Məhkəmə qərarları › İş №2-1(114)-207/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-207/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-207/2021 23.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid adının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin 03.04.2019-cu il tarixli, 462 nömrəli məktubunda mərhum X4 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmadığı üçün şəhid hesab edilməməsi qeyd edilmişdir. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum qardaşı X2 31 dekabr 1993-cü il tarixdə (və ya sənəd üzrə 1994-cü ildə) Azərbaycan Respublikasının suverenliyi uğrunda erməni işğalçılarına qarşı Ağdam rayonun Salahlı-Kəngərli kəndləri uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından həlak olduğu üçün ona şəhid adının verilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı1 ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı X2 1993-cü il tarixdə Azərbaycan Respublikasının azadlığının, ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün Samux rayon hərbi komissarlığından çağırış üzrə Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuş və 1994-cü il tarixdə Ağdam rayonun Salahlı-Kəngərli kəndləri uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bu günkü gündə qardaşı X1 rayonunda şəhidlər xiyabanında dəfn olunmuş, onun adına Samux rayonunun ərazisində küçə adı verilmişdir. Lakin ölüm səbəbi, hansı şəraitdə ölməsi və hansı vəzifəsini yerinə yetirərkən vəfat etməsi yəni şəhid olması barədə rəsmi olaraq sənəd verilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətindən imtina etmişdir. İddiaçı1 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, əsas məqsədi qardaşına şəhidlik statusunun verilməsidir, ona şəhid ailəsi statusu verilməsini tələb etmir, məhkəməyə də bu məqsədlə müraciət etməmişdir. İddiaçının nümayəndəsi X5 da əvvəlki məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 07.09.2020-ci il tarixli M/2806 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlandığı 19.02.2019-cu il tarixli M/594 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin 03.04.2019-cu il tarixli 462 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin 31.03.2021-ci il tarixli 365 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsinin 30.03.2021-ci il tarixli 20/1795 nömrəli məktubu; - İV-JQ 385956 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 19.06.2021-ci il tarixli 1/M-13668 nömrəli məktubu; Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin halların, tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olduğu kimi, iddiaçı mərhum qardaşı X3 şəhidlik statusunun verilməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, mərhum N saylı hərbi hissədə xidmət etmiş və xidmət zamanı ermənilərin açdığı atəş nəticəsində ölmüşdür. Məhkəmə ilkin olaraq qeyd etmək istəyir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 07.09.2020-ci il tarixli M/2806 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 25.07.2016-cı il tarixli 9/2-7080 nömrəli arayışına, həmin orqanın Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin 23.07.2018-ci il tarixli 1/M-7076 nömrəli məktubuna və 11.01.1994-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X4 31.12.1993-cü il tarixdə N saylı hərbi hissədə “Beyin daxili qanaxma” nəticəsində həlak olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlandığı 19.02.2019-cu il tarixli M/594 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 10.01.2019-cu il tarixli 9/2- 280 nömrəli məktubunda X4 10.01.1994-cü il tarixdə N saylı hərbi hissədə güllə yarasından həlak olması göstərilmişdir. Cavabdehin 03.04.2019-cu il tarixli 462 nömrəli məktubuna əsasən X4 N saylı hərbi hissə komandirinin 05.12.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına alınmış, 31.12.1993-cü il tarixdə “Beyin daxili qanaxma” nəticəsində həlak olduğundan hərbi hissə komandirinin 30.01.1994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. N saylı hərbi hissə 16.11.1992-ci il tarixdən 10.11.1993-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən mərhum X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmadığı üçün “şəhid” hesab edilmir. Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi 31.03.2021-ci il tarixli 365 nömrəli məktubdan görünür ki, X4 N saylı hərbi hissə komandirinin 05.12.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmış və 31.12.1993-cü il tarixdə həlak olduğu üçün hərbi hissə komandirinin 30.01.1994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsinin 30.03.2021-ci il tarixli 20/1795 nömrəli məktubundan görünür ki, keçmiş Samux RHK-dan göndərilmiş “Döyüş əməliyyatları başlayandan erməni işğalçılarına qarşı döyüşlərdə Samux RHK üzrə həlak olanların siyahısı”nda 1972-ci il təvəllüdlü siravi X2 N nömrəli hərbi hissədə həlak olması və 31.12.1993-cü il tarixdə İmamzadə qəbiristanliğinda dəfn olunması barədə məlumat vardır. Təşkilat-Səfərbərlik İdarəsində aparılan “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə X2 hansı şəraitdə həlak olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 19.06.2021ci il tarixli 1/M-13668 nömrəli məktubundan görünür ki, N saylı hərbi hissə 16.11.1992- 10.11.1993-cü il tarixlərdə (mərhum 31.12.1993-cü il tarixdə vəfat etmişdir) döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi norma “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli Qanununun 1-ci maddəsidir. Həmin maddəyə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Hazırki işin həllində bu norma ilə yanaşı digər əlaqəli hüquq normalarının da nəzərdən keçirilməsi zəruridir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin İ hissəsi və 76-cı maddəsinin İ hissəsi) «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məqsədidir. Silahlı Qüvvələri formalaşdıran hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03.09.1993-cü il tarixli Qanununun 2-ci maddəsinin tələblərinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ya ölmüş hesab edilən şəxslər, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və daxili işlər orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab olunurlar. Valideynlər şəhidin ailə üzvləri hesab olunurlar. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci, 1.2.6cı və 2.1.2-ci bəndləri) Həmin Qaydaların 4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə verməlidir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2. maddəsinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının qardaşı X2 N saylı hərbi hissə komandirinin 05.12.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınması və 31.12.1993-cü il tarixdə həlak olduğu üçün hərbi hissə komandirinin 30.01.1994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması öz təsdiqini tapsa da, onun döyüşən hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində ölməsi sübut olunmur. Əksinə iş materiallarında olan sorğular əsasında əldə edilmiş məlumatlarda 05.12.1993-30.01.1994-cü il tarixlərdə, yəni mərhum X2 şəxsi heyətin siyahısına salınması və çıxarılması tarixlərində N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 19.06.2021-ci il tarixli 1/M-13668 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, N saylı hərbi hissə 16.11.1992-10.11.1993-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan başqa, “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə X2 hansı şəraitdə həlak olması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda iddiaçının qardaşının şəhid hesab edilməsi üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndində qeyd olunan tələblər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı mərhum qardaşına «Şəhidlik» statusunu almaq üçün şərtlərin mövcud olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhid adının verilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar