Məhkəmə qərarları › İş №2-1(114)-2041/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2041/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2041/2025 11.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh xx.xx.2014-cü il tarixli, 102 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 184 ha, 72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 136 ha olmaqla, cəmi 300 ha torpaq sahəsi 10 il müddətinə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixli, 102 nömrəli sərəncamı əsasında Cavabdeh ilə İddiaçı arasında 10 il müddətinə torpağın icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 27 nömrəli müqavilə bağlanmışdır. 20 iyun 2023-cü il tarixli akt ilə Daşkəsən rayon İHB-nın Memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov,Daşkəsən rayon Qaratağlar kənd sakini Racəddin Mustafayev, Daşkəsən rayon Alaxançallı kənd sakini Mahir Məmmədov, Daşkəsən rayon Qaratağlar kənd sakini Bayram Məmmədov, Ağstafa rayon sakini təsərrüfat müdiri Pərviz Ömərov aktı tərtib edərək Daşkəsən rayon ərazisində olan 70 və 72 nömrəli yay otlaq sahəsində onlar tərəfindən araşdırma aparılmiş, araşdırma zamanı məlum edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixdə 102 saylı sərəncama əsasən İddiaçı 300 ha torpaq sahəsi ayrılıb xırda buynuzlu davarların saxlanması üçün müvəqqəti icarəsinə verilmişdir.Lakin İddiaçı ona ayrılmış yay otlaq sahəsindən özü yox başqa adamlara həmin yay otlaq sahəsini qanunsuz icarəyə verir ki, bu da Azərbaycan Respublikası torpaq məcəlləsinə və icarə haqqında qanununa tam ziddir.Həmin yay otlaq sahəsindən istifadə edən vətəndaşlar bildirirlər ki, uzun illərdir İddiaçı xırda buynuzlu davarları olmadığına görə 70 və 72 nömrəli Dövlət fondu yay otlaq sahəsini bizə icarəyə verir.Yuxarıda göstərilələri nəzərə alaraq 70 və 72 nömrəli yay otlaq sahəsinin geri qaytararaq Dövlət fondunda saxlanması məqsədə uyğundur. Cavabdeh xx.xx.2024-cü il tarixli, 63 nömrəli sərəncamı ilə Daşkəsən rayon Qabaqtəpə kənd sakini İddiaçı Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 102 nömrəli Sərəncamına əsasən 70 nömrəlidən 164 ha, 72 nömrəlidən 136 ha cəmi 300 ha Dövlət fondu yay otlaq sahəsindən ayrılmış torpaq sahəsinin istifadə müddəti bitdiyinə görə ləğv edilərək Dövlət mülkiyyətində saxlanılması qərara alınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70-72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 300 ha ayrılıb heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar 2000 baş xırdabuynuzlu davarların saxlanılması üçün 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 102 nömrəli Sərəncam əsasında onunla xx.xx.2014-cü il tarixdə Cavabdeh arasında bağlanmış 27 nömrəli müqavilənin bərpa edilməsini cavabdeh orqana həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, heyvanların sayının artması ilə əlaqədar, örüş yeri icarəyə götürmək qərarına gələrək bu səbəbdən, Cavabdehnə müraciət etmiş, xx.xx.2014-cü il tarixdə, Cavabdeh Başçısının 102 nömrəli Sərəncamı ilə ona Daşkəsən rayonu ərazisində 70 nömrəli Dövlət fondu yay otlaq sahəsindən 164 ha, 72 nömrəli Dövlət fondu yay otlaq sahəsindən 136 ha olmaqla, ümumilikdə 300 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Həmin Sərəncama əsasən də xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə onun arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmişdir. 2024-cü ilin fevral ayında müqavilə əsasında istifadəsində olan torpaq sahəsini başqa şəxsə verildiyini bilmişdir. Mart ayında 2014-cü ildə bağlanmış müqavilənin uzadılması ilə bağlı Cavabdehnə müraciət etmək fikrində olmuş, lakin, ona Cavabdeh onunla xx.xx.2014-cü il tarixdə Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edildiyini bildirdilər. Beləliklə, Cavabdeh ona məlumat vermədən müqaviləni ləğv etmişdir, buda ki, kobud qanun pozuntusudur. Eyni zamanda, onun müqaviləsi olduğu halda, həmin torpaq sahəsini digər şəxsə icarəyə verilməsi qanuna ziddir. O, müqavilənin ləğv edilməsini bildikdən sonra bununla bağlı Qərarı istəmiş, lakin, Cavabdehndən Qərar nə onun ünvanına, nə də ona təqdim edilməmişdir. İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və üçüncü şəxsin vəkili Vəkil məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Üçüncü şəxsin nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini etiraz edərək tələbin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 102 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 184 ha, 72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 136 ha olmaqla, cəmi 300 ha torpaq sahəsi 10 il müddətinə İddiaçı icarəsinə verilmiş, bu barədə tərəflər arasında 10 il müddətinə torpağın icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 27 nömrəli müqavilə bağlanmışdır. Belə ki,iddiaçının müqaviləsinin müddəti bitmədən Cavabdeh xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70-72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 300 ha ayrılıb heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar 2000 baş xırdabuynuzlu davarların saxlanılması üçün 15 il müddətinə X1 icarəsinə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 32.2-1 –ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh orqan tərəfindən inzibati icraat düzgün aparılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə də müəyyən olunur ki, iddiaçı ilə cavabdeh orqan arasında 10 il müddətinə torpağın icarəyə verilməsi haqqında xx.xx.2014cü il tarixli, 27 nömrəli müqavilə bağlanmışdır. İddiaçının müqaviləsinin müddəti bitmədən Cavabdeh xx.xx.2024-cü il tarixli, 11 nömrəli sərəncamı ilə Daşkəsən rayonu ərazisində yerləşən 70-72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 300 ha ayrılıb heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar 2000 baş xırdabuynuzlu davarların saxlanılması üçün 15 il müddətinə X1 icarəsinə verilməsi qərara alınmışdır.Göründüyü kimi iddiaçının müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitirdi, lakin cavabdeh orqan tərəfindən iddiaçının icarə müqaviləsinin müddətinin bitməsi gözlənilmədən eyni torpaq sahəsinə dair üçüncü şəxsə xx.xx.2024-cü il tarixli Sərəncam ilə 70-72 nömrəli Dövlət Fondu yay otlaq sahəsindən 300 ha ayrılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən inzibati icraat qaydalarına riayət olunmamış, inzibati icraatın tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar