Məhkəmə qərarları › İş №2-1(114)-2043/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2043/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2043/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydində düzəliş edilməklə, ana adının “Səfurə”dən “Zafta” adına dəyişdirilməsi vəzifəsinin Azərbaycan Respublikası “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Kəlbəcər rayonunda anadan olmuşdur. X1, anası Ağayeva (Babaşova) Zafta Əmir qızıdır. Onun doğum haqqında akt qeydində ana adı texniki səhv olaraq “Zafta” əvəzinə, Səfurə kimi qeyd edilmişdir. İddiaçının Doğum haqqında Şəhadətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi ilə əlaqədar “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə etdiyi müraciətinə xx.xx.2024-cü il tarixli, 3-16-5/8-7xx/xx-2024 saylı məktubla cavab verilmişdir ki, doğum haqqında şəhadətnamə və akt qeydində ana adı “Səfurə” kimi qeyd edilmişdir. Ziddiyyət olduğu üçün Qeydiyyat şöbəsi düzəliş apara bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməlidir. Göstərilən xüsusatlara əsasən, iddiaçı hesab edir ki, onun doğum haqqında akt qeydində düzəliş ediməklə ana adının “Səfurə”dən “Zafta” adına dəyişdirilməsi vəzifəsi Azərbaycan Respublikası “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2043/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1969-cu il tarixli, 139 nömrəli Doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “İddiaçı”, ata-anası haqqında məlumat qrafasında “İsa Yaqub oğlu” və “X3” qeyd edilmişdir. xx.xx.1970-ci il tarixli, AЭ ******* №-li Doğum haqqında Şəhadətnamə “İddiaçı”na məxsusdur, atası qrafasında “X6”, anası qrafasında “X3” qeyd edilmişdir. xx.xx.1980-ci il tarixli, Vİİ-ЖГ 287296 №-li Doğum haqqında Şəhadətnamə “Babaşova Zafta Əmir qızı”na məxsusdur, atası qrafasında “Babaşov Əmir Davud oğlu”, anası qrafasında “Babaşova Qəndili Aslan qızı” qeyd edilmişdir. xx.xx.1980-ci il tarixli, İİ-ЖГ 338600 №-li Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən, X6 ilə Babaşova Zafta Əmir qızı arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmış, ərə və arvada Ağayev(a) soyadı verilmişdir. xx.xx.2019-cu il tarixli, AZ-İV 361104 №-li Doğum haqqında Şəhadətnamə “X5”na məxsusdur, atası qrafasında “X6”, anası qrafasında “X4” qeyd edilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydlərinin arxiv məlumatlarını araşdıraraq məlum olmuşdur ki, doğum akt qeydində ana adı doğum haqqında şəhadətnamədə olduğu kimi “Səfurə” qeyd edilmiş, lakin müraciət edən vətəndaşın şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı “Zafta” kimi qeyd edilmişdir. Arxiv məlumatlarda ciddi ziddiyət olduğundan yetkinlik yaşına çatmış şəxsin doğum haqqında akt qeydində Qeydiyyat şöbəsi tərəfindən düzəliş edilə bilmir. Qeyd olunanların nəzərə alınaraq məhkəmə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə doğum haqqında akt qeydində səhv qeyd edilmiş ana adının “Səfurə”dən “Zafta”ya dəyişdirilməsini xahiş edir. İddiaçı iddiasının əsası kimi qeyd etmişdir ki, iddiaçının anasının əsl adı “Zafta” olmuşdur. Lakin onun doğum haqqında akt qeydində anasının adı səhvən “Səfurə” kimi qeyd olunmuşdur. Bunun səbəbi isə hamının iddiaçının anasına sənəd üzrə adı ilə deyil, “Səfurə” kimi müraciət etməsi olmuşdur. Anasına məxsus bütün sənədlərdə anasının adı “Zafta” qeyd edilmişdir. Onun doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində anasının adının “Səfurə” kimi qalması ona bir çox maneələr yaradır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının anasına məxsus doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, bacısına məxsus doğum haqqında şəhadətnamədə iddiaçının anasının adı “Zafta” kimi qeyd edilmişdir. Yalnız iddiaçıya məxsus doğum akt qeydində və doğum haqqında şəhadətnamədə anasının adı “Səfurə” kimi yazılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində iddiaçının anasının adı düzgün qeyd edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, həqiqətən də İddiaçı anası X2r. Lakin akt qeydi tərtib edilərkən onun anasının adı səhvən sənəd üzrə adı kimi deyil, ailəsi və digər şəxslər tərəfindən anasına müraciət formasına uyğun “Səfurə” kimi yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək anasının adının “Səfurə”dən “Zafta”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək anasının adının “Səfurə”dən “Zafta”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar