Məhkəmə qərarları › İş №2-1(114)-2052/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2052/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2052/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı dürüstləşmə barədə qərarının onun 7 nəfərlik ailə üzvləri ilə bağlı hissədə ləğv edilməsi və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında tərtib olunmuş ailə üzvlərinin 7 nəfərlik siyahısına uyğun olaraq cavabdehin üzərinə çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1794/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd olunan iddia tələbləri ayrı-ayrı müstəqil işlər üzrə icraat ayrılmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası qanunlarına və digər normativ hüquqi aktlara uyğun olaraq Gədəbəy rayonu keçmiş M.Quliyev adına sovxozun kənd təsərrüfatı torpaqlarının subyektlərin siyahısına əsasən pay torpaqlarına bölünməsi barədə Gədəbəy rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli, 17 saylı qərar qəbul edilmişdir. Keçmiş sovxozun kənd təsərrüfatı torpaqlarının əkinə yararlı hissəsi, həm də biçənək hissələri paylara bölünmüşdür. Arıqdam kənd ərazisində əkin torpaqları pay adambaşına 0.758 ha, biçənək torpaqları isə adambaşına 0.1162 ha həcmdə bölünmüşdür. xx.xx.1998-ci il tarixli qərarı əsasında müəyyən olunmuş Gədəbəy rayon Arıqdam kənd inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında X2, anası X9, özü İddiaçı, X10 (səhv olaraq qərarda siyahıda Təran kimi yazılıb) Mayıl qızı, X5, qızı X6, qızı Ələsova (Hacıyeva) İlahə Aslan göstərilmişdir. İlkin torpaqayırma sənədləri (xx.xx.1998-ci il tarixli iclas protokolu və qərarı) əsasında X2nun adına (7 nəfər ailə üzvlərinin adına) JN-0078 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. O, Dövlət aktında olan mülkiyyətçilərin etibarnamə üzrə nümayəndəsi olaraq cavabdehə həyətyanı və pay torpağa dair çıxarışın verilməsi barədə müraciət etdikdə cavabdehin tabeliyində olan "xxxx" MMC-nin cavab olaraq təqdim etdiyi ilkin torpaqayırma sənədlərində Gədəbəy RAİK-nın xx.xx.2001-ci il tarixli, 02 saylı iclas protokolu və iclasda qəbul olunmuş dürüstləşmə barədə qərara istinad edərək imtina etmişdir. İmtina və dürüstləşmə qərarında əvvəla necə olur ki, pay torpağı alanlar əvvəlki qeyd edilən siyahıda 7 nəfər ailə üzvləri göstərilmiş, dürstləşmə qərarı isə tərtib olunmuş siyahıda isə 6 nəfər ailə üzvləri göstərilmişdir. X10 (Təran) göstərilməmişdir. Bu hal bacısının mülkiyyət hüququnu pozur. Onun səhv yazılması siyahını tərtib edən şəxs tərəfindən olmuşdur. İkincisi, birinci siyahıda (hər iki siyahı cavabdehin tabeliyindəki MMC tərəfindən bizə təqdim olunub), mərhum atasının adına həyətyanı torpaq sahəsi 0.25 ha faktiki olaraq 0.36 ha göstərilmiş, onun isə alqı-satqı müqaviləsi əsasında aldığı həyətyanı torpaq sahəsi isə 0.25 ha faktiki 0.45 ha göstərildiyi halda, ikinci 2001-ci il siyahıda isə atasının adına həyətyanı torpaq sahəsi 0.25 ha, faktiki 0.67 ha göstərilmiş onun adına isə heç bir məlumat yoxdur. Bunun səbəbi məlum deyil ki, niyə iddiaçının adına ev və torpaq sahəsi göstərilməmişdir. İddiaçı hesab edir ki, adı birinci siyahıda varsa onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin göstərilməsi dürüstlük sayılır. Yəni onun müqavilə əsasında aldığı torpağın və evin şəxsi hesab nömrəsi qaralanmış və evin tikilmə tarixi isə düzgün göstərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı aidiyyatı üzrə şöbəyə sorğu verilmişdir. Cavab olaraq bildirilmişdir ki, Gədəbəy rayonu, Arıqdam kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmiş və pay torpaq sahəsinə dair subyektlərin siyahısında isə X3 ailə tərkibi kimi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq müraciətdə qeyd edilən məsələnin həlli Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. X3 adına Aqrar İslahat Komissiyası tərəfindən 0.25 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrə **********43-10301 nömrəli reyestrlə mülkiüyyət hüququ tanınmışdır. Həmin hissədə 0.10 ha zəbt torpaq sahəsi mövcüddür. X1 qeyd olunan 0.42 ha zəbt torpaq sahəsi İddiaçı istifadəsindədir. Həmin torpaq sahəsinin 0.25 ha hissəsinə **********37-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin həmin hissədə faktiki qalan zəbt torpaq sahəsi 0.2118 ha təşkil edir. Ondan 0.859 ha hissəsi 10 kv elektrik xəttinin mühafizə zonasında yerləşir. Ümumilikdə X2 və iddiaçının ümumi istifadəsində olan zəbt torpaq sahəsi 0.3118 ha təşkil edir. Məlumat üçün bildirilmişdir ki, qeyd olunanlarla bağlı aidiyyatı üzrə yerli Bələdiyyəyə müraciət edilməsi məqsədə müvafiq hesab edilir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. İşin halları JN - 0078 Kod 50532018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”dan görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı qərarına əsasən, X8, X9, İddiaçı, X5, X6 və X4 Gədəbəy rayonu, Arıqdam kəndindən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı dürüstləşmə barədə qərarının qismən ləğv edilməsini xahiş edir. Qeyd olunur ki, yerli aqrar islahat komissiyalarının hüquqi varisi qismində yerli icra hakimiyyətləri çıxış edir. Bu səbəbdən hazırkı iş üzrə cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyəti olmalıdır. Bununla əlaqədar olaraq cavabdehin dəyişməsi barədə ərizə verilməsi zərurəti olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən sərəncama əməl edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar