Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2055/2020 03.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Göygöl rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1955-ci il tarixdə Xanlar rayonun Dozular kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2019-cu il tarixdə yaşa görə pensiyaya çıxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Göygöl rayon filialına müraciət etmiş, sonuncu arxiv arayışında qeyd edilən 1977-1988-ci illər əmək kitabçasında göstərilmədiyi və əmək kitabçasındakı sosial sığorta stajı isə minimum pensiya təminatına imkan vermədiyi üçün iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı arxiv arayışında qeyd edilən kolxozda işlədiyi 1977-1988-ci illərin sosial sığorta stajına daxil edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1164/2019 saylı, x xxxxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 1977-1987-ci illərdə Göygöl rayon Kuybişev adına kolxozda işləməsinə dair xx.xx.2019-cu il tarixli 30 nömrəli Göygöl rayon Dövlət Arxiv arayışında qeyd edilən işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi cavabdehə həvalə edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxxxx 2019-cu il tarixli qərarı ilə razılaşan Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(104)-822/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)- 1389/2020 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(104)- 822/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı pensiya təyin olunması üçün yenidən xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2020-ci il **********7 nömrəli məktubda bildirilmişdir ki, əmək kitabçasında göstərilən müəssisədə işlədiyi illərin yerində yoxlaması zamanı müəssisə tərəfindən əmr kitabları təqdim edilmədiyindən işə qəbul və çıxma əmrlərin düzgünlüyünün yoxlanılması mümkün olmamış, həmçinin təqdim olunan əmək haqqı cədvəllərində yalnız 1990-1991-1992-1993-cü illərdə əmək haqları qeyd olunduğu göstərilmişdir. 1994-2003-cü illərə aid əmək haqqı cədvəlləri müəssisə tərəfindən təqdim olunmadığı üçün hansı illərədək əmək haqqı almağını aydınlaşdırmaq mümkün olmamışdır. 1994-2003-cü illərə aid stajın yoxlanılması mümkün olmadığından 25 il sığorta stajın öz təsdiqini tapmamış və bunun əsasında əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus İT-İ №0916588 nömrəli əmək kitabçası ilə müəyyən edilmiş xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (14 il 05 ay 11 gün) olan əmək fəaliyyətinin sosial sığorta stajına əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək İT-İ №0916588 nömrəli əmək kitabçası ilə müəyyən edilmiş xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyətinin sosial sığorta stajına əlavə edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının Ali Məhkəmənin təsdiq etdiyi iş stajını, hərbi biletində göstərilən hərbi xidmətdə qulluq etdiyi dövrü, əmək kitabçasında qeyd edilən sosial sığorta stajının isə xx.xx.1994-cü ilədək olan hissəsini qəbul edirlər. 1994-2003-cü illər isə müəssisə tərəfindən əmr kitabı və əmək haqqı cədvəlləri təqdim olunmadığı üçün sosial sığorta stajı kimi qəbul edilmir. Qeyd olunan illərin sosial sığorta stajı kimi qəbul edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə araşdırmasının predmetini pensiya təyin edilməi ilə bağlı iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları, iddiaçıya məxsus İT-İ №0916588 nömrəli əmək kitabçası, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1389/2020 nömrəli qərarı, cavabdehin imtinası təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən sənədləri araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulması, xx.xx.2018-ci il tarixdə (63 il 06 ay) pensiya yaşına çatması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1988-ci ildən xx.xx.2003-cü ilədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada aparılan qeydlərə dair xx.xx.1994-cü ilədək əmək haqqı cədvəlləri ilə yoxlanılması mümkün olsa da, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün yerində qarşılıqlı yoxlanması mümkün deyildir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1988-2003-cü illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı xx.xx.1988-xx.xx.2003-cü illərdə işləməsi barədə əmək kitabçası təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1988-2003-cü illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləməklə, həmin illər üzrə 14 il 04 ay 03 gün sosial sığorta stajı qazanmışdır. Bundan başqa iddiaçının 1977-1987-ci illərdə (10 il), xx.xx.1987-xx.xx.1988 (01 il 23 gün), xx.xx.1988-xx.xx.1988 (01 ay 14 gün), xx.xx.1988-xx.xx.1988 (23 gün), əmək fəaliyyəti ilə məşğul olması və 02 il hərbi xidmətdə olması həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun tələblərinə uyğun olaraq ümumilikdə 13 il 03 ay sosial sığorta stajı qazanması cavabdeh tərəfindən mübahisələndirilmir. Beləliklə, iddiaçının xx.xx.1988-xx.xx.2003-cü il tarixədək işlədiyi 14 il 04 ay 03 gün müddət daxil olmaqla, ümumilikdə 25 il sığorta stajı vardır. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – 63 il 06 ay yaş həddi və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göygöl rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2055/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2055/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver