Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-204/2025 16.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Tərtər bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı adına Tərtər şəhəri Nizami küçəsindəki bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararlı ərazidən 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur.
2. Həmin torpaq sahəsi müvafiq orqanların, o cümlədən bələdiyyənin və DT və XKnin Tərtər rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə seçilərək, bu barədə sahəseçmə aktı, habelə ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
3. DT və XK-nin Tərtər rayon şöbəsinin rəyinə əsasən ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, alqı-satqı predmeti olması, ayrılmış ərazinin Tərtər şəhərinin zona bölgüsündə birinci zonaya daxil olması müəyyən edilmiş, satılacaq torpaq sahəsinin kənd təsərrüfatına yararlı olmaqla həyətyanı məqsədilə satılması məqsədə müvafiq hesab edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 500 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 273 nömrə ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 11-1/2- 49xx-xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı istisna olunur.
6. X18 Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 110 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı məxsus Tərtər şəhəri, Nizami küçəsində yerləşən torpaq sahəsinə tərəflərindən baxış keçirilmişdir. Məlum olmuşdur ki, Tərtər şəhəri, Nizami küçəsində yerləşən İddiaçı məxsus 0,07 ha torpaq sahəsinin yanından 14 metr məsafədən 6 kv-luq 11saylı Şəhər hava xətti keçir və xəttin başqa yerə dəyişdiriləsi nəzərdə tutulmayıb. Torpaq sahəsi mühafizə zolağında yerləşmir. Odur ki, həmin torpaq sahəsinin Dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir.
7. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,07 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi və torpaq sahəsinin sahəseçmə aktı təqdim olunmamışdır. Həmçinin, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair akt və torpaq sahəsinin planı Tərtər rayonu Tərtər bələdiyyəsinin möhürü ilə təsdiq edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı tərəfin iddia etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirildi. Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə Tərtər rayonu, Nizami küçəsində yerləşən İddiaçı həyətyanı məqsədilə verilmiş 0.07 ha torpaq sahəsinin koortinatlarını əks etdirən sənəd (çıxarış, plan və ölçü, şəhadətnamə) məhkəmə məktubuna əlavə edilmədiyindən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin mülkiyyət növü dövlət, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, hüquqi rejimi həyətyanı. 2) Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə Tərtər rayonu, Nizami küçəsində yerləşən İddiaçı həyətyanı məqsədilə verilmiş 0.07 ha torpaq sahəsinin planında koordinatlar olmadığından uyğunluq təşkil edib etmədiyini müqayisələndirmək mümkün olmadı. 3) İddiaçı tərəfin iddia etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsi hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyil. 4) İddiaçı tərəfin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 2419/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əlavə edilmiş Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci iltarixli 12 saylı qərarına əsasən Tərtər şəhəri Nizami küçəsində İddiaçı adına həyətyanı məqsədi ilə verilmiş 0.07 ha torpaq sahəsinə hazırlanmış ilkin torpaq ayırma planında ərazinin koordinatları öz əksini tapmadığından yalnız iddiaçının naturada göstərdiyi torpaq sahəsi barədə hazırlanmışdır. İlkin torpaq islahatı zamanı Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqlarının planına əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü dövlət, təyinatı idarə və təşkilatların ərazisidir. Torpaqların elektron uçotu informasiya sisteminə əsasən isə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü dövlət, təyinatı isə tikinti altında olan həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-43RA/1-41/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tərtər şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12 saylı protokoluna tərəflərindən baxış keçirilmiş, İddiaçı verilmiş torpaq sahəsi barədə məlumat aşkar olunmadı. - Həmin məktuba əlavə edilmiş Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı protokolundan görünür ki, Tərtər rayon sakinlərindən X8, X1, X7, X9, X3 və X11 ərizələri nəzərə alınmış, Tərtər rayon sakinlərindən X12 həyətyanı məqsədilə 0.0243 hektar, X2 mağaza məqsədilə 517 kv.m, X10 mağaza məqsədilə 40,0 kv.m, X13 həyətyanı məqsədilə 0.0236 ha, X4 həyətyanı məqsədilə 0.03 ha və X14 yeməkxana məqsədilə 98.86 kv.m bələdiyyə mülkiyyətində olan torpaq sahəsi satılması qərara alınmışdır.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-6088/2024 nömrəli cavab məktubunda göstərilir ki, sorğuda qeyd olunan Tərtər rayon bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12 saylı qərarının nüsxəsi 7 saylı Bərdə Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Tərtər şəhəri, Nizami küçəsində onun adına verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvfiq sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Tərtər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Tərtər şəhəri, Nizami küçəsində onun adına verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Buna uyğun olaraq o, həmin torpaq sahsində fərdi yaşayış evi tikdirmək istəyir. Lakin həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən o, torpaq üzərindəki gözlənilən mülkiyyət hüquqlarımdan səmərəli istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, onun qanuni istifadəsində olan 0,07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və buna dair müvafiq sənədlər (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasport) verilməlidir. Məhz buna görə də o, Tərtər rayon Tərtər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12 saylı qərarına əsasən Tərtər şəhəri, Nizami küçəsində onun adına verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlətreyestrindən çıxarış və texniki pasportun) verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibati orqana Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 Saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən ərizəsinə cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli, 3-21- 3-46/2-4010/2023 saylı məktubda «torpaq sahəsinin alqı-satqısına dair akt və torpaq sahəsinin planı Tərtər rayon Tərtər Bələdiyyəsinin möhürü ilə təsdiq edilməmişdir» əsası ilə imtina cavabı verilmişdir ki, o da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tərtər bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs qisə nümayəndəsinin iştirakını təmin etməmişdir.
25. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 7-ci bəndi)
27. Üçüncü şəxsin iddiaya qarşıyazılı etirazı məhkəməyə daxil olmamışdır.
28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
29. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı; - Torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - DT və XK-nin Tərtər rayon şöbəsinin rəyi; - Torpaqların alğı-satqısına dair xx.xx.2007-ci il tarixdə 273 nömrəli akt; - 13.02.2007-ci il tarixli 25 nömrəli qəbz; - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 11-1/2- 49xx-xx/2023 nömrəli məktubu; - X18 Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin xx.xx.2023-cü il tarixli 110 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4010/2023 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən İddiaçı adına Tərtər şəhəri Nizami küçəsindəki bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararlı ərazidən 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi müvafiq orqanların, o cümlədən bələdiyyənin və DT və XK-nin Tərtər rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə seçilərək, bu barədə sahəseçmə aktı, habelə ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. DT və XK-nin Tərtər rayon şöbəsinin rəyinə əsasən ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, alqı-satqı predmeti olması, ayrılmış ərazinin Tərtər şəhərinin zona bölgüsündə birinci zonaya daxil olması müəyyən edilmiş, satılacaq torpaq sahəsinin kənd təsərrüfatına yararlı olmaqla həyətyanı məqsədilə satılması məqsədə müvafiq hesab edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 500 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə 273 nömrə ilə qeydiyyata alınmışdır.
33. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,07 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi və torpaq sahəsinin sahəseçmə aktı təqdim olunmamışdır. Həmçinin, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair akt və torpaq sahəsinin planı Tərtər rayonu Tərtər bələdiyyəsinin möhürü ilə təsdiq edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
34. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı imtina dəlillərində göstərilməyən aşağıdakı halların aşkar edilməsi hüquqların qeydiyyatından imtinanın düzgün olmasına dəlalət edir.
35. Belə ki, məhkəmənin sorğusuna Tərtər rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-43RA/1-41/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tərtər şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12 saylı protokoluna tərəflərindən baxış keçirilmiş, İddiaçı verilmiş torpaq sahəsi barədə məlumat aşkar olunmadı. Həmin məktuba əlavə edilmiş Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı protokolundan görünür ki, Tərtər rayon sakinlərindən X8, X1, X7, X9, X3 və X11 ərizələri nəzərə alınmış, Tərtər rayon sakinlərindən X12 həyətyanı məqsədilə 0.0243 hektar, X2 mağaza məqsədilə 517 kv.m, X10 mağaza məqsədilə 40,0 kv.m, X13 həyətyanı məqsədilə 0.0236 ha, X4 həyətyanı məqsədilə 0.03 ha və X14 yeməkxana məqsədilə 98.86 kv.m bələdiyyə mülkiyyətində olan torpaq sahəsi satılması qərara alınmışdır.
36. Göründüyü kimi, Tərtər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı protokolqərarı İddiaçı torpaq sahəsinin satılması ilə bağlı olmamış, ümumiyyətlə İddiaçı torpaq sahəsinin verilməsi barədə məlumat aşkar olunmamışdır.
37. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-46/2-2419/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əlavə edilmiş Tərtər rayonu Tərtər bələdiyyəsinin xx.xx.2007-ci iltarixli 12 saylı qərarına əsasən Tərtər şəhəri Nizami küçəsində İddiaçı adına həyətyanı məqsədi ilə verilmiş 0.07 ha torpaq sahəsinə hazırlanmış ilkin torpaq ayırma planında ərazinin koordinatları öz əksini tapmadığından yalnız iddiaçının naturada gösdərdiyi torpaq sahəsi barədə hazırlanmışdır. İlkin torpaq islahatı zamanı Tərtər yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqlarının planına əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü dövlət, təyinatı idarə və təşkilatların ərazisidir. Torpaqların elektron uçotu informasiya sisteminə əsasən isə kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü dövlət, təyinatı isə tikinti altında olan həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir. Əldə edilmiş mütəxəssis rəyi ilə də iddiaçının naturada təqdim etdiyi (bələdiyyə qərarı ilə ona ayrıldığını iddia etdiyi) torpaq sahəsinin mülkiyyət növü dövlət kimi müəyyən edilmişdir.
38. Yəni, araşdırma zamanı iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün əsas qismində təqdim etdiyi bələdiyyə qərarının həqiqliyi və düzgünlüyü öz təsdiqini tapmamışdır. Hətta, qərar etibarlı əsas kimi çıxış etdiyi halda belə, bələdiyyə öz mülkiyyətində olmayan (dövlət mülkiyyətində) torpaq sahəsini ayırmışdır. Bu da o deməkdir ki, iddiaçının torpaq sahəsi üzərində hüququn qeydiyyatına dair etibarlı əsası olmamışdır.
39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.
41. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
43. Məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva