Məhkəmə qərarları › İş №2-1(114)-2043/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2043/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2043/2021 21.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 20.08.2021-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının təyin edilməməsi barədə” bildirişdən görünür ki, İddiaçı pensiya işininin arxiv sənədlərinə əsasən 01.01.2006-cı ilədək 13 il 11 ay iş stajı müəyyən olunmuşdur. Əmək kitabçasında qeyd olunmuş 05.08.1990-29.12.1997-ci illərdə “AYƏT” X2 mərkəzinin və 08.08.1998-08.07.2004-cü illərdə Azərsənayetikinti SC 3 saylı müəssisəsi “İnşaatçı” bağçılıq yoldaşlığının sənədləri X8 filialında saxlanılmır və hüquqi ünvanı məlum olmadığı səbəbindən qarşılıqlı yoxlamaq mümkün olmamışdır. 25 il sığorta stajı və 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin olunması imkan xaricindədir. İmtinanı qanunsuz hesab edən İddiaçı 17.09.2021-ci il tarixdə iddia ərizəsi və 19.10.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, onun 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə kimi X2 mərkəzində, 08.01.1998-ci ildən 01.07.2004-cü il tarixə kimi "xxxx" ASC-nin 3 saylı müəssisə “İnşaat” bağçılıq yoldaşlığında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 sentyabr 1976-cı ildən 15.05.1980-cı ilə kimi 3 saylı Tikinti montaj trestində SSRİ normorovşik işləmiş, 15.05.1980-ci il tarixdə əmək və əmək haqqı şöbəsinə texnik vəzifəsinə keçirilmiş, 16.02.1983-cü ildə həmin trestin mühasibatlıq şöbəsinə mühasib vəzifəsinə təyin edilmiş, 01.08.1990-cı il tarixdə işdən azad olunmuşdur. 05.08.1990-cı il tarixdə X2 mərkəzində mühasib vəzifəsinə işə qəbul edilmiş, 29.12.1997-ci il tarixdə işdən azad edilmişdir. 08.01.1998-ci ildə "xxxx"ASC 3 saylı müəssisə “İnşaatçı” bağçılıq yoldaşlığında mühasib vəzifəsinə işə qəbul edilmişdir. 01.07.2004-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən onun 12 il sosial sığorta stajı təsdiq olunmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Əmək kitabçasında 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə X2 mərkəzində mühasib işləmiş, 08.01.1998-ci ildən 01.07.2004-cü il tarixə kimi "xxxx" S.C 3 saylı müəssisə “İnşaatçı” bağçılıq yoldaşlığında işlədiyi müddət sosial sığorta stajına hesablanmamışdır. 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə X2 mərkəzində mühasib işləmiş, 08.01.1998-ci ildən 01.07.2004-cü il tarixə kimi "xxxx" S.C 3 saylı müəssisə “İnşaatçı” bağçılıq yoldaşlığında işləməyi faktı əmək kitabçası ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. İddiaçı 22.04.2020-ci il tarixdə pensiya təyin edilə bilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (61.5) çatmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış və 2004-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən hazırki qanunvericiliklə tələb olunan 25 ildən çox sığorta stajına malik olduğunu iddia edir. O, hesab edir ki, 05.08.1990-ci il tarixdən 29.12.1997-ci il tarixədək “AYƏT” X2 müəssisəsində, 08.01.1998-ci il tarixdən 01.07.2004-cu il tarixədək "xxxx" SC-nin 3 saylı müəssisəsinin “İnşaat” bağçılıq yoldaşlığında işlədiyi illərin sığorta stajina daxil edilməməsi qanunsuzdur. Məhz bu səbəbdən adıçəkilən müəssisələrdə işlədiyi illərin sığorta stajına daxil edilməklə, hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı səbəblərdən iddiaçıya verilmiş imtina məktubu qanuni və əsaslıdır. Tərəflərindən 07 oktyabr 2021-ci il tarixində **********00 nömrəli məktubuna X8 filialı tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli cavabda qeyd olunur ki, “AYƏT” X2 müəssisəsinin və "xxxx" SC-nin 3 saylı müəssisəsinin “İnşaatçı” bağçılıq yoldaşlığının arxiv sənədləri X8 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun cavablandırılması mümkün olmamışdır. Gəncə şəhər Statistika İdarəsinə ünvanlanmış 07.10.2021-ci il tarixli **********8 nömrəli məktuba verilmiş 19 oktyabr 2021-ci il tarixli cavabda qeyd olunmuşdur ki, “AYƏT" X2 müəssisəsi Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət reyestrində mövcud deyildir. Araşdırılmalar zamanı məlum olmuşdur ki, Azərsənayetikinti SC-nin 3 saylı müəssisəsi 29.10.1999-cu il tarixində Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Qeyd olunan müəssisə 14.07.2004-cü il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmışdır. Lakin nəzərə almaq lazımdır ki, müəssisənin dövlət qeydiyyatına alınması onun fəaliyyət göstərməsi anlamına gəlməməlidir. Müəssisə fəaliyyətdə olduğu dövr ərzində qanunvericiliklə müəyyən edilmiş vergi və mükəlləfiyyətləri ödəməlidir ki, bu da müəssisəsinin vergi orqanlarında uçota alındığı tarixdən etibarən mümkündür. Məhz bu səbəbdən müəssisənin qeydiyyat tarixi onun fəaliyyət göstərdiyi anlamına gəlməməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının əmək kitabçasında qeydlərin olmasına baxmayaraq əmək kitabçasında qeyd olunan müəssisələrlə bağlı məlumatlar öz təsdiqini tapmır. Cavabdehin nümayəndələri X3 və X4 etiraz qeydlərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - İ-JQ 417021 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 20.08.2021-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının təyin edilməməsi barədə” bildiriş; - İT-İ ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının surəti - 12 saylı Ərazi Vergilər Baş idarəsinin məlumatın verilməsi barədə 01.10.2021-ci il tarixli **********673800 nömrəli və 08.10.2021-ci il tarixli **********385400 nömrəli məktubları; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatın verilməsi barədə 06.12.2021-ci il tarixli **********816800 nömrəli məktubu; - Gəncə Şəhər Statistika İdarəsinin 07.10.2021-ci tarixli, 240 nömrəli və 28.10.2021-ci tarixli, 292 nömrəli məktubları; - İddiaçı inzibati icraat materiallarının təsdiq olunmuş surəti; - Azərbaycan Respublikası X8 filialının 28.10.2021-ci il tarixli 1185(352)/3 nömrəli məktubu; - Gəncə şəhər İcra Hakimiyyətinin 18.11.2021-ci il tarixli 03/1228 nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı məxsus 01.10.1976-cı il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixədək “AYƏT” X2 mərkəzində, 08.08.1998-ci ildən 08.07.2004-cü ilədək "xxxx" SC 3 saylı müəssisəsi “İnşaatçı” bağçılıq yoldaşlığında mühasib işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 20.08.2021-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının təyin edilməməsi barədə” bildirişində göstərilmişdir ki, İddiaçı əmək kitabçasında qeyd olunmuş 05.08.1990- 29.12.1997-ci illərdə “AYƏT” X2 mərkəzinin və 08.08.1998-08.07.2004-cü illərdə Azərsənayetikinti SC 3 saylı müəssisəsi “İnşaatçı” bağçılıq yoldaşlığının sənədləri X8 filialında saxlanılmır və hüquqi ünvanı məlum olmadığı səbəbindən qarşılıqlı yoxlamaq mümkün olmamışdır. - 12 saylı Ərazi Vergilər Baş idarəsinin məlumatın verilməsi barədə 01.10.2021-ci il tarixli **********673800 nömrəli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestrində “X2 Mərkəzi” adında hər hansı hüquqi şəxs aşkar edilməmiş, İN yanında DVXnin elektron uçot-məlumat bazası və kağız daşıyıcıda olan arxiv sənədlərinə əsasən "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsi 29.10.1999-cu il tarixdə 3/322 nömrəli qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyat alınmış, 04.11.1999-cu il tarixdə ********* vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN), 14.07.2004-cü il tarixdə ********** vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi uçotuna alınması və “Azərsənayetikinti" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsinin AZ2002, Gəncə şəhəri, Nəriman Nərimanov ev 12 olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatın verilməsi barədə 06.12.2021-ci il tarixli **********816800 nömrəli məktubundan görünür ki, Ayət X2 Mərkəzinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Müəssisə “İnşaat” bağçılıq yoldaşlığının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Gəncə Şəhər Statistika İdarəsinin 07.10.2021-ci tarixli, 240 nömrəli və 28.10.2021-ci tarixli, 292 nömrəli məktublarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Müəssisə “İnşaat” bağçılıq yoldaşlığı və Ayət X2 müəssisəsi Gəncə şəhəri statistik vahidlərin Dövlət reyestrində mövcud deyildir. - Azərbaycan Respublikası X8 filialının 28.10.2021-ci il tarixli 1185(352)/3 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Müəssisə “İnşaat” bağçılıq yoldaşlığının və Ayət X2 müəssisəsinin arxiv sənədləri filiala təhvil verilməmişdir. - Gəncə şəhər İcra Hakimiyyətinin 18.11.2021-ci il tarixli 03/1228 nömrəli məktubundan görünür ki, “Ayət” X2 müəssisəsinin 1990-1997-ci illərdə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Müəssisə “İnşaat” bağçılıq yoldaşlığının 1998-2004-cü illərdə fəaliyyət göstərib-göstərməməsi barədə məlumat yoxdur. İddia tələbindən məlum olduğu kimi iddiaçının tələbi 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə kimi “Ayət” X2 mərkəzində, 08.01.1998-ci ildən 01.07.2004-cü il tarixə kimi "xxxx" ASC-nin 3 saylı müəssisə “İnşaat” bağçılıq yoldaşlığında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: - 2.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. - 3.1-ci maddəsinə əsasən sğortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. - 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin, məhkəmənin sorğusu əsasında alınmış məlumata əsasən iddiaçının mübahisələndirdiyi “Ayət” X2 müəssisəsinin 1990-1997-ci illərdə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Müəssisə “İnşaat” bağçılıq yoldaşlığının isə 1998-2004-cü illərdə fəaliyyət göstərməsinə dair mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə nəzərə alır ki, 12 saylı Ərazi Vergilər Baş idarəsinin məlumatın verilməsi barədə 01.10.2021-ci il tarixli **********673800 nömrəli məktubuna əsasən "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli Müəssisəsi dövlət qeydiyyatına alınsa da, hüquqi şəxslərin dövlət reyestrində “Ayət” “X2 Mərkəzi” adında hər hansı hüquqi şəxs aşkar edilməmişdir. Bu səbəbdən də İddiaçı 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə “Ayət” X2 mərkəzində işləməsini müəyyən etmək mümkün deyildir. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasına məhkəmə tərəfindən baxış keçirilmiş, təqdim edilən sənədlər əsasında İddiaçı əmək kitabçasında qeyd edildiyi kimi həqiqətən 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə “Ayət” X2 mərkəzində işləməsi faktı məhkəmədə şübhə doğurmuşdur. Belə ki, iddiaçının “Ayət” X2 mərkəzində 29.12.1997-ci ildə işdən azad edilməsi barədə qeyd rus qrafikası ilə rus dilində yazılmış, habelə möhürdə Azərbaycan dilinin kiril qrafikası ilə “Azərbaycan SSR Gəncə şəh. X2 Mərkəzi Ayət” yazılmışdır. Halbuki, «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikasının 25.12.1991-ci il tarixli, 33 nömrəli Qanununa əsasən Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu bu gündən qüvvədən düşmüş hesab edilmiş, 1940-cı ilə qədər Azərbaycanda istifadə edilən 32 hərfdən ibarət latın qrafikalı Azərbaycan əlifbası kicik dəyişikliklərlə bərpa olunmuşdur. Bundan başqa, iddiaçının işdən azad edildiyi tarixdə - 29.12.1997-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqı mövcud olmamışdır. Ona görə də, həmin tarixdə vurulan möhürdə “Azərbaycan SSR” yazılması şübhə doğurmuşdur. Bundan əlavə, iddiaçıya məhkəməyə 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə “Ayət” X2 mərkəzində, 08.01.1998-ci ildən 01.07.2004-cü il tarixə kimi "xxxx" ASC-nin 3 saylı müəssisə “İnşaat” bağçılıq yoldaşlığında işləməsinə dair hər hansı bir əlavə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən edilən sorğular nəticəsində isə “Ayət” X2 mərkəzinin 1990- 1997-ci illər, "xxxx" ASC-nin 3 saylı müəssisə “İnşaat” bağçılıq yoldaşlığının 1998-2004-cü illər ərzində daimi olaraq fəaliyyət göstərməsi və iddiaçının həmin müəssisələrdə işləməsi təsdiq edilməmişdir. Sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının mötəbərliyi şübhə altındadır və iddiaçıya pensiya təyin edilməsi zamanı mötəbər sənəd hesab edilə bilməz. Digər tərəfdən məhkəmə tərəfindən iddiaçının əmək fəaliyyəti, müəssisəsinin ümumiyyətlə fəaliyyət göstərib-göstərməməsi barədə sorğular edilmiş, lakin iddiaçının 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə kimi “Ayət” X2 mərkəzində, 08.01.1998-ci ildən 01.07.2004-cü il tarixə kimi "xxxx" ASC-nin 3 saylı müəssisə “İnşaat” bağçılıq yoldaşlığında işləməsi, ümumiyyətlə isə müəssisələrin qeyd edilən tarixlər üzrə daimi olaraq fəaliyyət göstərməsi öz təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı 05.08.1990-cı il tarixdən 29.12.1997-ci il tarixə kimi “Ayət” X2 mərkəzində, 08.01.1998-ci ildən 01.07.2004-cü il tarixə kimi "xxxx" ASC-nin 3 saylı müəssisə “İnşaat” bağçılıq yoldaşlığında işləməsi öz təsdiqi tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, iddianın təmin edilməsi istisna olunduğundan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı tərəfindən iş stajının ona əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar