Məhkəmə qərarları › İş №2-1(114)-2057/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2057/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2057/2021 05.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl rayon Qeydiyyat şöbəsinin 21.01.2020-ci il tarixli 05/15-112 nömrəli məktubundan görünür ki, yoxlama nəticəsində doğum akt qeydi ilə təqdim edilən sənədlər arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, təqdim edilən sənəddə nikahdan əvvəlki soyad “Əliyeva”, ad “Sucayyət göstərilsə də, doğum haqqında akt qeydində soyad “Mamedova”, ad “Sucayət”, ata və ana haqqında məlumat qrafasının soyadları bəndində isə müvafiq olaraq “Mamedov” və “Mamedova “ kimi qeyd edilmişdir. Bununla bağlı ərizəçiyə qanunvericiliyin tələblərinə uyğun olaraq düzəlişə əsas olan sənədlərin qeydiyyatı üzrə qeydiyyat şöbəsinə təqdim etməyi, əsas olmadığı təqdirdə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Daşkəsən rayon Qeydiyyat şöbəsinin 31.01.2020-ci il tarixli 05/Q-36/76 nömrəli məktubundan görünür ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi haqqında ərizəsinə baxılmış, soyad və adda uyğunsuzluq aşkar edildiyindən müraciətin təmin edilməsindən imtina edilərək yaşadığı ərazinin qeydiyyat şöbəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin 27.08.2021-ci il tarixli 832 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində 1949-cu il tarixdə Göygöl rayon Tülallar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 17 nömrəli akt qeydində atası “X6”, anası “X9” və ərizəçinin soyadı, adı və ata adı “X1” kimi qeyd edilmişdir. Lakin nikahdan əvvəlki soyadı "Əliyeva” kimi qeyd edildilmişdir. Doğum haqqında akt qeydində soyadın “Mamedova” soyadından “Əliyeva” soyadına, adın “Sucayət” adından “Sucayyət” adına düzəliş edilməsi üçün lazımi sənədlər təqdim edə bilmədiyindən ərizəsinin təmin edilməsi imkan xaricindədir. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin 01.09.2021-ci il tarixli 05/2-M-61/15 nömrəli məktubundan görünür ki, araşdırma nəticəsində Göygöl rayonunun Tülallar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş ərizəçinin doğum haqqında akt qeydində adı “Sucayət”, soyadı “Mamedova”, valideynlərinin soyadı isə “Mamedov (Mamedova)” kimi qeyd edildiyi, habelə nikah haqqında akt qeydində adı “Sucayyət”, nikahdan əvvəlki soyadı isə “Əliyeva" kimi əks olunduğu müəyyən edilmişdir. Eyni zamanda bacısı Hamaya Əliyevanın doğumu haqqında Daşkəsən rayonunun Çıraqlı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş akt qeydinin uşaq, ata və ana haqqında məlumat qrafalarında soyadların Əliyev (Əliyeva), eləcə də atasının ölümü haqqında Göygöl rayon Qeydiyyat şöbəsinin tərəfindən tərtib edilmiş akt qeydində onun soyadının “Əliyev" kimi qeyd edildiyi məlum olmuşdur. Müraciətlə bağlı ərizəçi ilə əlaqə saxlanılarkən atasının soyadının “Mamedov”dan “Əliyev”ə dəyişdiyini, lakin bunu təsdiq edən sənədi təqdim edə bilmədiyini bildirmişdir. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin imtinasını əsassız hesab edən İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək doğum haqqında şəhadətnaməsində düzəliş edilərək soyadının “Əliyeva” kimi, adının “Sucayət” adından “Sücayyət” adına, ata qrafasında olan qeydin “X10” kimi, ana qrafasında olan qeydin “X14” kimi qeyd olunaraq doğum haqqında şəhadətnamə verilməsinin cavabdehin üzərinə bir vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək doğum akt qeydində yazılmış “Məmmədova” soyadının atasının soyadına uyğun “Əliyeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz RPŞ-nin 19.08.2005ci il tarixli şəxsiyyət vəsiqəsinə görə iddiaçı XX.XX.1949-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhərində doğulmağına baxmayaraq, valideynləri tərəfindən doğum haqqında şəhadətnaməsi Göygöl rayon Tülallılar kənd icra nümayəndəliyi tərəfindən alınmış və həmin şəhadətnaməni itirib tapa bilmir. Hal-hazırda müxtəlif sənədləşmə işləri aparılan zaman çətinliklər çəkir. Doğum haqqında şəhadətnamənin surətini alıb, soyadının, adının hərfində və valideynlərinin soyadında düzəliş üçün Göygöl rayon Qeydiyyat Şöbəsinə, Daşkəsən rayon Qeydiyyat Şöbəsinə və 27.08.2021-ci il tarixdə qeydiyyatda olduğu Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin müraciətindən imtina olunmuş, odur ki, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında izahat verərək iddiaçının tələbinin təmin edilməsinin onların imkanları xaricində olduğunu bildirib məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya və cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE ******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - X2 ilə X7 arasında nikahın bağlanması haqqında Xanlar rayonu, Tülallar kənd sovetinin 1968-ci il tarixli 01 nömrəli kitabından 21.05.2004-cü il tarixli, AZ 222749 nömrəli çıxarış; - İE 388510 nömrəli X3 məxsus “Doğum haqqında şəhadətnamə”nin surəti; - Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin 27.08.2021-ci il tarixli 832 nömrəli imtina məktubu; - Göygöl rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı 12.10.2021-ci il tarixli 502 nömrəli məktubuna əlavə edilmiş X5 ölüm haqqında akt qeydinin təsdiqlənmiş surəti; - Gəncə şəhər Baş Polis İdarəsinin məhkəməyə ünvanladığı 01.11.2021-ci il tarixli 120-33129-1221 nömrəli məktubuna əlavə edilmiş İddiaçı məxsus fərdi uçot kartoçkalarının təsdiqlənmiş surəti; - Daşkəsən rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı 05.11.2021-ci il tarixli 05/Q-258/13 nömrəli məktubuna əlavə edilmiş X1 barəsində tərtib edilmiş 17 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surəti. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Gəncə şəhər Baş Polis İdarəsinin arxivində saxlanılan fərdi uçot kartoçkasında aparılan qeydiyyata əsasən o, 19.08.2005-ci il tarixdə AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsini, 21.01.1978-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ tərəfindən verilmiş Vİ-JQ 744883 nömrəli SSR nümunəli pasportun əsasında almışdır. Həmin pasportun alınmasına əsas olmuş fərdi uçot kartoçkasında 1949-cu ildə Kirovabad (Gəncə) şəhərində anadan olan İddiaçı ata adı “X10” kimi göstərilmiş və ona Vİ-JQ 744883 nömrəli SSR nümunəli pasport verilmişdir. Həmin pasport əsasında tərtib olunan fərdi uçot kartoçkasında da iddiaçının atasının adı “X10” kimi göstərilmiş və ona 19.08.2005-ci il tarixdə AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Habelə, Göygöl rayon Qeydiyyat şöbəsindən əldə edilmiş, 13.04.1996-cı il tarixli 30 nömrəli ölüm haqqında akt qeydində iddiaçının atasının adı “X10” kimi göstərilmişdir. Lakin Daşkəsən rayon Qeydiyyat şöbəsinin 05.11.2021-ci il tarixli 05/Q-258/13 nömrəli məktubuna əlavə edilmiş 17 nömrəli doğum haqqında akt qeydində iddiaçının atasının adı “X8” kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə əldə edilmiş sübutları tam, hərtərəfli və obyektiv təhlil edərək hesab edir ki, cavabdeh inzibati orqan doğum aktı qeydindəki səhvin düzəldilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, doğum haqqında akt qeydində iddiaçının atasının soyadı “Mamedov” kimi qeyd olunsa da, iddiaçıya 21.01.1978-ci il tarixdə verilən pasportda, 19.08.2005-ci il tarixdə verilən şəxsiyyət vəsiqəsində, atasına məxsus 13.04.1996-cı il tarixli 30 nömrəli ölüm haqqında akt qeydində soyadı Əliyev, habelə iddiaçının nikahın bağlanmasına dair 04.01.1968-ci il tarixli qeyddə iddiaçının nikaha daxil olan zaman soyadı Əliyeva kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 166.4-cü maddəsinə əsasən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi; - cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 9-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 11-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. - 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəliş edilməsi ilə bağlı tənzimləmə mövcuddur. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə və ya qeyddə qeyri-düzgün məlumatlar göstərilmişsə, həmin akt qeydlərinə düzəliş edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.4-cü maddəsinə əsasən doğum haqqında məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bundan başqa, cavabdeh inzibati orqan vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsindən və ona dəyişikliklər edilməsindən imtina etdiyi halda, imtinanın səbəblərini əsaslandırmaqla ərizə verən şəxsə yazılı məlumat verilməlidir. Hazırkı inzibati mübahisə üzrə cavabdeh ərizəçiyə ünvanlandığı 27.08.2021-ci il tarixli 832 nömrəli məktubunda imtinanın səbəblərini əsaslandırmadan, sadəcə olaraq “lazımi sənədlərin təqdim edilmədiyini” qeyd etmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək “Məmmədova” soyadının atasının soyadına uyğun “Əliyeva” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək “Məmmədova” soyadının atasının soyadına uyğun “Əliyeva” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar