Məhkəmə qərarları › İş №2-1(114)-2068/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2068/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2068/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmrin qismən etibarsız hesab edilməsi və əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrinin ona aid hissədə etibarsız hesab edilməsi, müharibə veteranı kimi qanunda nəzərdə tutulmuş güzəştlər tətbiq edilməklə 2003-cü ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək işlədiyi müddətdə əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-1992-ci illərdə polis zabiti kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyanın rəyinə əsasən 2000-ci ildə müharibə veteranı adı və vəsiqəsini almışdır. 05 yanvar 1993-cü il tarixdən 05 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq etmişdir. 2003-cü ilin aprel ayından etibarən prokurorluq işçisi kimi aldığı əmək haqqından tutulan vergi hesablanarkən qanunla nəzərdə tutulmuş güzəştlər (azaldılma) ona tətbiq edilməmiş, əmək haqqı tam məbləğdə vergiyə cəlb olunmuşdur. Halbuki, müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsinə 28 noyabr 2003-cü il tarixli, 519-İİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər "aylıq gəlirin vergi tutulmayan məbləğinin 20 misli”, dəyişiklikdən sonra- "şərti maliyyə vahidinin 400 misli", 15 dekabr 2006-cı il tarixli 196-İİİQD nömrəli Qanunla edilmiş dəyişiklikdən hal-hazıradək 400 manat məbləğində azaldılır. Odur ki, müharibə veteranı kimi qanunda nəzərdə tutulmuş güzəştlərin ona tətbiq edilməsinin və 2003-cü ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək işlədiyi müddətdə əmək haqqından əsassız olaraq tutulmuş məbləğin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ona ödənilməsinin təmin olunması məqsədi ilə 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət etmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 15 sentyabr 2021-ci il tarixli, xx/xx-1674 saylı cavab məktubunda göstərilmişdir ki, Baş Prokurorluqda yaradılmış komissiya tərəfindən prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən “Müharibə veteranı” vəsiqələrinin verilməsinin qanuniliyi araşdırılmış, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmri ilə əmək haqqlarından gəlir vergisinin güzəştli şərtlərlə tutulmalı olan şəxslər müəyyən edilmiş, həmin əmrdə “Müharibə veteranı” adı və vəsiqəsi müvafiq Əsasnamənin tələblərinə zidd olaraq verilməsinə dair komissiyanın rəyi nəzərə alınmaqla, onun əmək haqqından gəlir vergisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrini ona aid hissədə qanunsuz və əsassız hesab edir. Yuxarıda qeyd etdiyi kimi, 1989-1992-ci illərdə ermənilərin torpaqlarımıza hücumu zamanı polis zabiti kimi Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Ağdam rayonları ərazilərində, habelə Şuşa rayonunun Malıbəyli- Quşçular, Kosalar və Qaragav kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, əmrlə adına AKM markalı avtomat silah olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyanın rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin adı çəkilən Əsasnaməsinə uyğun olaraq 2000-ci ildə müharibə veteranı adı və vəsiqəsini almışdır. Həmin vaxtdan hal-hazıradək veteranlar üçün nəzərdə tutulan digər güzəştlər ona tətbiq edilir. Baş Prokurorluqda “Müharibə veteranı” vəsiqələrinin verilməsinin qanuniliyi araşdırılarkən, komissiyanın tələbinə əsasən, döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən müvafiq sənədləri də təqdim etmişdir. Onun “müharibə veteranı” adı və vəsiqəsi Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyanın rəyinə əsasən verildiyindən, prokurorluqda yaradılmış komissiya tərəfindən ləğv edilə bilməmiş, bununla belə, müvafiq əmrlə, əsassız olaraq onun əmək haqqından gəlir vergisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrinin təsdiq olunmuş surətinin ona göndərilməsi xahişi ilə 27 aprel 2022-ci il tarixdə Baş Prokurorluğa rəsmi müraciət etmişdir. Baş Prokurorluğun xx.xx.2022-ci il tarixli, 09/05-243 saylı cavab məktubunu xx.xx.2022-ci il tarixdə almışdır. Qeyd edir ki, məktubda tələb olunan əmrlə bağlı heç nə göstərilməmiş, bununla da, müraciət mahiyyəti üzrə baxılmamış və həll edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun həmin əmri ilə vergi qanunvericiliyinin həmin tələblərinə əməl edilməmiş və onun hüquqları pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı iclası 14 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayndəsinin işgtirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, xx/xx-1674 nömrəli və xx.xx.2022-ci il tarixli, 09/05-243 nömrəli məktubları, xx.xx.2000-ci il tarixli, 025593 nömrəli vəsiqənin təsdiqlənmiş surəti, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və xx.xx.1978-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 10/564-k nömrəli əmrinin, xx.xx.2008-ci il tarixli, 10/10 nömrəli əmrinin və xx.xx.2022-ci il tarixli, 20/198 nömrəli məktubunun surətləri, iddiaçının əmək haqqı və tutulmuş gəlir vergisi barədə arayışın surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2022-ci il tarixli, 024-2659-1222 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü müəyyən etmə və ya tanınma haqqında iddiadır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2008-ci il tarixli, 10/10 nömrəli əmrini mübahisələndirərək ona aid hissədə etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. - 36.3-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Göründüyü kimi İPM-də müəyyən etmə haqqında iddianın üç növü – hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması; hər hansı bir inzibati aktın etibarsızlığının tanınması; artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması təsbit edilmişdir. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halıdır. Onlar arasındakı fərq ondan ibarətdir ki, inzibati aktın etibarsızlığının tanınmasına dair iddiada məhkəmənin müəyyənləşdirməsi birbaşa inzibati aktın etibarsızlığı ilə bağlı olur və inzibati aktın etibarsızlığının tanınmasına dair iddia o halda əsaslı sayılır ki, inzibati akt «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsinə əsasən etibarsız olsun. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə qeyd edir ki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Mübahisələndirilən əmrdən məlum olur ki, cavabdeh inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olaraq İddiaçı “Müharibə veteranı “ adı və vəsiqələri Əsasnamənin tələblərinə zidd olaraq verilməsinə dair komissiyanın rəyi nəzərə alınmaqla, onun əmək haqqından gəlir vergisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Belə ki, «Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən «Müharibə veteranı» adı və vəsiqələrinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə» xüsusi komissiya tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmışdır. Aparılan araşdırmalar nəticəsində İddiaçı verilmiş vəsiqənin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını sübut edən rəsmi əsaslar olmadan və qeyd edilən Əsasnamənin tələblərinə zidd olaraq verildiyindən, onun əmək haqqından gəlir vergisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının əmək haqqından gəlir vergisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulmasının dayandırılması əsaslı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində nəzərdə tutulan inzibati aktın etibarsız hesab edilməsi halı müəyyən edilmədiyindən iddia tələbinin təmin olunması və Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2008-ci il tarixli, 10/10 nömrəli əmrinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmrin qismən etibarsız hesab edilməsi və əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ödənilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar