Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2053/2022 01.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Müdafiə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə 004283 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmiş və bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. İddiaçıya xx.xx.2006-cı il tarixdən etibarən cavabdeh tərəfindən sosial müavinətin ödənilməsi həyata keçirilmişdir. İddiaçı müavinətin təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün ona verilməmiş müharibə veteranları üçün müəyyən edilmiş aylıq müavinətlərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə qanunvericiliyə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyinə istinad edərək 20 dekabr 2021-ci il tarixli, **********2 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək sosial müavinətin təyin edildiyi vaxtdan əvvəlki 3 il üçün müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ona ödənilməmiş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən xx.xx.1997-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən başlayaraq müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinət ona verilmiş, lakin müharibə veteranlarına vəsiqənin verildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmuş müavinət ona ödənilməmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək ona ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Daha sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona müharibə veteranı vəsiqəsinin xx.xx.1997-ci il tarixdə verilsə də, müavinətin verilməsi “Sosial müavinətlər haqqında” Qanunun tətbiq edildiyi vaxtdan icra olunduğundan ona sosial müavinətin ona təyin edildiyi vaxtdan əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-707/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin Qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin Qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı müavinət təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədi xx.xx.1997-ci il tarixində əldə etdiyinə görə həmin tarixdən əvvəlki dövrdə iddaçı "müharibə veteranı" statusuna malik olmadığından və müvafiq müavinətin təyin edilməsi və məbləği barədə hər hansı hüquqi akt qüvvədə olmadığından, ona 1994-1997-ci illər üzrə müavinətin verilməsi mümkün deyil. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.1997-ci il tarixli, 004283 nömrəli veteran vəsiqəsinin kserosurəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 dekabr 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi xx.xx.1997-ci il tarixdən verilmiş və iddiaçıya xx.xx.2006-cı il tarixdən etibarən cavabdeh tərəfindən müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi həyata keçirilmişdir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin təyin edildiyi tarixdən əvvəlki illər üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Hazırkı iş üzrə İddiaçı xx.xx.2006-cı il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinəti təyin edilərək ödənilmişdir. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.1. maddəsində qeyd edilir ki, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrıayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. 1.4. maddəsinə əsasən birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Qaydalarda da aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Beləliklə, iddiaçı müavinət təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədi xx.xx.1997-ci il tarixində əldə etdiyinə görə həmin tarixdən əvvəlki dövrdə iddiaçı "müharibə veteranı" statusuna malik olmadığından və 2003-cü ilin yanvar ayından 2006-cı ilin yanvar ayına kimi müddətdə müvafiq müavinətin təyin edilməsi və məbləği barədə hər hansı hüquqi akt qüvvədə olmadığından, ona bu illər üzrə müavinətin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2053/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2053/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver