Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2064/2020 03.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialının müdiri Novruz Çıraqova qarşı pensiyanın bərpa edilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialının müdiri Novruz Çıraqova qarşı pensiyanın bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin icraatında olan 2-1(114)-2064/2020 saylı inzibati işlə əlaqədar olaraq cavabdehlərin fiziki şəxslər olduğu və imtina məktubunun məhkəməyə təqdim edilmədiyi iddiaçıya izah olunmuş və iddiaçıya iddia ərizəsindəki yanlışlıqları aradan qaldırması təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən imtina məktubu məhkəməyə təqdim edilməmiş, iddia ərizəsindəki yanlışlıqlar aradan qaldırılmamışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ona görə də, iddiaçıya iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli sərəncamlar göndərilərək iddia ərizəsində dəqiqləşdirilmə aparılmalı olduğu bildirilmiş, lakin iddiaçı tərəfindən həmin sərəncamda qeyd olunanlara riayət edilməmişdir. Bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər, bir şərtlə ki, iddia tələbi bir-biri ilə əlaqəli olsun, bir cavabdehə yönəlsin və aidiyyatı eyni məhkəməyə aid olunsun. Hazırki mübahisədə iddia tələbi birdən çox cavabdehə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialının müdiri Novruz Çıraqova) qarşı yönəlmişdir. Bundan başqa, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehlər (fiziki şəxslər Sahil Babayev və Novruz Çıraqov) düzgün göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisələrə dair işlər üzrə icraatda cavabdeh qismində müvafiq inzibati orqan göstərilməli olduğu halda iddia ərizəsində cavabdeh kimi fiziki şəxslər göstərilmişdir. İddia ərizəsində iddiaçının hüquqlarının məhz hansı inzibati orqan tərəfindən pozulması göstərilməli və iddia tələbinin həmin orqana qarşı yönəlməklə cavabdeh qismində qeyd olunan inzibati orqan göstərilməlidir. Həmçinin hazırki mübahisə ilə əlaqədar cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina cavabını verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Beləliklə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, onun tərəfindən həmin Məcəllənin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçıın hüquqularının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi qənaətinə gəlir ki, bu hal da Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmamasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialının müdiri Novruz Çıraqova qarşı pensiyanın bərpa edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2064/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2064/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver