Məhkəmə qərarları › İş №2-1(114)-2040/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2040/2025

14.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2040/2025 14.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin onun “tam reabilitasiya olunmasına” dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2005-ci il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd etməklə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinə dair məlumatların “Əlillik” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1986-cı il tarixdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun 1-ci kursunu bitirdikdən sonra SSRİ ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmış və BAM Dəmiryolu qoşunlarında xidmət keçmişdir. Hərbi xidmət dövründə xx.xx.1987-ci ildə travma alaraq uzun müddət hospitallarda müalicə alaraq hərbi həkim komissiyasının rəyi ilə ordudan təxris olunmuşdur. Hərbi travma ilə əlaqədar 1989cu ildən əlilliklə bağlı pensiya almışdır. Ona 1989-cu ildən 2001-ci ilədək İİİ dərəcə müddətli və müddətsiz əillik, 2001-ci ildən 2005-ci ilədək İİ dərəcə müddətli əlillik, 2005-ci ildən isə İİ dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixinədək müddətsiz əlilliklə bağlı pensiyasını almışdır. May ayından pensiyası kəsildikdə ƏƏSMN “142” Çağrı Mərkəzi ilə əlaqə saxlamış və ona sənəd çatışmazlığı olduğu bildirilmışdır. Bundan sonra ƏƏSMN tabeliyində DSMF Şərqi Zəngəzur regional filialına sənədlərlə birlikdə müraciət etmiş və müraciəti Nazirliyə yönləndirilmişdir. Müraciətinə cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialdan və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialdan bir-birinə zidd cavablar göndərilmişdir. xx.xx.2024-cü il tarixli DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubda sabiq dövlət qulluqçusu kimi əlilliyə görə pensiyasının səhv hesablandığı artıq ödənilmiş pensiyanın tutulduğu qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş məktubda “Əlillik” altsistemində olan məlumatlara əsasən, əlilliyi müəyyən edilmədiyi üçün pensiyanın təyin edilməsinin mümkün olmadığı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməli olduğum bildirilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filial tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda xx.xx.1998-ci il tarixdən müddətsiz əlilliyi elektron “Əlillik” altsistemində qeydə alınmadığı üçün pensiya təyinatının mümkün olmaması bildirilmişdir. Bundan sonra ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə çağırılmışdır. Əyani müayinə nəticəsi olaraq tibbi sənədlərindəki diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılaraq əlilliyə əsas verən patofunksional pozuntuların aşkarlanmadığı qənaətinə gəlinmişdir. Həmçinin ona göndərilən məktubda hərbi şəhadətnamə və ya qərarın “Hərbi-həkim ekspertizası və tibbi şəhadətlandirmə altsisteminə” daxil edildikdən sonra əvvəlki əlilliyinə dair məlumatın elektron sistemə daxil ediləcəyi bildirilmişdir. İddiaçı Hərbi şəhadətnamə və ya qərarın əldə edilməsi üçün müvafiq qurumlara o cümlədən Müdafiə Nazirliyinə və Kəlbəcər Komisarlığına müraciət etsə də sənədlərin olmadığı bildirilmişdir. Lakin iş materiallarına əlavə etdiyi AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsindən əldə etdiyi xx.xx.2024-cü il tarixli arayışda 15 iyun 1988-ci il tarixdən 11 iyul 1988-ci il tarixədək RF MN 333 saylı Hərbi Hospitalının Travmatologiya şöbəsində “sağ qamış sümüyünün açıq qəlpəli sınığından sonra sağ aşağı ətrafın 1,5 sm qısaldılması” diaqnozu ilə müalicə olunmağı, xx.xx.1988-ci ildə Hərbi Həkim Komissiyasından keçməsi və N saylı hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş xx.xx.1988-ci il tarixli 216 saylı arayışa əsasən travmanın hərbi xidmət keçmə zamanı alındığı qeyd edilmişdir. Həmin arayışın verilməsinə əsas kimi Rusiya Federasiyasının MN 333 saylı Hərbi Hospitalının 185 nömrəli xx.xx.2002-ci il tarixli arayışın olması göstərilmişdir. Kəlbəcər Hərbi Komissarlığına sorğu əsasında daxil olmuş 333 saylı Hərbi Hospitalın həmin məlumatların daxil olduğu xx.xx.2002-ci il tarixli arayışının surəti də iş materiallarına əlavə edilmişdir. Həmçinin, 333 saylı hərbi hospitaldan xəstəlik tarixçəsindən çıxarışın göndərildiyi xx.xx.1998-ci il tarixli məktub da mövcuddur. TSEK-in müxtəlif vaxtlarda verdiyi müayinə aktları ilə barəsində İİ dərəcə müddətsiz əlillik təyin edilmiş və travmanın hərbi xidmət vəzifəmin yerinə yetirilərkən alınması qeyd edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2040/2025 nömrəli qərardadı ilə iddia tələbi “ cavabdehin onun “tam reabilitasiya olunmasına” dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2005-ci il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd etməklə bərpa edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi. İmtina edilmənin səbəbi Tam reabilitasiya olması - Səbəb: “Tam reabilitasiya olunması" barədə qərar qəbul edilmişdir. Gəncə şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.1998-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövründə baş vermiş qəza ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. (TSEK arayışı 00235) Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2001-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (TSEK arayışı 299150) Yenidən əlillik vəziyyəti xx.xx.2005-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə edilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. (TSEK arayışı 958497). Vətəndaş əlillik təyinatlarının Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Hərbi şəhadətnamə/Qərar, Hərbi bilet təqdim etməmişdir. Həmçinin, “Hərbi Həkim Ekspertizası və tibbi şəhadətləndirmə” Alt sistemində vətəndaşa dair Qərar/Şəhadətnamə tapılmamışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Əlillik alt sisteminə daxil edilmək üçün müraciət etmiş, 37 ildir əlilliyi olduğunu söyləmişdir. Başağrıları, yaddaş zəifliyi, halsızlıq, sağ aşağı ətrafındakı ağrılar, görməsindəki zəiflikdən şikayətlənmişdir. Əyani müayinə zamanı sağ baldırın orta 1/3-də çapıq izlənilmiş, sağ aşağı ətrafın 1,5-2 sm qısalığı ölçülmüş, hərəkətləri sərbəst olmuşdur. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Pensiya AS-dən götürülmüş məlumata əsasən vətəndaş xx.xx.1994-cü ildən xx.xx.2024-cü il tarixinədək Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik kimi müavinət almışdır. Vətəndaşın öncəki əlillik təyinatlarının səbəb-əlaqəsini təsdiq edən sənəd təqdim edilmədiyindən səbəbəlaqənin Ümumi xəstəlik kimi seçilməsi məqsədəuyğun hesab edilmişdir. Nəticədə, xx.xx.1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının; xx.xx.2001-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatının; xx.xx.2005-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik Altsisteminə daxil edilməsi və xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktlarından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar, İİİ dərəcəli, müddətsiz, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək hərbi xidmət borcunu yerinə yetirməklə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi.” diaqnozu ilə müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi.” diaqnozu ilə 1 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi.” diaqnozu ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2008-ci tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) müharibə əlilləri üçün İİ qrup təqaüd təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondu phş-nın 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı DSMF phş-nın 18 saylı regional ərazi filialından Sosial X6 məlumata əsasən ARM zamanı müddətsiz 2-ci dərəcə əlilliyə görə ayda 350.00 ( üç yüz əlli manat 00 qəp) manat Prezident təqaüdü təyin olunmuşdur. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi” Diaqnozu ilə Tam reabilitasiya olması (“Tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o,xx.xx.2024-cü il tarixində Agentlikdə aparılan xüsusi səbəblərlə əlaqədar əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə əsnasında tibbi sənədlərdə qeyd olunmuş diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılmış, nəticədə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Bildirilmişdir ki, hərbi şəhadətnamə və ya qərarı “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə altsisteminə” daxil edildikdən sonra əvvəlki əlilliyinə dair məlumatlar müvafiq qaydada “Əlillik” altsisteminə daxil ediləcəkdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş aşkar edilməmişdir. Əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə vətəndaş xx.xx.2024-cü il tarixində Agentliyə qəbula dəvət olunmuşdur. Müayinə zamanı tibbi sənədlərdə qeyd olunmuş diaqnozlar üzrə anamnestik və klinik məlumatlar araşdırılmış, nəticədə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. İddiaçı dair Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində məlumat aşkar olunmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə müraciətə əsasən, əyani müayinəsi keçirilmiş X8 barəsində xx.xx.1998-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının; xx.xx.2001ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatının; xx.xx.2005-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik Altsisteminə daxil edilməsi və xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən Kəlbəcər RHK tərəfindən 1987-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində xidmət keçmiş, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrinin yerinə yetirərkən aldığı, xx.xx.1988-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 333 nömrəli hərbi hospitalda müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “Sağ qamış sümüyünün qəlpəli açıq sınığından sonrakı sağ aşağı ətrafın 1,5 sm qısalığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin xx.xx.2025 ci il tarixli 3-43-32/2-149/2025 nömrəli göndərişi, xx.xx.2025 -ci il tarixli 3-43-32/2-70 2025 nömrəli arayışı, Rusiya Federasiyası 333 nömrəli hərbi hospitalı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 1270 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sosial ödənişin inventarlaşdırılması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən, 3-17- 4/3-3-175/2025 nömrəli məktuba əsasən vətəndaşın xx.xx.1998-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən əlilliyi mövcud olmuşdur və xx.xx.2024-cü il tarixdən tam reabilitasiya olması barədə qarar qəbul edilmişdir. Bu səbəbdən xx.xx.2008-ci – xx.xx.2025-ci tarixədək artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Təqaüd işi dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq xx.xx.1998-ci il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə, xx.xx.2001-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə, xx.xx.2005-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz aparılmış əlillik təyinatı barədə qərar “Əlillik” altsisteminə daxil edilərək, xx.xx.2024-cü il tarixindən Tam reabilitasiya olması qərarı qəbul edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sosial ödənişlər” altsistemində qeyd olunan məlumata əsasən İddiaçı xx.xx.2008-ci il tarixindən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Nazirliyin Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3- 175/2025 nömrəli qərarına əsasən əlilliyinin ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixindən tam reabilitasiya olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı təqaüd ödənişi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1- 79388/2025 nömrəli xidməti məktubuna əsasən İddiaçı (FİN xxxxxxx) hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup müharibə əlillərinə təqaüd üzrə aylıq 400,00 manat olmaqla xx.xx.2025-ci il tarixinədək ödəniş həyata keçirilmiş, tam reabilitasiya olunması səbəbindən təqaüdün ödənişi xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktlarından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar, İİİ dərəcəli, müddətsiz, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək hərbi xidmət borcunu yerinə yetirməklə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından çıxarışdan görünür ki, sonuncu dəfə İddiaçı xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçının əlilliyi ilə bağlı məlumatlar əlillik altsisteminə daxil edilmişdir. Belə ki, əlillik altsistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi.” diaqnozu ilə müddətsiz İİİ dərəcəli, xx.xx.2001-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi.” diaqnozu ilə 1 il müddətinə İİ dərəcəli, xx.xx.2005-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “Posttravmatik serebral araxnoidit. Qıcolma tutmalar. Hipertenzion sindrom. Davamlı asteno-nevrotik vəziyyət. Sağ baldır sümüklərinin düzgün bitişməməsi ilə köhnəlmiş sınığı. Ətrafın 1,5 sm gödəlməsi.” diaqnozu ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən İddiaçı sonuncunun əlilliyi ilə bağlı məlumatların əlillik altsisteminə daxil edilməsi ilə bağlı müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, iddiaçının həmin tarixdə əyani müayinəsi keçirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2005-ci il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd etməklə bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi qanunverici Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutun nədən ibarət olmasını bildirməmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçının əyani müayinəsini keçirmiş və tam reabilitasiya olması barədə qərar qəbul etmişdir. Lakin iddiaçının qüvvədə olan əlilliyinin ləğv edilməsi barədə hər hansı qərar mövcud deyil. Cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində zidd olmuşdur. Belə ki, Qaydanın qeyd olunan bəndinin tələbinə əsasən, cavabdeh iddiaçının əyani müayinəsini keçirdikdən sonra sonuncuya əlilliyin təyin edilməsi barədə TSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli idi. Həmçinin qeyd olunmalıdır ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından çıxarışdan görünür ki, sonuncu dəfə İddiaçı xx.xx.2005-ci il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin iddiaçının əlilliyi ilə bağlı məlumatlar əlillik altsisteminə daxil edilərkən iddiaçının əlilliyinin səbəbi ümumi xəstəlik kimi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2005-ci il tarixdə təyin edilmiş müddətsiz, İİ dərəcəli əlilliyinin səbəbi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd olunmaqla bərpa edilməlidir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Tahir Cəfərqulu oğlunun tam reabilitasiya olunması barədə xx.xx.2024cü il tarixli qərarı ləğv edilməli və İddiaçı xx.xx.2005-ci il tarixdə təyin edilmiş İİ dərəcəli, müddətsiz əlilliyin səbəb əlaqəsinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilməklə xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Tahir Cəfərqulu oğlunun tam reabilitasiya olması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2005-ci il tarixdə təyin edilmiş İİ dərəcəli, müddətsiz əlilliyin səbəb əlaqəsinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilməklə xx.xx.2024cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar