 1994-cü il üzrə iyun, avqust aylarını, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarını, 1997-ci ili, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr aylarını, 1999-cu il üzrə aprel ayını, 2001-ci il üzrə may, iyun, iyul, avqust ayları sosial sığorta stajına daxil etməkdən əməkhaqqı almadığından mübahisələndirmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu ümumi stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə ilk növbədə iddiaçının ümumi stajı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın etirazından görünür ki, iddiaçının mübahisələndirilməyən ümumi stajı 22 il qeyd edilməklə həmin dövrlərə daxil edilmiş müddətlər müvafiq olaraq sadalanmışdır. Həmin dövrlərdən görünür ki, iddiaçının “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr ayları, 1994-cü il üzrə iyun, avqust ayları, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1997-ci ili, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr ayları, 1999-cu il üzrə aprel ayı, 2001-ci il üzrə may, iyun, iyul, avqust ayları sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, ilkin olaraq həmin dövlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Lakin iddiaçının 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1997-ci ildə, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarında “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) əmək fəaliyyəti ilə məşğul olması istər ИТ-İ ******* nömrəli əmək kitabçası, istərsə də xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayış ilə öz təsdiqini tapmışdır. Yəni İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) fasiləsiz olaraq işləmişdir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əməkhaqqının verilməsi barədə məlumatın olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır Ona görə də məhkəmə iddiaçının 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr, 1994-cü il üzrə iyun, avqust, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 1997-ci ildə, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr, 1999-cu il üzrə aprel, 2001-ci il üzrə may, iyun, iyul, avqust aylarında “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Hazırda isə cavabdeh bu şərtləri mübahisələndirməmiş, yalnız iddiaçının ümumi stajının qanunvericilikdə nəzərdə tutulan müddətdən az olduğunu qeyd etmişdir. Odur ki, qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına əlavə edildikdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ümumi stajı qanunvericilikdə nəzərdə tutulmuş şərti (25 il) ödəyir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə, yəni 60 yaşa xx.xx.2021-ci il tarixdə çatmışdır. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” tələbi götürülmüşdür. Beləliklə, iddia tələbi təmin edilməli və İddiaçı “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr ayları, 1994-cü il üzrə iyun, avqust ayları, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1997-ci ili, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr ayları, 1999-cu il üzrə aprel ayı, 2001-ci il üzrə may, iyun, iyul, avqust ayları sosial sığorta stajına daxil edilərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “X4 Emalı” ASC-də (keçmiş Azərbaycan Əlvan Metallar Emalı zavodu) işlədiyi 1992-ci il üzrə mart, may, iyul, avqust, sentyabr ayları, 1994-cü il üzrə iyun, avqust ayları, 1996-cı il üzrə mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1997-ci ili, 1998-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, oktyabr, noyabr dekabr ayları, 1999-cu il üzrə aprel ayı, 2001-ci il üzrə may, iyun, iyul, avqust ayları sosial sığorta stajına daxil edilərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-204/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-204/2024
09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver