Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2053/2021 11.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Mənzil Təmir İstismar Sahəsinə qarşı mənzilə dair orderin yenidən verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Mənzil Təmir İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə 22.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.3 kv.m-dən ibarət mənzilə orderin yenidən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1989-cu ildən ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildə yaşayır. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Qeyd olunan mənzili alan zaman onun adına order verilmişdir, lakin sonradan həmin order naməlum səbəblərdən itmişdir. Bununla bağlı X5 filialına müraciət etmiş, orderin arxivdə tapılmaması barədə arayış verilmişdir. Dövlət Arxivində orderin kötüyü tapılmadığı üçün iddiaçı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin mənzilin orderinin yenidən ona verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əvvəllər həmin evə dair orderin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Bərdə Mənzil Təmir İstismar Sahəsinin 15.09.2021-ci il tarixli 441 nömrəli arayışından görünür ki, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 55 nömrəli 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 7 nömrəli mənzil 2 otaqlı, yaşayış sahəsi 30.3 kv.mdən ibarət olmaqla Bərdə Mənzil Təmir İstismar Sahəsinin balansındadır, mənzilin əsas kirayəçisi İddiaçıdur və o, uzun illərdir ki, 6 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. -Bərdə Mənzil Təmir İstismar Sahəsinin 15.09.2021-ci il tarixli 441 nömrəli arayışından (Forma 2) görünür ki, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 55 nömrəli 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 7 nömrəli mənzilin əsas kirayəçisi İddiaçıdur və onunla birlikdə arvadı X7, oğlu X2, gəlini X1, nəvələri X3 və X4 yaşayır. -Azərbaycan Respublikası X5 filialının 16.09.2021-ci il tarixli 61/10 nömrəli arxiv arayışında bildirilir ki, X6 mühafizə olunan Bərdə rayon XDS İcraiyyə Komitəsinin iclas protokollarına baxış keçirilmiş və İddiaçı adına Bərdə şəhəri, Təbriz küçəsi, döngə 55, 7 nömrəli mənzilin qərarı tapılmamışdır. -Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 13.09.2021-ci il tarixli 3/720 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 55 nömrəli 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 7 nömrəli mənzilin əsas kirayəçisi olduğunu iddia edərək həmin mənzilə dair onun adına yenidən order verilməsini Bərdə Rayon İcra Hakimiyyətindən tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, qüvvədə olan Mənzil Məcəlləsinə əsasən mənzillərə order sənədi verilmir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsinin məzmununda iddiaçı həmin mənzildə 1989-cu ildən yaşadığını, mənzili alan zaman onun adina order verildiyini və sonradan həmin orderin naməlum şəraitdə itdiyini bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin dövrdə mənzil münasibətləri 8 iyul 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi ilə tənzimlənmişdir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:- -3-cü maddəsinə əsasən Azərbaycan SSR-də mənzil münasibətləri SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsasları ilə və həmin Əsaslara uyğun olaraq qəbul edilən SSR İttifaqının mənzil qanunvericiliyinin başqa aktları ilə, bu Məcəllə və Azərbaycan SSR mənzil qanunvericiliyinin digər aktları ilə tənzimlənir. -48-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi həmin dövrün mənzil qanunvericiliyinin tələblərinə əsasən vətəndaşların yaşayış sahəsinə köçmək üçün yeganə əsası kimi müvafiq qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilən order göstərilmişdir. İddiaçı həmin mənzili alan zaman onun adına order verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müvafiq arxiv məlumatından da göründüyü kimi Bərdə rayon XDS İcraiyyə Komitəsinin iclas protokollarına baxış keçirilən zaman İddiaçı adına rast gəlinməmişdir. Beləliklə göründüyü kimi iddiaçı həmin mənzilin ona orderlə verilməsini iddia etsə də, bunu məhkəmədə sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə mənzillərə order verilməsi nəzərdə tutulmamışdır. Beləliklə mübahisəli mənzilə dair ilkin orderin iddiaçının adına verilməsi iş materialları ilə təsdiq olunmadığından, həmin mənzilə dair onun adına yenidən orderin verilməsi də qeyri-mümkündür. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh Bərdə Rayon İcra Hakimiyyətinin hazırki işlə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdehlər Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Mənzil Təmir İstismar Sahəsinə qarşı mənzilə dair orderin yenidən verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2053/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2053/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver