Məhkəmə qərarları › İş №2-1(114)-207/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-207/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-207/2020 05.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxxx” Kommersiya-İstehsalat Firmasının nümayəndəsi X1, cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxx” Kommersiya-İstehsalat Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə,aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxxx” Kommersiya-İstehsalat Firması cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2019-cu il tarixli **********142449 nömrəli səyyar vergi yoxlaması aktının, eləcə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191134 nömrəli qərarının və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə “xxxxx” Kommersiya-İstehsalat Firması üzrə səyyar vergi yoxlaması keçirilmiş və azaldılmış vergi məbləği və tətbiq ediləcək maliyyə sanksiyasının büdcəyə ödənilməsi tövsiyyə olunmuşdur. 11 saylı Ərazi Vergilər Baş İdarəsi “xxxxx” Kommersiya-İstehsalat Firması üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********142449 saylı aktına və xx.xx.1019-cu il tarixli **********063200 saylı sənədə əsasən guya “xxxxx” Kommersiya- İstehsalat Firmasından mənfəət vergisinin 2016-cı il üzrə 54.556,36 manat, ƏDV-nin 2016-cı il üzrə 7.255,68 manat, 2017-ci ildə 4.295,38 manat, torpaq vergisinin 2016-cı il üzrə 651,60 manat, 2017-ci ildə 651,60 manat azaldılmasına görə cəmi 67.411,62 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 33.705,81 manat maliyyə sanksiyası tətbiq edilməklə, ümumilikdə 101.117,43 manat kənarlaşma müəyyən edilmişdir. Bundan sonra “xxxxx” Kommersiya-İstehsalat Firmasına borc məbləğinin ödənilməsi təklif olunmuşdur. Daha sonra Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “xxxxx” Kommersiya-İstehsalat Firmasından cəmi 101.117,43 manat alınıb büdcəyə ödənilməsi barədə tələbnamə verilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “xxxxx” Kommersiya-İstehsalat Firması üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli aktına və xx.xx.1019-cu il tarixli sənədə əsasən kənarlaşma müəyyən edilməsinə dair xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, vergilər üzrə 67.411,62 manat, maliyyə sanksiyası üzrə 30.921,56 manat olmaqla ümumilikdə 98.333,18 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Bildirilir ki, “xxxxx” Kommersiya- İstehsalat Firması xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edərkən etirazını bildirmiş və bu barədə yazılı surətdə cavabdeh təşkilata məktub ünvanlamışdır. “MBA” Qiymətləndirmə şirkəti tərəfindən yazılmış səhv rəyə etirazını bildirdikdən sora akt ləğv edilmişdir. Ancaq yenidən səyyar vergi yoxlaması keçirilmiş “MBA” Qiymətləndirmə şirkətinin verdiyi xx.xx.2019-cu il tarixli yalnış rəyə əsasən akt tərtib edilmiş və yalnış tərtib edilmiş akt əsasında yuxarıda qeyd edilən qərar qəbul edilmişdir. Sözügedən qərarın qəbul edilməsinə səbəb olmuş “MBA” Qiymətləndirmə şirkətinin verdiyi hər üç rəydə elektirik enerji gücü 295 kvsaat olduğu halda 165 kv saat göstərilmişdir. Bundan başqa hər üç rəydə çörək zavodunun qaz sərfiyyatı 90 m3 olduğu halda, 60 m3 yazılmışdır. “xxxxx” Kommersiya-İstehsalat Firması 2016-cı ilin may ayından fəaliyyət göstərməsinə baxmayaraq, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin may ayınadək səhv hesablama aparılmışdır. Həmçinin qaz sərfiyyatı aylar üzrə yalnış hesablanmışdır, çörəyin sayı da müxtəlif göstərilmişdir. İstehsal olunmuş kəpəyə ƏDV hesablanmalı olmadığı halda ƏDV hesablanmışdır, 0.56 ha torpaq sahəsi olduğu halda, 1. 75 ha torpaq sahəsinə torpaq vergisi hesablanmışdır. Vergilərin artıq hesablanması, cavabdeh təşkilatın keçirdiyi xronometrajın nəticəsi olaraq tərtib etdikləri aktlarda öz əksini tapmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191134 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, 11 saylı X2 xx.xx.2018-ci il tarixli **********142341 saylı qərarına əsasən “xxxxx” Kommersiya- İstehsalat Firmasında xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi faktiki olaraq çörək istehsalı, uzun müddət saxlanıla bilməyən unlu məlumatların istehsalı ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamə məlumatlarının düzgünlüyünün yoxlanılması zamanı vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma halları müəyyən edildiyinə görə vergi ödəyicisinin sərf etdiyi təbii qaz və elektrik enerji sərfiyyatına görə istehsal həcminin müəyyən edilməsi üzrə xüsusi bilik və təcrübəyə malik olan mütəxəssis dəvət edilməsinə zərurət yarandığından xx.xx.2018-ci il tarixli qərarla mütəxəssis dəvət edilmişdir. Keçirilmiş səyyar vergi yoxlaması ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin yoxlanılması zamanı vergi ödəyicisinin 2016-cı il üzrə gəlirlərinin mütəxəssis rəyinə əsasən 1736821,60 manat, xərclərinin 1447351,33, mənfəətinin isə 1736821.60- 1447351.33=289470.27 manat olduğu müəyyən edilmişdir. Müəyyən olunmuş mənfəətdən isə 2015-ci ilin 16683.46 manat zərəri nəzərə alınmaqla 2894xx.xx-16683.46)*20%=54557.36 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin 2016-cı il üzrə 32816.73 manat dəyərində qaz, 37220.14 manat dəyərində isə elektrik enerjisi sərfiyyatı olduğu halda 129112.19 manat dəyərində çörək istehsal edildiyi göstərilmişdir. Bu səbəbdən də vergi ödəyicisinin qaz sərfiyyatı və elektrik enerjisi sərfiyyatına əsasən istehsal etdiyi məhsulun həcmini müəyyənləşdirmək zərurəti yaranmış və bu məqsədlə xx.xx.2018-ci il tarixli qərarla mütəxəssis dəvət edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi Bərdə şəhəri, Bakı küçəsində yerləşən çörək bişirmə sexində çörək istehsalı, Bərdə rayonu, Nizami küçəsində yerləşən un dəyirmanında isə un istehsalı ilə məşğul olmuşdur. Çörəkbişirmə sexində çörək bişirilməsi Türkiyə istehsalı olan “Kumkaya-324” sobası vasitəsilə, un dəyirmanında isə Türkiyə istehsalı olan “Gənc Dəyirman“ un dəyirman kompleksi vasitəsilə un istehsal olunduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2016-cı ildə istehsal olunmuş un və çörəyin ümumi dəyəri yoxlamaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli MB 11-776 nömrəli mütəxəssis rəyinə, MB 11-890 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən çörək sexinin istehsal həcmi müəyyən edilərkən ümumi qaz sərfiyyatının 10%-i istehsal prosesində boşdayanmalara və köməkçi avdanlıqlara sərf olunan qaz, 10%-i isə inzibati binaya, köməkçi sahələrə və avadanlıqlara sərf olunan qaz kimi qiymətləndirilməklə real istehsala sərf olunan qaz ümumi qaz sərfiyyatının 80%-i həcmində götürülmüşdür. Mütəxəssis tərəfindən normativ sənədlərə və çörəkbişirməyə aid texniki sənədlərə əsasən bir ton çörək məhsulunun istehsalı üçün enerji tutumunun 2500 MC, (600 min kkal), bir kubmetr təbii qazın yanmasından yaranan enerjinin 29,3 MC olduğu, beləliklə də 1 ton çörəyin istehsalı üçün tələb olunan təbii qazın miqdarının 2500MC/29,3MC=85,32 m3 olduğu müəyyən olunmuşdur. Çörəkbişirmə sexində yoxlama dövrü üzrə bir saatda 60 m3 qaz sərf olunmaqla 1000 ədəd çörəyin istehsal olunduğu müəyyənləşdirilmişdir. Beləliklə yoxlama dövrü ərzində istehsal olunan çörəyin ümumi miqdarı müəyyən etmək üçün çörək bişirilməsinə sərf olunan qazın ümumi həcmi (758694*80%=606955.2) bir saatda sərf olunana qazın həcminə (60m3) bölünməklə iş dövrlərinin sayı (606955.2/60=10115.92) müəyyən olunmuş, bir iş dövründə 1000 ədəd çörəyin istehsal olunduğu nəzərə alınmaqla iş dövrlərinin sayı bir iş dövründə istehsal olunan çörəyin istehsal həcminə (1000 ədəd) vurulmaqla yoxlama dövründə istehsal olunmuş çörəyin ümumi miqdarı müəyyənləşdirilmişdir (10115.92*1000=10115920 ədəd). Bununla da 2016-cı il ərzində istehsal olunun çörəyin miqdarı ******* ədəd olmuşdur. Bundan başqa mütəxəssis rəyi ilə vergi ödəyicisinin istehlak etdiyi elektrik enerjisi əsasında un dəyirmanının istehsal etdiyi məhsulun həcmi müəyyən edilmişdir. Sərf edilmiş elektrik enerjisinin 80%-nin məhsul istehsalına sərf edildiyi nəzərə alınmaqla un dəyirmanının 1 saatda 165 kvt elektrik enerjisi sərf etməklə 1 ton buğda üyütməsi müəyyənləşdirilmiş, üyüdülmüş 1 ton buğdadan isə 700 kq un, 40 kq qara un, 200 kq satışa yararalı kəpək istehsal edildiyi müəyyənləşdirilmişdir. Beləliklə 2016-cı ildə un dəyirmanının iş dövrlərinin sayı buğdanın üyüdülməsinə sərf edilmiş elektrik enerjisinin ümumi həcminin (323424 kvt) 1 ton unun üyüdülməsinə sərf olunan elektrik enerjisinin miqdarına (165kvt) bölünməklə 323424kvt/165=1568.116 ton buğda üyüdüldüyü müəyyən olunmuşdur. Üyüdülmüş 1568.116 ton buğdadan isə 1568.116*0.7=1099 ton un, 1568.116*0.04=63 ton qara un və 1568.116*0.2=312 ton satışa yararlı kəpəyin istehsal edildiyi müəyyən edilmişdir. xx.xx.2019- cu il tarixli MB 11-776 saylı ekspert rəyinə əsasən 2016-cı ildə istehsal olunmuş un və satışa yararlı kəpək məhsulunun ümumi dəyəri unun bir tonunun dəyəri 420 manat, qara unun 1 tonunun 150 manat, satışa yararlı kəpək məhsulunun bir tonunun dəyəri 150 manat olmaqla yoxlama dövründə ümumilikdə (1710*420+489*150+98*150)=806250 manat un məhsulu istehsal olunduğu müəyyən olunmuşdur. Bundan 517830 manatlıq un məhsulu 2016-cı ildə istehsal olunmuşdur. Səyyar vergi yoxlaması zamanı 2016-cı ildə vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimə-fakturalara əsasən 2016-cı ildə 528976.07 manat dəyərində un satışı, 22574 manat dəyərində arpa satışı, 52949.75 manat dəyərində buğda satışı, 6683.85. manat dəyərində yarma satışından, 3600 manat icarə haqqından və 49976 manat dəyərində saxlanca görə gəliri olmuşdur. Beləliklə vergi ödəyicisinin 2016-cı il üzrə ümumi gəlirləri mütəxəssis rəyinə əsasən müəyyən edilmiş 1072061.82 manat və özünün təqdim etdiyi qaimə-fakturalara əsasən 664759.67 manat olmaqla cəmi 1072061.82+664759.67=1736821.60 təşkil etmişdir. 2016-cı ilin mənfəəti isə M=1736821.6/(100+20)=289470.27 manat müəyyən edilmişdir. Vergi ödəyicisinin 2016-cı il üzrə mənfəət vergisi isə 2015-ci ilin 16683.46 manat zərəri nəzərə alınmaqla (2894xx.xx-16683.46)*20%=54557.36 manat müəyyən edilmişdir. Mənfəət vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış məbləğin 50%-i miqdarında 54557.36*50%=27278.68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş istehsal həcmi barədə cədvələ əsasən ƏDV-yə cəlb olunmalı dövriyyənin 2016-cı il üzrə 7255.68 manat, 2017-ci il üzrə 4295.38 olmaqla cəmi yoxlanılan dövr üzrə 11551.06 azaldılması nəticəsində 11551.06 manat əlavə dəyər vergisinin az hesablandığı müəyyən edilmişdir. Azaldılmış əlavə dəyər vergisinin ümumi məbləğinə isə Vergi Məcəlləsinin 58.1-ci, 83.3-cü və 85.4-cü maddəsinə əsasən 3317.23 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Səyyar vergi yoxlaması zamanı torpaq vergisinin də vergi ödəyicisi tərəfindən 2016-cı il üzrə 651.60 manat və 2017-ci il üzrə 651.60 manat olmaqla cəmi yoxlanılan dövr üzrə 1303.20 manat azaldıldığı müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci, 83.3-cü və 85.4-cü maddəsinə əsasən 325.80 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“xxxxxxx” Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2019-cu il tarixli, MB 11-890 nömrəli məktubundan görünür ki, “xxxxx” Kommersiya-İstehsalat Firmasına məxsus Bərdə şəhərində yerləşən çörək və un məhsulları sexində yoxlanılan dövr (avqust 2016-dekabr 2017-ci il) ərzində satışa yaralı olan 400 qr-lıq çörəyin 1 ədədinin satış qiyməti 0.22 manat, un məhsulunun 1 tonunun satış qiyməti 420.0 manat, kəpək məhsulunun 1 tonunun satış qiyməti 150.0 manat və qara un məhsulunun 1 tonunun satış qiyməti 150.0 manat müəyyən edilmişdir. -“xxxxxxx” Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2019-cu il tarixli, MB 11-776 nömrəli məktubundan görünür ki, “xxxxx” Kommersiya-İstehsalat Firmasına məxsus Bərdə şəhərində yerləşən çörək və un məhsulları sexində yoxlanılan dövr (avqust 2016-dekabr 2017-ci il) ərzində vergi ödəyicisinin istehsal etdiyi 400 qr-lıq çörəyin ümumi istehsal həcmi 10115920 ədəd, un məhsulunun ümumi istehsal həcmi 1710.2 ton, kəpək məhsulunun ümumi istehsal həcmi 488.6 ton və qara un məhsulunun ümumi istehsal həcmi 97.7 ton müəyyən edilmişdir. -“xxxxxxx” Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2019-cu il tarixli, MB 11- 890 nömrəli məktubundan görünür ki, “xxxxx” Kommersiya-İstehsalat Firmasına məxsus Bərdə şəhərində yerləşən çörək və un məhsulları sexində yoxlanılan dövr (avqust 2016dekabr 2017-ci il) ərzində satışa yaralı olan 440 qr-lıq və 500 qr-lıq çörəyin 1 ədədinin satış qiyməti 0.22 manat, un məhsulunun 1 tonunun satış qiyməti 420.0 manat, kəpək məhsulunun 1 tonunun satış qiyməti 150.0 manat və qara un məhsulunun 1 tonunun satış qiyməti 150.0 manat müəyyən edilmişdir. -“xxxxxxx” Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2019-cu il tarixli, MB 11-776 nömrəli məktubundan görünür ki, “xxxxx” Kommersiya-İstehsalat Firmasına məxsus Bərdə şəhərində yerləşən çörək və un məhsulları sexində yoxlanılan dövr (avqust 2016-dekabr 2017-ci il) ərzində vergi ödəyicisinin istehsal etdiyi 440 qr-lıq çörəyin ümumi istehsal həcmi ******* ədəd, 500 qr-lıq çörəyin ümumi istehsal həcmi ******* ədəd, un məhsulunun ümumi istehsal həcmi 1710.2 ton, kəpək məhsulunun ümumi istehsal həcmi 488.6 ton və qara un məhsulunun ümumi istehsal həcmi 97.7 ton müəyyən edilmişdir. -11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191134 nömrəli qərarından görünür ki, “xxxxx” Kommersiya-İstehsalat Firması əlavə hesablanmış vergilərə görə 67.411,62 manat, maliyyə sanksiyası üzrə 30.921,71 manat olmaqla ümumilikdə 98.333,33 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********5000100 nömrəli tələbnaməsindən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191134 nömrəli qərara əsasən “xxxxx” Kommersiya-İstehsalat Firmasından 98333.33 manat vəsaitin büdcəyə ödənilməsi tələb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 11 saylı X2 xx.xx.2018-ci il tarixli qərarına əsasən “xxxxx” Kommersiya-İstehsalat Firmasında xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunan məlumatlarda vergi tutulan dövriyyə azaldılması və vergi öhdəliklərinin qanunla nəzərdə tutulmuş qaydada yerinə yetirilməməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********142449 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bundan sonra 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191134 nömrəli qərarına əsasən vergi ödəyicisi əlavə hesablanmış vergilərə görə 67.411,62 manat, maliyyə sanksiyası üzrə 30.921,71 manat olmaqla ümumilikdə 98.333,33 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, həmçinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********000100 nömrəli tələbnamə ilə həmin məbləğin vergi orqanının müvafiq hesabına ödənilməsi tələb edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı bazar qiymətinin və istehsal həcminin müəyyənləşdirilməsi üçün “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən mütəxəssis rəyinə əsaslanmışdır. Qeyd edilməlidir ki,“xxxxx” Kommersiya-İstehsalat Firmasına məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində çörək və unlu məlumatların istehsal həcmi bu istehsal zamanı sərf olunan təbii qaz və elektrik enerji sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu metod dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin təbii qaz və elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər, lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan əlavə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. İş materiallarından görünür ki, səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdə başa çatdırılaraq xx.xx.2019-cu il tarixdə Akt tərtib olunsa da Qanunun tələbi cavabdeh tərəfindən pozularaq xx.xx.2019-cu il tarixdə, yəni 46 gündən sonra qərar qəbul etmişdir. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191134 nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri (ƏDV və.s) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********191134 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar