Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2066/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı tam orta təhsil haqqında attestatın dublikatının verilməsi (bərpa edilməsi) üçün eyni tipli ümumi təhsil müəssisəsinə yazılı müraciət edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı Ağdam rayonu Söyüdlüqol orta məktəbinin on birinci sinfini bitirməsi ilə bağlı tam orta təhsil haqqında attestatın dublikatının verilməsi (bərpa edilməsi) üçün eyni tipli ümumi təhsil müəssisəsinə yazılı müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Seriya AA233691 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı Ağdam rayonundan məcburi köçkündür.
2. İddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə sonuncunun xx.xx.2023-cü il tarixli 3-29/2-H-47454/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, 1992-1993-cü illərə dair Ağdam rayonu Söyüdlüqol orta məktəbi barədə məlumatlar Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar edilməmişdir. Bu səbəbdən məsələsinin araşdırılması imkan xaricindədir.
3. Sumqayıt şəhər Mədəniyyət şöbəsi tərəfindən X1 1992-ci ildə “Gənclik” klubunun nəzdindəki məktəbəqədər tərbiyəçilik kursuna daxil olması və 1993-cü ildə tərbiyəçimüəllimə kursunu bitirməsi barədə xx.xx.1993-cü ildə T-05066 nömrəli diplom verilmişdir.
4. Məhkəmənin sorğusuna X5 filialının xx.xx.2024-cü il tarixli 16 nömrəli və xx.xx.2024-cü il tarixli 20 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, 1981-1992-ci illərə aid olan Ağdam rayonu Söyüdlüqol orta məktəbinin sənədləri arxivə təhvil verilmədiyi üçün İddiaçı təhsil alması barədə məlumat vermək mümkün olmamışdır. II. Məhkəmədə icraat
5. İddiaçı X2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1992-ci ildə Ağdam rayonu Söyüdlüqol orta məktəbinin on birinci sinfini bitirməyi ilə bağlı orta təhsil haqqında attestatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1981-ci ildə Ağdam rayonu Qiyaslı kənd sovetliyinin Söyüdlüqol orta məktəbinin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Bu barədə ona attestat verilmişdir. 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı digər sənədləri ilə birlikdə attestatını da müvəqqəti məskunlaşdığı Bərdə rayonu, Qılışdı kəndində, oradan isə Bərdə rayonu ərazisində yerləşən Qızıl Ay çadır şəhərciyinə gətirmişdir. 2007-ci ildə Ağdam rayonu Birinci Dördyol qəsəbəsində Körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllimə işləyir. 2023-cü ildə yeni qaydalara uyğun olaraq bütün işçilərdən orta təhsil sənədi tələb edilmiş, o, evdə sənədlərin içərisində nə qədər axtarsa da, attestatını tapa bilməmişdir. Onun hansı şəraitdə və harada itməsini bilmir. Ona yeni attestat verilməsi üçün Ağdam rayon Təhsil Şöbəsinə müraciət etmiş, oradan isə Təhsil Nazirliyinin arxivinə müraciət etməsi bildirilmişdir. Təhsil Nazirliyinin cavab məktubunda isə 1992-1993-cü illərə dair Ağdam rayonu Söyüdlüqol orta məktəbi barədə məlumatlar Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar edilmədiyi bildirilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ərizəyə əlavə etdiyi diplomdan görünür ki, o, Mədəniyyət Nazirliyinin məktəbəqədər tərbiyəçilik kursunu bitirmişdir və on tərbiyəçi-müəllim ixtisası verilmişdir. Həmin vaxt orta təhsil haqqında attestat təqdim etmədən diplom almaq mümkün deyildi.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2066/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2066/2024 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş və tələb “Ağdam rayonu Söyüdlüqol orta məktəbinin on birinci sinfini bitirməsi ilə bağlı tam orta təhsil haqqında attestatın dublikatının verilməsi (bərpa edilməsi) üçün eyni tipli ümumi təhsil müəssisəsinə yazılı müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
11. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
12. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının 5.6-cı bəndində qeyd edilir ki, şəhadətnaməni və attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, şəhadətnamənin və attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisənin adı və verilmə tarixi göstərilir. Qaydanın 5.7-ci bəndinə əsasən, ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində attestatın dublikatını verir. Ümumi təhsil müəssisələrində attestatın dublikatı arxiv sənədlərinə əsasən verilir. Qaydanın 5.10-cu bəndinə əsasən, attestatın dublikatının verilməsinə görə attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu maddənin tələbindən göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia inzibatı icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüquq olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddia məhkəmə icraatında mümkün sayılsın. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilmiş zəruri şərtlərin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Təhsil qanunvericiliyinin tələbinə əsasən, iddiaçının cavabdehlə hər hansı bir hüquqi münasibətlər zəminində nazirlik tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması birmənalı olaraq istisna olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi qiymətləndirmədir. Mümükünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, habelə cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. İddiaçının cavabdehlə hər hansı hüquq münasibətində olmaması, cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulmasına dair faktın mövcud olmaması, habelə iddiaçının Elm və Təhsil Nazirliyinə qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması iddianı mümkünsüz hesab etmək üçün əsasdır. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbi mümkün hesab edilməməlidir.
13. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
14. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, orta təhsil haqqında attestatını harada itirdiyini bilmir. Attestatın surəti də onda qalmamışdır. Bağçaya işə qəbul olunan zaman attestatı işlədiyi bağçaya da verməmişdir, versə idi surəti orada olardı.
Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
18. İddiaçı 1981-ci ildə Ağdam rayonu Qiyaslı kənd sovetliyinin Söyüdlüqol orta məktəbinin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin on birinci sinfini bitirdiyini və bu barədə ona attestat verildiyini, lakin attestatı naməlum şəraitdə itirdiyini iddia edərək, Ağdam rayonu Söyüdlüqol orta məktəbinin on birinci sinfini bitirməsi ilə bağlı tam orta təhsil haqqında attestatın dublikatının verilməsi (bərpa edilməsi) üçün eyni tipli ümumi təhsil müəssisəsinə yazılı müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmasını tələb edir.
19. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 17.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na görə: Bənd 2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur: Bənd 2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). Bənd 5.5. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
21. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
22. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
23. Hazırkı işdə də iddiaçının ilk növbədə həqiqətən attestatının olması müəyyən edilməlidir ki, cavabdeh orqanın attestatın dublikatının verilməsi (bərpa edilməsi) üçün eyni tipli ümumi təhsil müəssisəsinə yazılı müraciət edilməsindən imtina etməsi nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
24. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
25. İddiaçı 1981-1992-ci illərdə Söyüdlüqol orta məktəbində oxuduğunu və bu barədə ona attestat verildiyini iddia etsə də, iddiaçıya həqiqətən 1992-ci ildə Ağdam rayonu Söyüdlüqol orta məktəbinin on birinci sinfini bitirməsi ilə bağlı tam orta təhsil haqqında attestatın verilməsi və ümumiyyətlə belə bir attestatın mövcudluğu iş materialları ilə müəyyən edilmir.
26. Belə ki, iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə sonuncunun xx.xx.2023-cü il tarixli 3-29/2-H-47454/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, 1992-1993-cü illərə dair Ağdam rayonu Söyüdlüqol orta məktəbi barədə məlumatlar Elm və Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar edilməmişdir. Bu səbəbdən məsələsinin araşdırılması imkan xaricindədir.
27. Məhkəmənin sorğusuna X5 filialının xx.xx.2024-cü il tarixli 16 nömrəli və xx.xx.2024-cü il tarixli 20 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, 1981-1992-ci illərə aid olan Ağdam rayonu Söyüdlüqol orta məktəbinin sənədləri arxivə təhvil verilmədiyi üçün İddiaçı təhsil alması barədə məlumat vermək mümkün olmamışdır.
28. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ərizəyə əlavə etdiyi diplomdan görünür ki, o, Mədəniyyət Nazirliyinin məktəbəqədər tərbiyəçilik kursunu bitirmişdir və on tərbiyəçimüəllim ixtisası verilmişdir. Həmin vaxt orta təhsil haqqında attestat təqdim etmədən diplom almaq mümkün deyildi.
29. Məhkəmə həmin dəlillə bağlı qeyd edir ki, Sumqayıt şəhər Mədəniyyət şöbəsi tərəfindən X1 1992-ci ildə “Gənclik” klubunun nəzdindəki məktəbəqədər tərbiyəçilik kursuna daxil olması və 1993-cü ildə tərbiyəçi-müəllimə kursunu bitirməsi barədə xx.xx.1993-cü ildə T-05066 nömrəli diplom verilmişdir.
30. Göründüyü kimi, iddiaçıya diplom Sumqayıt şəhər Mədəniyyət şöbəsinin “Gənclik” klubunun nəzdindəki məktəbəqədər tərbiyəçilik kursunu bitirməsi ilə bağlı verilmişdir və həmin kurs orta ixtisas təhsili müəssisəsi deyildir.
31. Ona görə də, iddiaçının orta təhsil sənədini təqdim etmədən həmin diplomu almağın mümkün olmaması barədə dəlilini məhkəmə əsassız sayır.
32. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
33. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
34. Göründüyü kimi, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
35. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva