Məhkəmə qərarları › İş №2-1(114)-2067/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2067/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2067/2025 02.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı təhsil haqqı xərcinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (üçüncü şəxs Azərbaycan Dövlət Aqrar Universiteti) qarşı təhsil haqqı xərcinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 2-1(114)-1640/2024 nömrəli işdən surəti çıxarılaraq hazırkı iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki: - İddiaçının X5nun əlillik vəziyyətinə 0495003AAK8Q nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travması (xx.xx.1993), keçirilmiş qapalı kəllə beyin travması, sağ bud sümüyü başının mərkəzi çıxığı, sirkə kasasının və qasıq sümüyünün sınığı nəticəsində sağ bud çanaq oynağının deformasiyaedici osteoartrozu və kontrakturası, funksiyanın pozulmaması ilə. Sağ qamış sümüyünün yuxarı 1/3-nin deşilmiş sınığından sonrakı ocaqlı osteoklerozu. Sağ aşağı ətrafın gödəkliyi, axsama, ətraf əzələlərin atrofiyalaşması, yeriş funksiyasının pozulmaması ilə”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilliyin təyininə əsas vermir” səbəbi ilə xx.xx.2021-ci il tarixdə imtina verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2- 9154/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Akademik Z.Məmmədov adına Gəncə Şəhər Xəstəxanasının poliklinika şöbəsinin 0495003AAK8Q nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

2. Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 280629 nömrəli şəhadətnamədən məlum olur ki, X14 xx.xx.2022-ci il tarixdə digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu səbəbindən ölmüş və bu barədə Azərbaycan Respublikası 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 594 nömrə ilə qeyd edilmişdir.

3. X9 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iqtisadiyyat fakültəsi əyani təhsil formasının iqtisadiyyat ixtisası üzrə 1-ci kursuna ödənişli əsaslarla daxil olmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-216605/2023 nömrəli arayışında göstərilmişdir ki, X2 həqiqətən də Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.17.1-ci maddəsinə əsasən övladlarının (18 yaşlarına çatanadək – X6 30 aprel 2024-cü il tarixədək və X7 31 oktyabr 2026-cı il tarixinədək) hər birinə görə mərhum X12 təminat xərcliyinin (591,00 manat) 50 faizi – 295,50 manat (ümumilikdı 100 faizi – 591,00 manat) məbləğində hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. Əlavə olaraq, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar Məlahət Vəliyevanın əmək pensiyası həmin tarixdən 677.88 manat təşkil edir.

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 578 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Müşviq oğlunun mərhum atası 1966-cı il təvəllüdlü X15 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və İİ qrup Qarabağ müharibəsi əlili olmuşdur.

6. İddiaçı Müşviq oğlunun təhsil haqqı xərcinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə etidiyi müraciətinə, Agentliyin imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli formada tahsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları; Dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olan tələbələr; Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 2023/2024-cü tədris ilindən etibarən ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş aməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər. Bütün digər hallarda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. Eyni zamanda bildiririk ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil haqlarının ödənilməsi üçün əyani təhsil alan tələbələrə təhsil kreditləri verilir. Qeyd olunanlar nəzərə alınmaqla, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil kreditinin verilməsi ilə bağlı https://e-tkf.edu.az/ elektron portalına müraciət edə bilər. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, təhsil haqqı xərcinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 xx xxxxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Oğlu 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iqtisadiyyat fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Atası X3 Qarabağ müharibəsinin əlili olmuşdur. Ona əlillik dərəcəsi təyin edilən zaman “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı travməsı (xx.xx.1993), keçirilmiş qapalı kəllə beyin travması, sağ bud sümüyü başının mərkəzi çıxığı, sirkə kasasının və qasıq sümüyünün sınığı nəticəsində sağ bud çanaq oynağının deformasiyaedici osteoartrozu və kontrakturası, funksiyanın pozulması ilə. Sağ qamış sümüyünün yuxarı 1/3-nin deşilmiş sınığından sonrakı ocaqlı osteosklerozu. Sağ aşağı ətrafın gödəkliyi, axsama, ətraf əzələlərin atrofiyalaşması, yeriş funksiyasının pozulması diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə mərhum həyat yoldaşına əlillikdən imtina ilə bağlı məktub gəlmişdir. Bildirir ki, həmin vaxt mərhum atası barədə AR CM-nin 234.4.3. maddəsi ilə cinayət işi başlanılmışdı. Ona görə də qeyd edilən imtinadan məhkəməyə şikayət verə bilmirdi. Habelə, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyindən təkrar müayinə üçün Bakı şəhərinə də gedə bilmirdi. X17 xx.xx.2022-ci ildə vəfat etdi. Ölümündən sonra mərhum atası bəraət qazandı. Atasının ölümündən sonra oğlu X6 xx.xx.2024-cü il tarixədək, bacısı X7 xx.xx.2026-cı il tarixədək “Əmək pensiyaları haqqında” AR Qanununun 20.17.1. maddəsinə əsasən, hər biri mərhum atasının təminat xərcliyinin 50% məbləğində hərbi qulluqçunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası verilməyə başlanılmışdır. Əmək pensiyaları haqqında AR Qanununun 20.17.1. maddəsində Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) əmək pensiyası verilməsi göstərilmişdir. Normadan da göründüyü kimi, Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələri göstərilmişdir. Hazırda o, yuxarıda da qeyd etdiyi kimi ödənişli əsaslarla təhsil alır. Müharibə əlilinin övladı olduğundan təhsil haqqından azad edilməsi üçün universitetə etdiyi müraciətdən imtina edərək bildirilmişdir ki, mərhum atasına əlilik verilməsindən imtina edildiyindən oğlu təhsil haqqından azad olunmayacaqdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilmişdir. III. Prosessual məsələlər

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

13. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

14. İddiaçı X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehin yazılı mülahizəsi məhkəməyə daxil olmuş və mülahizə onunla əsaslandırılmışdır ki, həmin iş üzrə əvvəlcə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olmuşdur. Məhkəmənin 21 aprel 2025-ci il tarixli, 2-1(114)-2067/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əsl cavabdeh Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilmişdir. Bildirilir ki, yuxarıda qeyd olunan mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcuddur. Belə ki, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilməlidir. Elm və Təhsil Nazirliyi müraciəti təmin etməkdən imtina etdiyi halda isə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi cavabdeh qismində Elm və Təhsil Nazirliyinə qarşı qaldırıla bilər. Məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair 21 aprel 2025-ci il tarixli 2-1(114)- 2067/2025 nömrəli qərardadında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təsis edilmiş və Agentliyin Əsasnamə"sinin (Əsasnamə) 1.1-ci bəndinə və 3.1.31-ci yarımbəndinə, həmçinin iddiaçının təhsil haqqı xərcinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə elektron müraciətinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində baxılmasına və həmin Agentlik tərəfindən imtina verilməsinə istinad etmişdir. Lakin həmin Əsasnamənin 3.1.31-ci yarımbəndində qeyd olunmuşdur ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tabeliyində olan elm və təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Elm və Təhsil Nazirliyinə təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək vəzifəsini yerinə yetirir. Göründüyü kimi, həmin yarımbənddə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin proqnozların hazırlanması və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək funksiyasını yerinə yetirməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı mövcud iş təcrübəsi və prosedur qaydaya əsasən, ilk növbədə tələbə təhsil aldığı təhsil müəssisəsinə müraciət etməli, təhsil müəssisəsi isə həmin müraciəti müvafiq siyahının tərtib edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi üçün Elm və Təhsil Nazirliyinə təqdim etməlidir. Lakin iş materiallarına iddiaçı tərəfindən bu qaydaya riayət edilməsinə dair sənəd əlavə edilməmişdir. Həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşa verilmiş cavab məktubu imtina yox, sadəcə tövsiyə və maarifləndirmə xarakterli olmuşdur. Yəni Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin cavabı hüquqi nəticə doğuran inzibati akt deyil və bu baxımdan iddia tələbinin Agentliyə qarşı irəli sürülməsi əsassızdır.

Əsaslandırma hissəsi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

18. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, X9 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iqtisadiyyat fakültəsi əyani təhsil formasının iqtisadiyyat ixtisası üzrə 1-ci kursuna ödənişli əsaslarla daxil olmuşdur.

19. Hazırda iddiaçı X1 əlilinin övladı olduğundan təhsil haqqından azad olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

20. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

21. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

22. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının atasının əlliliyi müəyyən edilmədiyindən onun təhsil haqqından azad edilməsindən imtina etmişdir.

23. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 347 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır.

24. Hazırki işdə iddiaçının mərhum X5 əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Akademik Z.Məmmədov adına Gəncə Şəhər Xəstəxanasının poliklinika şöbəsinin 0495003AAK8Q nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

25. Göründüyü kimi, iddiaçının mərhum atasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmədiyindən və bu səbəbdən iddiaçı təhsil haqqından azad olunan imtiyazlı tələbələr sırasına aid olmadığından, o hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.

26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

29. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin iş üzrə onun cavabdeh olmamasına dair dəlillərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təsis edilmiş və Agentliyin Əsasnaməsi həmin Fərmanla təsdiq edilmişdir.

30. Həmin Əsasnamənin 1.1-ci bəndinə əsasən, Agentlik-elm, ali və orta ixtisas təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

31. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən, tabeliyində olan elm və təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Nazirliyə təqdim etmək və ayrılmış vəsaitdə təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək Agentliyin əsas vəzifələrindən biridir.

32. Digər tərəfdən, iddiaçı tərəfindən Elm və Təhsil Nazirliyinə ünvanlanmış müvafiq ərizə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən cavablandırılmışdır.

33. Ona görə də məhkəmə hesab edir ki, hazırkı tələbə cavab verməli orqan məhz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar