Məhkəmə qərarları › İş №2-1(114)-2044/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2044/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2044/2025 27.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. 07.10.1977-ci il tarixli, V-ЖГ 289233 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuş, “atası” qrafasında X10, “anası” qrafasında X4 göstərilmişdir.

2. xx.xx.1980-ci il tarixli, Vİİ-ЖГ 287296 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Babaşova Zafta Əmir qızı xx.xx.1941-ci il tarixdə doğulmuş, “atası” qrafasında Babaşov Əmir Davud oğlu, “anası” qrafasında Babaşova Qəndili Aslan qızı göstərilmişdir.

3. xx.xx.1980-ci il tarixli, İİ-ЖГ 338600 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X10 ilə Babaşova Zafta Əmir qızı arasında nikah xx.xx.1980-ci il tarixdə bağlanmış, nikah bağlanandan sonra ərin və arvadın soyadları uyğun olaraq “Ağayev” və “Ağayeva” olaraq göstərilmişdir.

4. xx.xx.2005-ci il tarixli, AZE 03107141 seriya nömrəli şəxsiyyət vəsiqəsi X1 adına verilmişdir.

5. Bərdə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/075990-24 nömrəli arayışa əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqınd akt qeydi aşkar olunmamış, “nikah bağlanmışdır: “Ağayeva” soyadını qəbul edərək X10 ilə xx.xx.1980-ci ildə Bərdə rayon Qeydiyyat şöbəsində akt qeydi № 115 (nikaha daxil olanadək soyadı “Babaşova”), nikaha xitam verilmişdir: İ.Ağayev xx.xx.1990-cı ildə ölmüşdür (ölüm dövlət qeydiyyatına alınmışdır: xx.xx.1990-cı ildə Bərdə rayon Qeydiyyat şöbəsində, akt qeydi №8)” məlumatlar əlavə edilmiş, qeyd olaraq “Z.Ağayeva subaydır və onun nikah bağlanmasına mane olan allar mövcud deyil” göstərilmişdir.

6. Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-7xx/xx-2024 nömrəli imtina məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydaları”nın: 1.Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Belə ki, yuxarıda qeyd edilən doğum haqqında akt qeydlərinin arxiv məlumatlarını araşdıraraq məlum olmuşdur ki, doğum akt qeydlərində ana adı doğum haqqında şəhadətnamərdə olduğu kimi “Səfurə” qeyd edilmiş, lakin müraciət edən vətəndaşın şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı “Zafta” kimi qeyd edilmişdir. Arxiv məlumatlarda ciddi ziddiyət olduğundan yuxarıda qeyd edilən yetkinlik yaşına çatmış şəxslərin doğum haqqında akt qeydlərində Qeydiyyat Şöbəsi tərəfindən akt qeydlərində düzəliş edilə bilmir. Yuxarda qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

7. İddiaçı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək, doğum haqqında akt qeydində düzəliş edilməklə ana adının “Səfurə”dən “Zafta” adına düzəliş edilməsi öhdəliyinin cavabdeh Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X10, anası - Ağayeva (Babaşova) Zafta Əmir qızı olmuşdur. İddiaçı qeyd edir ki, onun doğum haqqında şəhadətnaməsində ana adı texniki səhv olaraq “Zafta” əvəzinə, “Səfurə” kimi qeyd edilmiş, doğum haqqında şəhadətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi üçün cavabdeh orqana etdiyi müraciət etmiş, ona imtina cavabı verilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/2-11-994/25 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1960-cı il tarixli, 23 nömrəli doğum akt qeydinə əsasən, Babaşova Zafta Əmir qızı xx.xx.1960-cı il tarixdə Azərbaycan SSR, Bərdə rayonu, Nazirli kəndində anadan olmuş, “anası” qrafasında Babaşova Qəndili Yaqub oğlu, “atası” qrafası boş olaraq göstərilmişdir. - Uşaq haqqında məlumata əsasən, X8 xx.xx.1968-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, “anası” qrafasında X5, “atası” qrafası boş olaraq göstərilmişdir. - 1970-ci il tarixli, 13 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinə əsasən, X8 xx.xx.1968-ci il tarixdə anadan olmuş, “ana haqqında məlumat” qrafasında X6, “ata haqqında məlumat” qrafasında X10 göstərilmişdir. - 07.10.1977-ci il tarixli, 221 nömrəli doğum haqqında akt qeydinə əsasən. İddiaçı xx.xx.1977-ci il tarixdə Azərbaycan SSR, Kəlbəcər rayonunda anadan olmuş, “ata haqqında məlumat” qrafasında X10, “ana haqqında məlumat” qrafasında X9 göstərilmişdir. - 1977-ci il tarixli, 11 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydinə əsasən, İddiaçı xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, “ata haqqında məlumat” qrafasında X10, “ana haqqında məlumat” qrafasında X6 göstərilmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

13. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

15. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

17. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir:

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı. 10.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

20. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24-2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

22. Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır.

23. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı doğum haqqında akt qeydində ana adının “Zafta” kimi yazılaraq düzəlişin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinaya əsası kimi isə, adları qeyd edilən doğum haqqında akt qeydlərinin arxiv məlumatlarını araşdıraraq məlum olmuşdur ki, doğum akt qeydlərində ana adı doğum haqqında şəhadətnamərdə olduğu kimi “Səfurə” qeyd edilmiş, lakin müraciət edən vətəndaşın şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində adı “Zafta” kimi qeyd edilmiş, arxiv məlumatlarda ciddi ziddiyət olduğundan yuxarıda qeyd edilən yetkinlik yaşına çatmış şəxslərin doğum haqqında akt qeydlərində Qeydiyyat Şöbəsi tərəfindən akt qeydlərində düzəliş edilə bilmədiyindən, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

25. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

26. Belə ki, iddiaçının anası X1 ad, soyad və ata adı xx.xx.1960-cı il tarixli, 23 nömrəli doğum akt qeydində, xx.xx.1980-ci il tarixli, Vİİ-ЖГ 287296 nömrəli doğum haqqında şəhadətnamədə və xx.xx.1980-ci il tarixli, İİ-ЖГ nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə “Babaşova Zafta Əmir qızı” olaraq göstərilmişdir. Həmçinin, iddiaçının anasına məxsus şəxsiyyət vəsiqəsi xx.xx.2005-ci il tarixdə AZE 03107141 seriya nömrəsi ilə Bərdə RPŞ tərəfindən verilmiş, ad, soyad və ata adı “X7” olaraq göstərilmişdir.

27. Göründüyü kimi, iddiaçının doğum haqqında akt qeydində, doğum haqqında şəhadətnaməsində, nikah haqqında akt qeydində və həmçinin şəxsiyyət vəsiqəsində də adı “Zafta” olaraq qeyd edilmişdir.

28. İddiaçının anası X3 məxsus əsas hüquqmüəyyənedici sənədlərdə adının “Zafta” kimi qeyd edildiyi halda, iddiaçının doğum haqqında akt qeydində “Safra” kimi olmasını məhkəmə əsaslı hesab etmir.

29. Bundan əlavə, iddiaçının qardaşı X2 cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2043/2025 nömrəli qərarı ilə təmin edilmiş, qərar öz qanuni qüvvəsini almışdır.

30. Belə ki, məkməmə onu vurğulamağı zəruri hesab edir ki, artıq məhkəmə qərarı ilə iddiaçının anasının adının “Zafta” olması müəyyən edilmiş, iddiaçının qardaşının doğum akt qeydində müvafiq düzəlişin edilməsi qərara alınmışdır.

31. Beləlikə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı doğum haqqında akt qeydində ana haqqında qrafasında “Səfurə” adına “Zafta” kimi düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. 33. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

İddiaçı məxsus 1977-ci il tarixli, 11 nömrəli doğum haqqında akt qeydində “ana haqqında məlumat” qrafasında “Səfurə” adına “Zafta” kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar