Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2067/2022 08.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “övladı X9 üçün yeni ümumvətəndaş pasportun rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X9 25 fevral 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 251 nömrə ilə qeyd aparılmış, ata qrafasında X11, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Bu barədə doğum haqqında şəhadətnamə xx.xx.2008-ci il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmişdir. X11 ilə X3 xx.xx.2008-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 354 nömrə ilə qeyd aparılmış,nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. X5 xx.xx.2015-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən C00440099 nömrəli Azərbaycan Respublikası pasportu verilmiş, həmin pasport xx.xx.2020-ci il tarixədək etibarlı olmuşdur. X4 atası X11 hazırda Rusiya Federasiyası Cəzaçəkmə İslah Xidmətinin Voloqodsk vilayəti üzrə FDM 12 nömrəli İslah Koloniyasındadır. Onun tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli ərizə-razılıq verilərək uşaqların beş il müddətinə Azərbaycan Respublikasından istədiyi xarici ölkələrə getmələrinə və geriyə qayıtmalarına razılıq verilmişdir. Həmin ərizə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq 12 nömrəli İslah Koloniyasının rəisi tərəfindən təsdiqlənmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək X4 adına yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 018-100937- 42 nömrəli məktubla imtina cavabı verilmişdir. Məktubda bildirilmişdir ki, “Pasportlar haqqında” Azərbaycan Respublikasının 14 iyun1994-cü il tarixli 813 nömrəli Qanununun 8-ci maddəsinə əsasən ümumvətəndaş pasportun verilməsi haqqında ərizəyə 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əlavə edilməlidir. Həmin Qanunun tətbiqi barədə Əsasnamənin 3.4-cü maddəsinə əsasən 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən mərhum olmuş uşaqların isə digər qanuni nümayəndələri tərəfindən imzalanmalıdır. xx.xx.2006-cı il təvəllüdlü X4 adına yeni ümumvətəndaş pasportunun sənədləşdirilməsi üçün təqdim edilən razılıq ərizəsində qeyd olunan atası X8 xx.xx.2006-cı il tarixdə verilmiş P1534649 nömrəli ümumvətəndaş pasportunun etibarlılıq müddəti xx.xx.2011-ci il tarixdə bitmiş və bu səbəbdən adıçəkilən ərizə etibarsız sayılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı X9 üçün yeni ümumvətəndaş pasportun rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 ilə birgə evliliklərindən xx.xx.2006-cı il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. X1 2011-ci ildən 12 saylı İslah Koloniyasında cəza çəkir. Uşaqlarını atası ilə görüşdürmək üçün iddiaçı Rusiya Federasiyasına aparmaq istəyir, lakin oğlunun ümumvətəndaş pasportunun etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Buna görə də övladına yeni pasportun verilməsi üçün cavabehə müraciət etmişdir. Lakin cavabdeh ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya dair münasibət bildirməmiş və nümayəndəsinin iştirakını məhkəmə iclasına təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, C00440099 nömrəli Azərbaycan Respublikası pasportun surəti, doğum haqqında şəhadətnamənin surəti, nikahın bağlanması haqqında şəhadətnamənin surəti, cavabdehin imtinası, X6 xx.xx.2022-ci il tarixli ərizəsi və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Həmin Qanunun 4-cü maddəsinə əsasən Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir..... Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir. Həmin Qanunun 8-ci maddəsinin ikinci cümləsində qeyd olunur ki, Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.4-cü bəndinə əsasən 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar. Həmin Əsasnamənin 3.5-2-ci bəndinə əsasən 18 yaşına çatmamış vətəndaşa pasport verilərkən valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı tələb olunur. Beləliklə, mövcud qanunvericilik normasına əsasən 18 yaşına çatmamış şəxslərə pasport verilərək hər iki valideynlərinin razılığı tələb olunur. Hazırkı iş üzrə mübahisə ondan ibarətdir ki, 18 yaşına çatmamış X4 atası X11 tərəfindən uşaqların beş il müddətinə Azərbaycan Respublikasından istədiyi xarici ölkələrə getmələrinə və geriyə qayıtmalarına razılıq verilmiş, həmin ərizə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq 12 nömrəli İslah Koloniyasının rəisi tərəfindən təsdiqlənmişdir. Lakin cavabdeh inzibati orqan həmin ərizənin verilməsi zamanı istifadə olunan pasportun etibarlılıq müddətinin bitdiyini əsas gətirərək imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə münasibətdə qəbul etdiyi imtina əsassızdır və xx.xx.2006-cı il təvəllüdlü X4 mənafeyinə ziddir. Belə ki, xx.xx.2006-cı il təvəllüdlü X4 adına yeni ümumvətəndaş pasportunun sənədləşdirilməsi üçün təqdim olunan razılıq ərizəsində X6 imzasının düzgünlüyü onun cəza çəkdiyi İslah Koloniyasının rəisi tərəfindən təsdiq olunmuş, onun şəxsiyyəti müəyyənləşdirilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Ona görə də cavabdehin göstərdiyi bu əsas doğru sayıla bilməz. Məhkəmə onu da nəzərə alır ki, X2 Federasiyası Cəzaçəkmə İslah Xidmətinin Voloqodsk vilayəti üzrə FDM 12 nömrəli İslah Koloniyasında cəza çəkdiyi halda onun yeni pasport alaraq ərizə-razılıq vermək imkanı ola bilməzdi. Bundan əlavə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar (maddə 4). Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir (maddə 5). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən hər hansı inzibati icraat aparılmadan müraciətin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçıların müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçıların özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçılara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Başqa sözlə, şəxsin hüquqlarının reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. 25 fevral 2006-cı il təvəllüdlü (FİN: 73HM7TH) X4 adına yeni ümumvətəndaş pasportunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2067/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2067/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver