Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2042/2023 05.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynənək- Qarapapaq bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynənək- Qarapapaq bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin təyinatının dəyişdirilmədən qərarın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların alacağı torpaqla bağlı ərizələri bələdiyyə tərəfindən qəbul edilmiş, bələdiyyənin xx.xx.2019-cu il tarixli 27 saylı iclas protokolu tərtib olunmuşdur və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli 39 saylı məktubla müraciət olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən isə xx.xx.2019-cu il tarixli 58 saylı məktubla onların hər birinə torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmişdir. Tovuz Kadastr İdarəsi tərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur. Eləcə də bələdiyyənin razılığı ilə iddiaçılar hər biri 0,12 ha həyətyanı torpaq sahəsinə 1210 (bir min iki yüz on) manat bələdiyyə büdcəsinə ödəməklə, onların hər birinə veriləcək torpaq sahəsi 40x30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları-ağır beton dayaqlarla yerin kənarları bərkidilmişdir. Lakin (bələdiyyənin 11 dekabr 2019-cu il tarixli həmin aktında qeyd edildiyi kimi) Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar sənədləşmə işləri yuxarı orqanların göstərişinə əsasən 2020-ci ilin yanvar ayına kimi müvəqqəti olaraq dayandırılmışdır. Daha sonra isə sözügedən həyətyanı torpaq sahələri ilə bağlı qərarın verilməsi Qazax rayon Ağköynənək- Qarapapaq bələdiyyəsinin sədri tərəfindən əngəllənmişdir. İddiaçı1 məhkəmə iclasında ərizə təqdim edərək, dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0,12 ha olmaqla satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə etdilər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 69 nömrəli etiraz məktubu ilə bildirilmişdir ki, İddiaçı1 həmin dovürdə bələdiyyədə mühəndis vəzifəsində işləmişdir və bələdiyyə qanununu bilərəkdən pozmuş, vəzifə səlahətlərindən sui istifadə etmişdir. Çünki torpaq alınan zaman bələdiyyə qanununda prosedura başlanmalı və bələdiyyə qərarı olmalıdır, bələdiyyə öz hüququnu tanıdıb çıxarış almalıdır və sonra vətəndaşların ərizələrinə əsasən iclas çağırılmalıdır. Müzakirə edildikdən sonra iclasda adı gedən vətəndaşların haqqında qərar qəbul edilib, satış məbləği təyin edilməli və protokolda açıq aşkar müzakirə edilib qərar verilməlidir. Adları protokola düşən 5 il kənd qeydiyyatında olan və həmin kənddə yaşamağını təsdiq edən sənəd göstərildikdən sonra sakinlər bələdiyyənin bank hesablarına pul ödənişi edib qəbzləri ilə birlikdə natorial qaydada alqı-satqıda iştirak etməlidirlər. İddiaçı1 oğlu ilə qızına 2014-cü ildə torpaq verilmişdir. İddiaçı4 ilə qızı İddiaçı3 21 iyul 2014-cü il protokol № 07 əsasən 2 ədəd 0.11 ha torpaq sahəsi Ağköynək- Qarapapaq bələdiyyəsi öz hüququnu tanıtmış olduğu həyətyanı torpaq sahəsinin İddiaçı4 0.11 ha (**********) qeydiyyat nömrəli dövlət reyestri çıxarışı tam mülkiyyət üzrə, İddiaçı3 0.1 ha (**********) qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı tam mülkiyyət üzrə) 26 iyun 2014-cü ildə notorial qaydada satılmışdır. Həmçinin xx.xx.1983-cü ildə anadan olmuş İddiaçı3 Qazax rayon Ağköynək kəndində qeydiyyatda olmasına baxmayaraq Gəncə şəhərində ailə qurmuş və hal-hazırda orada yaşayır. İddiaçı1 ilə həmçinin adı çəkilən ailə üzvlərinin sözü gedən torpaq məsələsi ilə bağlı Ağköynək-Qarapapaq bələdiyyəsi xx.xx.2021-ci il tarixində keçirilən iclasında müzakirə etmiş və qərar qəbul edilmişdir. xx.xx.2021-ci il 24 saylı iclas protokolunda qərar verilmişdir ki, İddiaçı1 və ailə üzvlərinin adına bələdiyyə hesabına qanuna uyğunsuz şəkildə ödədiyi ödənişləri geri qaytarılsın və həmin hesabın qaytarılması üçün həmin şəxslərin adına bankda hesab açılsın və həmin hesablara qanunsuz şəkildə ödənilən vəsait bələdiyyə tərəfindən köçürmə ilə qaytarılsın. Bələdiyyə tərəfindən hər birinə yazılı məktub yazılıb ünvanlarına göndərilməklə xəbərdarlıq edilib, buna baxmayaraq İddiaçı1 və ailə üzvləri heç bir cavab verməmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Qazax rayonu Ağköynək-Qarapapaq bələdiyyəsinin 12 noyabr 2019-cu tarixli iclasının protokolunun 27 nömrəli qərarından görünür ki, Ağköynək- Qarapapaq bələdiyyəsinin alqı-satqı predimeti olan hər biri 0.12 ha və ya 1200 kv.m. olmaqla beş nəfərə cəmi 0.60 ha və ya 6 000 kv.m. fərdi yaşayış evi tikdirmək məqsədilə torpaq sahəsinə rəy alınması üçün Qazax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə müraciət olunması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2019-cu il tarixli, 58 nömrəli rəyindən görünür ki, Ağköynək-Qarapapaq bələdiyyəsinin 12 noyabr 2019-cu il tarixli 039 nömrəli məktubuna əsasən Ağköynək-Qarapapaq bələdiyyəsinin ərazisində yerləşən fərdi yaşayış evlərinin tikintisi məqsədilə 5 (beş) nəfərin hər birinə ayrılması nəzərdə tutulmuş 1200 m2 və ya 0,12 ha olmaqla cəmi 6000 m2 (0,60 ha) torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerqurluşu -təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması məqsədəmüvafiq hesab edilmişdir. -surəti işə əlavə edilmiş Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsinin sədri, bələdiyyə üzvləri və kənd sakinləri İddiaçı1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı3 iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, vətəndaşların hər biri 0.12 ha həyətyanı torpaq sahəsi almaq üçün sentyabr ayında Ağköynək-Qarapapaq bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bununla bağiı bələdiyyə tərəfindən xx.xx.2019-cu il tarixli 27 saylı iclas protokolu tərtib olunmuş və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax rayon lcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsindən müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli 39 saylı məktubla müraciət olunmuş, Qazax rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli 58 saylı məktubla yuxarıda adları sadalanarı vətəndaşlara torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmiş, Kadastr idarəsi lərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur, bundan əlavə hər bir vətəndaş 0.12 ha həyətyanı torpaq sahəsinə 1210.0 (bir min iki yüz on) manat vəsait bələdiyyə büdcəsinə ödənilməklə, vətəndaşlara veriləcək torpaq sahəsi 40*30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları ilə kənarları bərkidilmişdir, lakin Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar sənədləşmə işləri yarımçıq qalmışdır, buna görə də yerdə qalan sənədləşmə işlərinin 2020-ci ilin yanvar ayında davam etdirilməsi məqsədə müvafiq hesab edilmişdir. -surəti işə əlavə edilmiş Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 24 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin alqı-satqı predmetinə uyğun olaraq İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 adına qərar və protokol olmamışdır və həmin şəxslərin öz təşəbbüsü ilə ödədikləri ödənişləri düzgün qaydada ödənilmədiyindən həmin ödənişlərin ləğv edilməsi və bələdiyyə büdcəsinə pul köçdükdə vətəndaşların bank hesablarına köçürülərək özlərinə qaytarılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Qazax rayon Ağköynənək-Qarapapaq bələdiyyəsinin İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 göndərmiş olduğu xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, bələdiyyəyə təşəbbüsləri ilə ödədikləri pulun geri qaytarılması üçün öz adlarına hesab açdırması və həmin hesab nömrəsinin Ağköynək-Qarapapaq bələdiyyəsinə təqdim edilməsi xahiş olunmuşdur Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun:- -2.1. maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2. maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -6.1. maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2. maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5. maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. -6.6. maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. -6.7. maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. -6.9. maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. -9.1. maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. -9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. -9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- -146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -146.3. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İşin hallarından məlum olur ki, iddiaçılara torpaq sahəsinin verilməsi barədə hərhansı qərar mövcud deyil. Qazax Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin xx.xx.2019-cu il tarixli, 58 nömrəli rəyindən də görünür ki, iddiaçılara satılması nəzərdə tutulmuş sahələrlə bağlı bələdiyyənin hüquqlarının qeydiyyata alınmasına razılıq verilmişdir. Mövcud qanunvericiliyə görə ilkin olaraq bələdiyyənin hüquqları qeydiyyata alınmadan torpaq sahələrinin satılması yolverilməzdir. İşdə olan sənədlərdən də göründüyü kimi iddiaçıların tələb etdikləri sahələrlə bağlı bələdiyyənin hüquqları qeydə alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdeh Qazax rayon Ağköynənək- Qarapapaq bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2042/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2042/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver