Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-205/2023 11.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl rayon Quşqara bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Quşqara kəndinin (hazırda Gəncə şəhərinin) ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, sahibliyində olan üzərində ev tikintisi yerləşən həyətyanı təyinatlı 0,06 ha torpaq sahəsi ona Xanlar (hazırda Göygöl) rayon Quşqara Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün xx.xx.2007-ci il tarixli 2021-ci il tarixli qərara və torpağın alqı-satqı aktına uyğun olaraq satılmışdır. Bələdiyyənin notariat alqısatqı müqavilələrinə bərabər tutulan alqı-satqı aktlarına o zaman mütləq DT və XK-nin rayon şöbələrinin rəisləri alqı-satqıya dair rəylərini verir, xəritə hazırlayır, alqı-satqı aktına imza edib, möhür vururlar. Onunla bağlanan alqı-satqı da məhz qanunla müəyyən edilən həmin qaydada bağlanmışdır. Hazırda həmin torpaq sahəsinin inzibati idarəçiliyi başqa torpaq sahələrinin tərkibində Gəncə şəhər inzibatı ərazisinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdehin qeyd edilən imtinası ona görə qəbul edilməzdir ki, əgər qeyd edilən 0,06 ha torpaq sahəsi həyətyanı təyinatlı olmasaydı DT və XK alqı-satqı barədə razılıq rəyi verməz, alqı-satqı aktına öz möhürünü qoymaz, aktı imzalamazdı, alqı-satqı da baş verməzdi. Həmin ərazidə həyətyanı sahə tək ona deyil, başqa alıcılara da satılmışdır. İkincisi, əgər həmin torpaq sahəsi ətraf torpaq sahələri ilə rəsmi qaydada Gəncə şəhərinin ərazisinə qatılıbsa, örüş sahəsi olsaydı belə, təyinatı dəyişdirilmiş olardı, çünki şəhərə nə əkin, nə də örüş sahəsi lazım deyil, şəhər əkin əkmək, mal-qara otarmaq yeri deyil. Üçüncüsü, DT və XK ləğv ediləndən sonra onun bütün səlahiyyətləri cavabdeh quruma verildiyi üçün bu qurum indiyə kimi bütün qarışıqlıqları aradan qaldırmağa, işlərini səhmana salmağa, baza və xəritə məlumatlarında şəhər torpaqlarına münasib dəyişikliklər aparmağa borclu olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl rayon Quşqara bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********69 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, müayinə baxışı zamanı iddiaçının vətəndaşın faktiki istifadə etdiyi torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə və baza məlumatlarına əsasən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 nömrəli qərarından görünür ki, Xanlar rayonu Quşqara Bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən 0.34 hektar ayrılıb 5 nəfər vətəndaşa 1 nəfərə 0.10 hektar, 4 nəfərin hər birinə 0.06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş DT və XK-nin Xanlar rayon şöbəsinin 183 nömrəli rəyindən görünür ki, 05 nəfər vətəndaşa satılması nəzərdə tutulan 0.34 ha torpaq sahəsi Quşqara bələdiyyəsinin mülkiyyətində olmaqla kənddaxili olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. -surəti işə əlavə edilmiş Quşqara bələdiyyəsi, DT və XK-nin Xanlar rayon şöbəsi və mülkiyyətçilərin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar rayonu Quşqara bələdiyyəsinin kənd daxili ərazisindəki torpaq sahəsindən 0,34 ha ayrılıb 5 nəfər vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün satılması məqsədə uyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş yerquruluşu planından çıxarış iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 nömrəli qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 51.84 (əlli bir manat səksən dörd qəpik) manat pul ödənilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 5 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Xanlar rayon Quşqara bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 51.84 (əlli bir manat səksən dörd qəpik) manat pul ödənilmişdir manat məbləğində pul köçürülmüşdür. -işə əlavə edilmiş Göygöl rayon Quşqara Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 68 nömrəli məktubundan görünür ki, Xanlar (Göygöl) rayon Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə 37 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. -işə əlavə edilmiş Göygöl rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 484 nömrəli məktubundan görünür ki, Xanlar (Göygöl) rayon Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə 37 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin hüdudlarında Quşqara bələdiyyəsinə verilmiş torpaqların yerquruluşu sxeminə (KOD ********) istinadən bələdiyyə mülkiyyətinə aiddir. Naturada təqdim edilən torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin hüdudlarında Quşqara bələdiyyəsinə verilmiş torpaqların yerquruluşu sxeminə (KOD ********) istinadən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsi məqsədli istifadə təyinatına görə ümumi istifadədə olan örüş sahəsidir. Torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddiaçı Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 nömrəli qərarı ilə ona satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -47.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir 47.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə bələdiyyə mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olan əhalinin mal-qarası üçün istifadə olunan örüş sahəsi torpağında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan əhalinin malqarası üçün istifadə olunan örüş sahəsi torpağı olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-205/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-205/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver