Məhkəmə qərarları › İş №2-1(114)-2061/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2061/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2061/2021 30.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onun nümayəndəsi (vəkili) X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (üçüncü şəxslər X10 və ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin 2 yaşayış otağına İddiaçı2 adına, 1 otağına İddiaçı1 və qalan 1 otağına X3 adına ayrıca şəxsi hesab açılması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 148A ünvanında yerləşən 36 nömrəli mənzilin 2 yaşayış otağına İddiaçı2 adına, 1 otağına İddiaçı1 və qalan 1 otağına X3 adına ayrıca şəxsi hesab açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin müraciətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11.10.2021-ci il tarixli Ə-190 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, yaşadığı Ü.Hacıbəyov küçəsi, 148A nömrəli binanın 36 nömrəli mənzil atası X6 adınadır. O, 2020-ci ildə vəfat etmişdir. Mənzilin iddiaçının adına sənədləşdirilməsi üçün tələb olunan sənədlər (ailə üzvlərinin razılıq ərizələrini) təqdim etmədiyi səbəbindən müraciətlə bağlı köməklik göstərilməsi mümkün olmamışdır. Odur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin 04.11.2021-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 148A nömrəli evin 36 nömrəli mənzil 4 yaşayış otağından ibarət dövlət mənzili olmaqla 23.08.1989-cu il tarixli orderlə 5 nəfər ailə üzvləri nəzərə alınmaqla atası X9 verilmişdir. X4 30.10.1995-ci ildə, qardaşı Roman 1996-cı ildə, atası isə 2020-ci ildə vəfat etmişlər. Lakin hazırki vaxtda mənzilin şəxsi hesabı atasının adında qalmışdır. Onlar mənzilin şəxsi hesabının adlarına dəyişdirilməsi barədə ərizə versələrdə mənzildə yaşayanların hamısının, yəni qardaşları Rəşidin razılığı olmadığı üçün ərizələri təmin olunmamışdır. Həmin mənzildə onların və qardaşlarının ailəsi birlikdə yaşayırlar. Ataları uzun sürən xəstəlikdən sonra vəfat etmiş və ona iddiaçılardan Tamella qulluq etmiş, yas mərasimin o təşkil etmiş, qəbir daşını o düzəltdirmiş və atası sağlığında həmin mənzili ona vəsiyyət etmişdir. Mənzil özəlləşdirilmədiyindən həmin vəsiyyətnamənin qüvvəsi olmamışdır. Mənzildən istifadəyə dair aralarında mütəmadi olaraq mübahisə yarandığından mənzilə hər üçünün adına ayrıca hesab açılması zərurəti yaranmış və bu texniki cəhətdən mümkündür. Hesab edirlər ki, hər birinin adına ayrıca şəxsi hesab açılmalıdır. Lakin cavabdeh hər birinin adına ayrıca şəxsi hesab vərəqəsinin açılmasından imtina edir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçılar iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi (vəkili) X7 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin 13.10.2021-ci il tarixli 2-1(114)-2061/2021 nömrəli sərəncamı ilə cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə bildirmək tələb olunsa da, cavabdeh iddiaya dair yazılı münasibət bildirməmişdir. Üçüncü şəxslərdən X3 etibarnamə üzrə nümayəndəsi (arvadı) X11 iddia tələbini qəbul etməmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 148A nömrəli binanın 36 nömrəli mənzili Azərbaycan Dəmir Yolları tərəfindən order əsasında qaynatası X5 verilmişdir. Mənzilin özəlləşdirilməsinə etiraz etmirlər, lakin əri hal-hazırda Rusiya Federasiyasındadır və o qayıtdıqdan sonra öz aralarında razılığa gələrlər. Cavabdehin və üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 23.08.1989-cu il tarixli 940 nömrəli order, 30.10.1995-ci il tarixli, İİ-ЖГ 482534, 18.01.1996-cı il tarixli, İİ-ЖГ 481792 və 31.08.2020-ci il tarixli, AZ-İİ 096175 nömrəli ölüm haqqında şəhadətnamələr, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.07.2021-ci il tarixli, ******* və 09.07.2021-ci il tarixli, ******* nömrəli arayışları və cavabdehin 11.10.2021-ci il tarixli, Ə- 190 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə uğurlu deyildir. Cavabdeh 11.10.2021-ci il tarixli Ə-190 nömrəli imtina məktubunda göstərmişdir ki, iddiaçıların müraciəti araşdırılan zaman Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 148A nömrəli binanın 36 nömrəli mənzilinin şəxsi hesab vərəqəsinin iddiaçıların ataları X6 adına olması və onun 2020-ci ildə vəfat etdiyi müəyyən olunmuşdur. Mənzilin iddiaçıların adına sənədləşdirilməsində tələb olunan sənədlər (ailə üzvlərinin razılıq ərizələri) təqdim edilməməsi səbəbindən müraciətlə bağlı köməklik göstərilməsi mümkün olmamışdır. İşdə olan 23.08.1989-cu il tarixli 940 nömrəli orderdən görünür ki, X9 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə, Üzeyir Hacıbəyov küçəsi, ev 148A, mənzil 36 ünvanında 4 otaqdan, 51.39 kv.m-dən ibarət mənzil verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, 76 və 29.07.2021-ci il tarixli 114 nömrəli arayışlarından görünür ki, İddiaçı2 və İddiaçı1 ünvan 3 ünvanında yaşayırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli, ******* və 09.07.2021-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, İddiaçı2, X14, X11, X15, X16 və İddiaçı1 ünvan 4 ünvanında qeydiyyatdadırlar. 31.08.2020-ci il tarixli AZ-İİ 096175 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 28.08.2020-ci il tarixdə ölmüşdür. Bu barədə 31.08.2020-ci il tarixdə qeydiyyat kitabının 511 səhifəsində qeydiyyat aparılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçılar İddiaçı2, X14, X11, X15, X16 və İddiaçı1, ünvan 3 ünvanında qeydiyyatda olmaqla hal-hazırda həmin mənzildə yaşayırlar. Həmin mənzil 23.08.1989-cu il tarixli 940 nömrəli orderlə 5 nəfər ailə üzvləri ilə birlikdə iddiaçıların atası X9 verilmişdir. Hazırda iddiaçılar həmin mübahisəli mənzilə dair hər üçünün (iddiaçıların və üçüncü şəxsin) adına ayrıca şəxsi hesab açılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir. İddiaçılar ərizələrində göstərmişdir ki, qardaşları-üçüncü şəxs X10 ayrıca şəxsi hesab açılaraq mənzilin özəlləşdirilməsinə razılıq ərizəsi verməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən mənzilə dair Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 148A ünvanında yerləşən 36 nömrəli mənzilin 2 yaşayış otağına İddiaçı2 adına, 1 otağına İddiaçı1 və qalan 1 otağına X3 adına ayrıcı şəxsi hesab açılmasından imtinası qanuna zidd olmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 8. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər (8.0.1); mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları (8.0.2.); mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları (8.0.3.); qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük (8.0.4.); mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi (8.0.6.). Maddə 9. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: mənzil hüququnun tanınması (9.2.1); mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması (9.2.2.); məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması (9.2.3.); məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi (9.2.4.); mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi (9.2.5.); bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla (9.2.6.). Maddə 81.2. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. İş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıların sözügedən mənzilə dair ayrıca şəxsi hesab açılması ilə bağlı həmin mənzil sahəsinə hüququ olan qardaşları - X10 və onun ailə üzvlərinin razılıq ərizəsi olmadığından iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 81.2-ci maddəsinin tələbinə uyğun olmuşdur. Ona görə də məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab edir Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (üçüncü şəxslər X10 və ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin 2 yaşayış otağına İddiaçı2 adına, 1 otağına İddiaçı1 və qalan 1 otağına X3 adına ayrıca şəxsi hesab açılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar