Məhkəmə qərarları › İş №2-1(114)-2055/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2055/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2055/2025 02.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı MMC aidiyyəti üzrə vergi orqanında xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır.

2. İcraçı – "xxxx" MMC ilə sifarişçi – İddiaçı MMC arasında “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli EPS/ORB/2 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində yer quruluşu təsnifatı üçün görüləcək işlərin qiyməti 545.986,00 manat məbləğində (66100 ha torpaq sahəsində görüləcək işlərə görə 462.700,00 manat, 18% ƏDV-yə görə 83.286,00 manat) müəyyən edilmişdir.

3. İcraçı – "xxxx" MMC ilə sifarişçi – İddiaçı MMC arasında “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, Aşağı Muğan kanalı ərazisinin yer quruluşu sənədinin hazırlanması üçün ərazinin yerində dəqiqləşdirilməsi üçün görüləcək işlərin qiyməti 170.311,76 manat məbləğində (36083 ha torpaq sahəsində görüləcək işlərə görə 144.332,00 manat, 18% ƏDV-yə görə 25.979,76 manat) müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 02 nömrəli əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, Akkuşa kanalı ərazisinin aqro iqtisadi hesabat üçün məlumat təsnifi üçün görüləcək işlərin qiyməti 122.229,12 manat məbləğində (51792 ha torpaq sahəsində görüləcək işlərə görə 103.584,00 manat, 18% ƏDV-yə görə 18.645,12 manat) müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 03 nömrəli əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, fotoqrametrik işlər, yer quruluşu, ətraf mühitə təsirin təsnifi, batimetrik işlər üçün görüləcək işlərin qiyməti 146.206,13 manat məbləğində (4891 ha torpaq sahəsində görüləcək işlərə görə 123.903,50 manat, 18% ƏDV-yə görə 22.302,63 manat) müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 04 nömrəli əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, yer qruluşu layihəsi təsnifatı üçün görüləcək işlərin qiyməti 210.630,00 manat məbləğində (51000 ha torpaq sahəsində görüləcək işlərə görə 144.332,00 manat, 18% ƏDV-yə görə 25.979,76 manat) müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 05 nömrəli əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, yer qruluşu layihəsi təsnifatı üçün görüləcək işlərin qiyməti 201060,79 manat məbləğində (48683 ha torpaq sahəsində görüləcək işlərə görə 170.390,50 manat, 18% ƏDV-yə görə 30.670,29 manat) müəyyən edilmişdir. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 06 nömrəli əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, bitki su ehtiyacı hesablanması ilə bağlı sahə tədbirləri üçün görüləcək işlərin qiyməti 20.600,00 manat, 18% ƏDV-yə görə 3600,00 manat olmaqla, cəmi 23.600,00 manat məbləğində müəyyən edilmişdir.

4. 2022-ci ilin noyabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri və müqavilə qiymətlərində xərclər haqqında 1 nömrəli arayışından görünür ki, 2022-ci ilin noyabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri 292.540,88 manat (yerinə yetirilmiş işlər üzrə qiymətlərin cəmi 247.916,00 manat və 18% ƏDV ilə 44.624,88 manat olmaqla) məbləğində müəyyən edilmişdir.

5. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş yerinə yetirilmiş layihə işlərinin qəbulu haqqında 1 nömrəli aktdan görünür ki, Akkuşa kanalı ərazisinin aqro iqtisadi hesabat üçün məlumat təsnifi (103.584 manat) və Aşağı Muğan kanalı ərazisinin yerquruluşu sənədinin hazırlanması üçün ərazinin yerində dəqiqləşdirilməsi üçün (144.332 manat) cəmi 247.916 manat məbləğində (ƏDV – 44.624,88 manat) işlər təhvil alınmışdır.

6. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli və xx.xx.2022-ci il tarixli 02 nömrəli əlavələrdə (Qiymətlərin razılaşdırılması protokolu) nəzərdə tutulan xidmətlərin dəyəri olaraq 247.916 manat, ödənilməli ƏDV olaraq 44.624,88 manat olmaqla, cəmi 292.540,88 manat məbləğində Seriya EBCJ №761578 saylı elektron-qaimə verilmişdir.

7. 2022-ci ilin dekabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri və müqavilə qiymətlərində xərclər haqqında 1, 2, 3, 4,5 nömrəli arayışından görünür ki, 2022-ci ilin dekabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri 545.986,00 manat (yerinə yetirilmiş işlər üzrə qiymətlərin cəmi 462.700,00 manat və 18% ƏDV ilə 83.286,00 manat olmaqla) məbləğində, 2022-ci ilin dekabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri 503170,88 manat (yerinə yetirilmiş işlər üzrə qiymətlərin cəmi 426.416,00 manat və 18% ƏDV ilə 76.754,88 manat olmaqla) məbləğində, 2022-ci ilin dekabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri 649377,01 manat (yerinə yetirilmiş işlər üzrə qiymətlərin cəmi 550.319,50 manat və 18% ƏDV ilə 99.057,51 manat olmaqla) məbləğində, 2022-ci ilin dekabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri 672.977,01 manat (yerinə yetirilmiş işlər üzrə qiymətlərin cəmi 570.319,50 manat və 18% ƏDV ilə 102.657,51 manat olmaqla) məbləğində, 2022-ci ilin dekabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri 874.037,8 manat (yerinə yetirilmiş işlər üzrə qiymətlərin cəmi 740.710,00 manat və 18% ƏDV ilə 133.327,80 manat olmaqla) məbləğində müəyyən edilmişdir.

8. 14.12.2022-ci il tarixdə tərtib edilmiş yerinə yetirilmiş layihə işlərinin qəbulu haqqında 1 nömrəli aktdan görünür ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində aqroiqtisadi məlumatlar üçün ərazi təsnifi üçün cəmi 462.700 manat məbləğində (ƏDV – 83.286 manat) işlər təhvil alınmışdır.

9. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavədə (Qiymətlərin razılaşdırılması protokolu) nəzərdə tutulan xidmətlərin dəyəri olaraq 462.700 manat, ödənilməli ƏDV olaraq 83.286 manat olmaqla, cəmi 545.986 manat məbləğində Seriya EBCM №110355 saylı elektron-qaimə verilmişdir.

10. 14.12.2022-ci il tarixdə tərtib edilmiş yerinə yetirilmiş layihə işlərinin qəbulu haqqında 2 nömrəli aktdan görünür ki, yerquruluşu layihəsi təsnifatı üçün cəmi 178.500 manat məbləğində (ƏDV – 32.130 manat) işlər təhvil alınmışdır.

11. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 04 nömrəli əlavədə (Qiymətlərin razılaşdırılması protokolu) nəzərdə tutulan xidmətlərin dəyəri olaraq 178.500 manat, ödənilməli ƏDV olaraq 32.130 manat olmaqla, cəmi 210.630 manat məbləğində Seriya EBCL №193036 saylı elektron-qaimə verilmişdir.

12. 14.12.2022-ci il tarixdə tərtib edilmiş yerinə yetirilmiş layihə işlərinin qəbulu haqqında 3 nömrəli aktdan görünür ki, yerquruluşu layihəsi təsnifatı üçün cəmi 123.903,50 manat məbləğində (ƏDV – 22.302,63 manat) işlər təhvil alınmışdır.

13. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 03 nömrəli əlavədə (Qiymətlərin razılaşdırılması protokolu) nəzərdə tutulan xidmətlərin dəyəri olaraq 123.903,50 manat, ödənilməli ƏDV olaraq 22.302,63 manat olmaqla, cəmi 146.206,13 manat məbləğində Seriya EBCL №192783 saylı elektron-qaimə verilmişdir.

14. 14.12.2022-ci il tarixdə tərtib edilmiş yerinə yetirilmiş layihə işlərinin qəbulu haqqında 4 nömrəli aktdan görünür ki, Baş Muğan kanalı suvarma sahəsi üzrə bitki su ehtiyacı hesablanması üçün sahə tədbirləri üçün cəmi 20.000 manat məbləğində (ƏDV – 3.600 manat) işlər təhvil alınmışdır.

15. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 04 nömrəli əlavədə (Qiymətlərin razılaşdırılması protokolu) nəzərdə tutulan xidmətlərin dəyəri olaraq 20.000 manat, ödənilməli ƏDV olaraq 3.600 manat olmaqla, cəmi 23.600 manat məbləğində Seriya EBCL №193233 saylı elektron-qaimə verilmişdir.

16. 14.12.2022-ci il tarixdə tərtib edilmiş yerinə yetirilmiş layihə işlərinin qəbulu haqqında 5 nömrəli aktdan görünür ki, Fizuli rayonu üzrə yerquruluşunun təsnifatı işləri üçün cəmi 170.390,50 manat məbləğində (ƏDV – 30.670,29 manat) işlər təhvil alınmışdır.

17. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 05 nömrəli əlavədə (Qiymətlərin razılaşdırılması protokolu) nəzərdə tutulan xidmətlərin dəyəri olaraq 170.390,50 manat, ödənilməli ƏDV olaraq 30.670,29 manat olmaqla, cəmi 201.060,79 manat məbləğində Seriya EBCL №193107 saylı elektron-qaimə verilmişdir.

18. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli **********354100 saylı Qərarı ilə "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

19. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 nömrəli qərarı ilə İddiaçı MMC-yə 2024-cü ilin sentyabr ayı üzrə 216.613,80 manat əlavə dəyər vergisi hesablanmışdır. II. Məhkəmədə icraat

20. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

21. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanında xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçının Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlıvaxtında aparılmışdır. İddiaçının şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 nömrəli qərarla 2024-cü ilin sentyabr ayı üçün 216613,80 manat ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. İddiaçı tərəfindən "xxxx" MMC (VÖEN:**********) ilə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müvafiq olaraq müqaviləyə aid xidmətlər yerinə yetirilmiş və iddiaçıya təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir. İddiaçıya hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-nin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Əlbəttə ki, onların müəssisəsi tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki, onlar həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edirik. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reyestrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir. Qeyd edilənlərə əsasən də iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xəərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər AzərbaycanRespublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi, vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

24. Hazırkı iddia İPM-in 2.2.2-cü maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

25. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

26. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 saylı qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da məhkəmə qanunda nəzərdə tutulmuş iddia müddətinin ötürülmədiyi və müddətlə bağlı mümkünlük şərtinin ödənilməsi qənaətinə gəlir.

27. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

28. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

31. İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

32. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) xx.xx.2024-cü il tarixdə təqdim etdiyi 2024-cü ilin sentyabr ayının Əlavə dəyər vergisi bəyannaməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) alınmış və 2022-ci ilin noyabr, dekabr aylarında əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 193107 nömrəli elektron qaimə-faktura üzrə 30.670,29 manat, EBCJ seriyalı 761578 nömrəli elektron qaimə-faktura üzrə 44.624,88 manat, EBCM seriyalı 110355 nömrəli elektron qaiməfaktura üzrə 83.286,0 manat, EBCL seriyalı 193036 nömrəli elektron qaimə-faktura üzrə 32.130,0 manat, EBCL seriyalı 192783 nömrəli elektron qaimə-faktura üzrə 22.302,63 manat, EBCL seriyalı 193233 nömrəli elektron qaimə-faktura üzrə 3.600,0 manat dəyərində aparılan əməliyyatlar riskli hesab olunduğundan kənarlaşma yaranmışdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********354100 nömrəli qərarına əsasən xx.xx.2022xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 3.498.944,0 manat dəyərində “Kompensasiya qurğusu, boru və s.” mallar təqdim edilmişdir. Həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçrilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı müəyyən edilmişdir. 2.1.2 aparılan vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyicisi siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yuxarıda qeyd olunan kənarlaşma ilə əlaqədar İddiaçınə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********698400 nömrəli uyğunsuzluq məktubunun göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024ci ilin sentyabr ayı üzrə 216.613,8 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********114500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********698400 nömrəli məktubu xx.xx.2024-cü il tarixdə saat 00:00-da və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********114500 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə saat 00:00-da elektron qutusunda oxumuşdur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmus vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayısın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayıslara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil oldugu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil oldugu tarixdən 90 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), isləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: -71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; -71- 1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; -71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; -71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda- avansın alındığı gün. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

29. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti materiallarını əldə etmək üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu versələr də, hələki materiallar onlara təqdim edilmədiyindən onun məhkəməyə təqdim edilməsinin təmin edilməsi mümkün olmamışdır. Amma "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatların aparıldığı dövr xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edir ki, iddiaçının həmin müəssisə ilə müqavilələri və elektron-qaimələri də həmin dövrlərdə olmuşdur. Bu da məhz həmin əməliyyatların riskli əməliyyatlar hesab edilməsinə əsas vermiş və 2024-cü ilin sentyabr ayına ƏDV hesablanmışdır. Mübahisələndirilən qərar qəbul edilən zaman vergi orqanında məhz iddiaçı ilə riskli elan edilmiş müəssisə arasında baş tutmuş əməliyyatlara görə həmin müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə dəqiq məlumat, habelə operativ vergi nəzarəti materialları olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

35. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqi şəxs haqqında məlumat; - “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli EPS/ORB/2 nömrəli müqavilə və ona xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavə (Qiymətlərin razılaşdırılması protokolu); - “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqavilə və ona 01, 02, 03, 04, 05, 06 nömrəli əlavələr (Qiymətlərin razılaşdırılması protokolu); - 2022-ci ilin noyabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri və müqavilə qiymətlərində xərclər haqqında 1 nömrəli arayış; - 2022-ci ilin dekabr ayında yerinə yetirilən layihə işlərinin dəyəri və müqavilə qiymətlərində xərclər haqqında 1, 2, 3, 4, 5 nömrəli arayışlar; - 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 nömrəli Qərarı; - Bakı şəhəri Lokal Gəlrilər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli **********354100 saylı Qərarı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

36. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

37. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İcraçı – "xxxx" MMC ilə Sifarişçi – İddiaçı MMC arasında “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli EPS/ORB/2 nömrəli və xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin predmetini müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsini təşkil edən Qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş və qiymətləri razılaşdırılmış işlərin İcraçı tərəfindən icra edilməsi, Sifarişçi tərəfindən isə həmin işlərin razılaşdırılmış dəyərini İcraçıya ödəməsi təşkil etmişdir.

38. Həmin müqavilələrdə göstərilmiş xidmətlərin dəyərini qaimə əsasında işləri qəbul etdikdən sonra onların dəyərini İcraçıya ödəmək Sifarişçinin öhdəliyi kimi müəyyən edilərək (müqavilənin 2.1.1-ci bəndi), işin Sifarişçi tərəfindən tam təhvil alındıqdan sonra qəbul olunmuş hesab olunması, bu barədə tərəflər arasında təhvil-təslim aktının bağlanılmalı olması (müqavilənin 2.2.1-ci bəndi) təsbit edilmişdir.

39. Sözügedən müqavilələrə əlavələr ilə (Qiymətlərin razılaşdırılması protokolları) İcraçı tərəfindən Sifarişçiyə göstəriləcək xidmətlər (yer quruluşu təsnifatı, aqro iqtisadi hesabat üçün məlumat təsnifi, fotoqrametrik işlər, yer quruluşu, ətraf mühitə təsirin təsnifi, batimetrik işlər, bitki su ehtiyacı hesablanması ilə bağlı sahə tədbirləri və s. işlər) və onların dəyəri müəyyən edilmiş və görülmüş işlərə çəkilmiş xərclərə (işlərin dəyərinə) dair arayışlar tərtib edilmiş, habelə yerinə yetirilmiş layihə işlərinin qəbulu haqqında aktlar tərtib edilmişdir. Həmin göstərilmiş xidmətlərə (görülmüş işlərə) və ödənilməli ƏDV məbləğinə görə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə elektron-qaimə fakturalar təqdim edilmişdir (bu Qərarın 2-17-ci bəndləri).

40. Hazırkı iş üzrə iddiaçının müqavilə tərəfi olan "xxxx" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli **********354100 saylı Qərarı ilə riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və cavabdeh vergi orqanı bu səbəbdən "xxxx" MMC-nin İddiaçı MMC ilə 2022-ci ilin noyabr-dekabr aylarında əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 193107 nömrəli elektron qaimə-faktura üzrə 30.670,29 manat, EBCJ seriyalı 761578 nömrəli elektron qaimə-faktura üzrə 44.624,88 manat, EBCM seriyalı 110355 nömrəli elektron qaimə-faktura üzrə 83.286,0 manat, EBCL seriyalı 193036 nömrəli elektron qaimə-faktura üzrə 32.130,0 manat, EBCL seriyalı 192783 nömrəli elektron qaimə-faktura üzrə 22.302,63 manat, EBCL seriyalı 193233 nömrəli elektron qaimə-faktura üzrə 3.600,0 manat dəyərində aparılan əməliyyatları riskli hesab edərək, əvəzləşdirilmələri qəbul etməmiş və 2024-cü ilin sentyabr ayına 216.613,80 manat əlavə dəyər vergisi hesablanmışdır.

41. Lakin məhkəmə vergi orqanın həmin qərarını əsaslı və qanuni hesab etmir və qənaətinin faktiki və hüquqi əsasını aşağıdakılarla əsaslandırır.

42. Əvvəla, hazırkı iş üzrə iddiaçı ilə İddiaçı MMC və "xxxx" MMC-nin arasındakı müqavilə münasibətləri sonuncuların riskli vergi ödəyicisi hesab olunduğu tarixdən ("xxxx" MMC xx.xx.2024-cü il tarixdən riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir) əvvəlki dövrə təsadüf edir.

43. İddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan isə, bu xüsusatın təkzibi üzrə heç bir tutarlı dəlil bildirmir. Hansı ki, iddiaçı müəssisənin də bildirdiyi əsas dəlil bundan ibarətdir ki, müəssisə tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki, onlar həmin MMC-lər ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır.

44. Lakin cavabdeh vergi orqanını həmin dəlilə cavab olaraq tutarlı bir dəlili yoxdur.

45. İkincisi, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2024-cü il tarixli **********354100 saylı Qərarda "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) istinad edilmişdir. Həmin Qərarda qeyd edilir ki, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. xx.xx.2022-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində " Kompensasiya qurğusu, boru və s." mallar təqdim edilmişdir. Həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir.

46. Halbuki, icraçı – "xxxx" MMC ilə sifarişçi – İddiaçı MMC arasında “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli EPS/ORB/2 nömrəli və xx.xx.2022-ci il tarixli 169/02 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin predmetini müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsini təşkil edən Qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş və qiymətləri razılaşdırılmış işlərin İcraçı tərəfindən icra edilməsi, Sifarişçi tərəfindən isə həmin işlərin razılaşdırılmış dəyərini İcraçıya ödəməsi təşkil etmişdir.

47. Yəni, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinin əsası kimi həmin müəssisənin apardığı əməliyyatların əmtəəsiz olması ilə bağlı olduğu halda, "xxxx" MMCnin iddiaçı müəssisə ilə apardığı əməliyyatlar mal-material alğı-satqısı ilə bağlı deyil, işlərin icra edilməsi, xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.

48. Üçüncü tərəfdən isə, cavabdeh vergi orqanı "xxxx" MMC-nin əmtəəsiz əməliyyatlar aparması halının OVN tədbiri zamanı aşkar edildiyinə istinad etsə də, həmin materiallar məhkəməyə təqdim edilməmişdir. Hansı ki, məhkəmə iclası iki dəfə təxirə salınaraq, cavabdeh orqana mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməyə şərait yaradılmış, lakin cavabdeh vergi orqanı həmin operativ vergi nəzarəti materiallarını məhkəməyə təqdim etməmişdir.

49. Halbuki, inzibati qanunvericilik sübutetmə yükünü cavabdeh vergi orqanın üzərinə qoymuşdur ki, hansı ki, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməlidir (İPM-nin 14.1-ci maddəsi).

50. Hətta, vergi orqanı həmin halları mübahisələndirilən qərarı qəbul etməzdən əvvəl apardığı inzibati icraat çərçivəsində araşdırmaqla, qərar qəbul etməli idi.

51. Cavabdehin nümayəndəsi X2 iclas zamanı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-də aparılmış operativ vergi nəzarəti materiallarını əldə etmək üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu versələr də, hələki materiallar onlara təqdim edilmədiyindən onun məhkəməyə təqdim edilməsinin təmin edilməsi mümkün olmamışdır. Amma "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatların aparıldığı dövr xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edir ki, iddiaçının həmin müəssisə ilə müqavilələri və elektron-qaimələri də həmin dövrlərdə olmuşdur. Bu da məhz həmin əməliyyatların riskli əməliyyatlar hesab edilməsinə əsas vermiş və 2024-cü ilin sentyabr ayına ƏDV hesablanmışdır. Mübahisələndirilən qərar qəbul edilən zaman vergi orqanında məhz iddiaçı ilə riskli elan edilmiş müəssisə arasında baş tutmuş əməliyyatlara görə həmin müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə dəqiq məlumat, habelə operativ vergi nəzarəti materialları olmamışdır.

52. Göründüyü kimi, cavabdeh vergi orqanında qərar qəbul etməzdən əvvəl məhz iddiaçı ilə riskli elan edilmiş müəssisə arasında baş tutmuş əməliyyatlara görə həmin müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə dəqiq məlumat, habelə operativ vergi nəzarəti materialları olmamış, ehtimal üzərindən - "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatların aparıldığı dövrün (xx.xx.2022xx.xx.2023-cü il) iddiaçının həmin müəssisə ilə müqavilələrinin mövcud olduğu dövrlə eyni olması əsas gətirilərək iddiaçıya əlavə vergi hesablanması barədə qərar qəbul edilmişdir.

53. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçının 2022-ci ilin noyabr-dekabr aylarında verdiyi elektron qaimə-fakturalar üzrə əlavə dəyər vergisi 2024-cü ilin sentyabr ayına hesablasa da, bunun əsaslarına dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin dövr üzrə elektron-qaimə verilməsi və bank hesabına pul mədaxili olması müəyyən edilməmişdir.

54. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na görə: Bənd 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

56. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

57. Göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 175.11-ci maddəsini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir.

58. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

59. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 saylı qərar qanunsuz olduğundan ləğv edilməlidir.

60. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

61. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

62. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-29508/2024 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar