Məhkəmə qərarları › İş №2-1(114)-205/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-205/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-205/2021 02.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2018-ci il tarixdə, 059990 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. Həmin tarixdən etibarən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi (daha sonra Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialı adlandırılmışdır) tərəfindən ona müavinət xx.xx.2018-ci il tarixdən təyin olunaraq ödənilməsi həyata keçirilir. İddiaçının əvvəllər verilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdam rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinin təmin olunmasından sonuncu tərəfindən xx xxxxxxxx 2020ci il tarixli 21/**********3 nömrəli məktubla imtina edilmişdir və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi müharibə veteranlarına sosial müavinət (xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü) təyin edilməsi üçün əsas sənəd hesab olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən iddiaçıya veteran vəsiqəsi xx.xx.2018-ci il tarixdə verildiyi üçün qanunvericiliyə uyğun olaraq sosial müavinət həmin tarixdən, yəni xx.xx.2018-ci il tarixdən təyin olunaraq ödənilir. Qarabağ müharibə veteranlarına veteran vəsiqəsi verildiyi gündən sosial müavinət (xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü) hesablanaraq ödənilir, əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycab Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən Qarabağ müharibə veteranlarına Sosial müavinət ödənişi dayandırılmış və xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin olunaraq ödənilir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi ödənilməli olan sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən xx.xx.2018-ci il tarixli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən də sosial müavinət ödənilir. Ancaq iddiaçı hesab edir ki, müavinət ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən, yəni xx.xx.2005-ci ildən ödənilməli idi. Bununla bağlı cavabdehə müraciət etsə də, göstərilən müddət üçün müavinət ödənilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2017-ci ilin mart ayında pensiya yaşına çatdığı üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, 2017-ci ilin aprel ayından ona pensiya təyin olunmuşdur. O, xx xxxxxx 2018-ci il tarixdə veteran vəsiqəsi almış olsa da, pensiya təyin olunduğu üçün ona müavinət ödənilməmiş, 2019-cu ilin aprel ayından isə Prezident təqaüdü alır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixində veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi vətəndaşa veteran statusu aldığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən ona sosial müavinət təyin etmişdir. İddiaçı əvvəlki illər üzrə müavinətin ödənilməsi üçün Fondun Ağdam rayon şöbəsinə (indiki 5 saylı regional ərazi filialına) ərizə ilə müraciət etmiş, sonuncu isə cavab məktubu ilə müavinətin ödənilməsindən imtina etmişdir. İddiaçının xx.xx.2005-ci ildən xx.xx.2018-ci ilədək ödənilməmiş sosial müavinət tələbi Qanunun 9.1-ci maddəsinə ziddir. Həmin qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, “veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2018-ci il tarixli, M/V seriyalı 059990 nömrəli “müharibə veteranı” vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müharibə veteranı vəsiqəsi verilmişdir. - cavabdehin xx.xx.2020-ci il tarixli 21/**********3 nömrəli məktubundan görünür ki, iddiaçıya əvvəlki illər üçün müharibə veteranlarına nəzərdə tutulmuş sosial müavinətinin ödənilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubuna və iddiaçıya məxsus 17/2332 nömrəli pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı xx xxxxx 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi hazırkı mübahisə sosial müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər, yəni xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Bu Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Şərh olunanlarla bağlı Məhkəmə qeyd edir ki, şəxs müharibə veteranı statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanır. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilər. İddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı müharibə veteranı kimi hüquqlarını “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən də, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər və sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Hazırki işdə iddiaçıya müharibə veteranı vəsiqəsi xx xxxxxx 2018-ci il tarixdə verilmiş, lakin iddiaçının həmin tarixdə (xx.xx.2017-ci il tarixdən) yaşa görə əmək pensiyası almaq hüququ olduğundan bu hal onun sosial müavinət almasını istisna etmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 11.1.5-ci maddəsinə əsasən müavinətin ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Məhkəmə o qənaətə gəlir ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixdə veteran statusu əldə etdiyindən, onun həmin tarixdən 3 (üç) il əvvəlki tarix, yəni xx xxxxxx 2015-ci ildən sosial müavinət almaq hüququ yaranmışdır və xx xxxxx 2017-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ qazandığı vaxtadək sosial müavinət almaq hüququna malikdir, həmin müavinətin ona ödənilməsini istisna edən hər hansı hal iş materiallarında müəyyən edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, yəni cavabdehin üzərinə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş sosial müavinətin iddiaçıya ödənilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar