Məhkəmə qərarları › İş №2-1(114)-2045/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2045/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2045/2025 09.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Ağdam rayonu Qaradağlı kənd Ə/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydində “Zeynalov” kimi qeyd edilmiş soyadının düzəliş edilərək “Abdullayev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Ağdam rayonu Qaradağlı kənd Ə/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydində “Zeynalov” kimi qeyd edilmiş soyadının düzəliş edilərək “Abdullayev” kimi qeyd edilməsi üçün Ağdam rayonu qeydiyyat şöbəsinə müraciət etmiş, şöbənin xx.xx.2024-cü il tarixli 1181-05/15 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam rayonu Qaradağlı İ/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum haqqında akt qeydində uşağın soyadı "Zeynalov" kimi yazılmasına baxmayaraq onda olan İ-ИE 793609 saylı doğum haqqında şəhadətnamədə isə soyadı "Abdullayev" kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas muddəalara əsasən vətəndaşlıq vəziyyətı aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mubahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina etmişdir.

2. Ağdam rayonu Qaradağlı kənd Ə/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydindən müəyyən olunur ki, xx.xx.1952-ci ildə Ağdam rayonu Mahrızlı kəndində anadan olmuş X2 atası X4, anası X3r.

3. İV-ЖГ № 403519 nömrəli xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.1993-cü ildə vəfat etmişdir.

4. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 473-05/13 nömrəli cavab məktubu və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı xx.xx.1952ci ildə anadan olmuş və ananın dediyinə görə uşağa ata adı Fərman olaraq qeyd olunmuşdur. xx.xx.1952-ci il tarixli 130 nömrəli doğum akt qeydində uşağı soyadı Zeynalov, adı Nazim, ana adı X5 olaraq qeyd olunmuş, ata qrafasında isə heç bir məlumat qeyd olunmamışdır.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Arxivinin Ağdam filialının xx.xx.2025-ci il tarixli 10 nömrəli cavab məktubunda Ağdam rayon Qaradağlı kənd Ərazi nümayəndəliyinin 1952-ci ilə aid Nigah və doğum haqqında olan Akt qeydiyyat kitabları filiala təhvil verilmədiyi və mühafizə olunmadığı üçün X6 və valideynləri haqqında məlumat vermək mümkün olmamışdır.

6. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 162-05/13 nömrəli cavab məktubundan və ona əlavə olunmuş nikah akt qeydindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə 21 nömrəli ilə Ağdam rayon Qaradağlı İ/N-də X4 ilə X1 nikahları qeydə alınmışdır. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Ağdam rayonu Qaradağlı kənd Ə/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydində “Zeynalov” kimi qeyd edilmiş soyadının düzəliş edilərək “Abdullayev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X6 xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, Mahrızlı kəndində vəfat etmişdir. Həmin ərizəyə əlavə edilmiş atasına məxsus Doğum haqqında şəhadətnamədən və digər hüquq müəyyənedici sənədlərdən görünür ki, atasının soyadı həmin sənədlərdə "Abdullayev" kimi qeyd edilmişdir. Məhrum atasından miras qalmış əmlaka vərəsəliyinlə bağlı olaraq müvafiq sənədlərin aidiyyatı orqanlara təqdim olunması zərurəti ilə bağlı Ağdam Notariat Ofisinə müraciət edərkən atasına məxsus doğum haqqında akt qeydində soyadının "Zeynalov" olduğu müəyyən edilmişdir. Belə olan halda Cavabdehnə müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilərək atasının soyadının "Abdullayev" kimi qeyd edilməsini xahiş etmişdir. Cavabdeh 26 oktyabr 2024-cü il tarixli cavabında "Zeynalov" soyadının "Abdullayev" soyadına dəyişdirilməsindən imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ağdam rayonu qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 1181-05/15 nömrəli arayışı; - xx.xx.1952-ci il tarixli 130 nömrəli doğum akt qeydi; - İV-ЖГ № 403519 nömrəli xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamə; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 473-05/13 nömrəli cavab məktubu və ona əlavə olunmuş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Arxivinin Ağdam filialının xx.xx.2025-ci il tarixli 10 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 162-05/13 nömrəli cavab məktubundan və ona əlavə olunmuş nikah akt qeydi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. İş materialları ilə müəyyən olur ki, İddiaçı Ağdam rayonu Qaradağlı kənd Ə/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydində “Zeynalov” kimi qeyd edilmiş soyadının düzəliş edilərək “Abdullayev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 1181-05/15 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Ağdam rayonu Qaradağlı İ/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952ci il tarixli doğum haqqında akt qeydində uşağın soyadı "Zeynalov" kimi yazılmasına baxmayaraq onda olan İ-ИE 793609 saylı doğum haqqında şəhadətnamədə isə soyadı "Abdullayev" kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas muddəalara əsasən vətəndaşlıq vəziyyətı aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mubahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina etmişdir.

24. Hazırda iddiaçı atasının soyadının “Abdullayev” olduğunu əsas gətirərək, atası barəsində Ağdam rayonu Qaradağlı kənd Ə/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydində “Zeynalov” kimi qeyd edilmiş soyadının düzəliş edilərək “Abdullayev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.

26. Göründüyü kimi, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

27. Hazırki işdə də iddiaçının atası X2 anadan olduğu xx.xx.1952-cı il tarixdə onun valideynləri arasından nikah bağlanmamış, həmçinin, atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmamışdır. Bu səbəbdən də iddiaçının soyadı ailə qanunvericiliyinin tələblərinə əsasən anasının soyadına uyğun olaraq “Zeynalov” kimi yazılmışdır. Nikah isə doğumdan sonrakı dövrdə qeydə alınmışdır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

29. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının atasının barəsində Ağdam rayonu Qaradağlı kənd Ə/N tərəfindən tərtib edilmiş 130 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydində düzgün olaraq onun ana soyadı olan “Zeynalov” kimi qeyd edilmişdir və cavabdeh orqan düzəliş etməkdən imtinada haqlı olmuşdur. Ona görə də, iddia tələbi təmin edilməməlidir.

30. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar