Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2070/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X4 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və birgə inşa etdikləri kürsülü ev üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Kirovabad Pedaqoji Universitetinin ibtidai sinif müəllimi fakultəsini qiyabi bitirmişdir. xx.xx.1963-cü ildə Bərdə şəhəri 3 nömrəli 8 illik məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunaraq, köçürmə yolu ilə xx.xx.1969-cu ildə Bərdə şəhəri 8 illik internat məktəbinə həmin işə dəyişirilmişdir. Sonralar iddiaçı yenidən köçürmə yolu ilə Bərdə şəhəri 3 nömrəli orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə qaytarılaraq təqaüdə çıxarılana kimi həmin məktəbdə işləmiş, xx.xx.2011-ci ildə Bərdə şəhəri Nərimanov adına 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsindən təqaüdə çıxmağıla bağlı işdən azad olmuşdur. O, Bərdə rayonu, Mehtixanlı kənd sovetliyinin Hacallı kənd sakini Bərdə rayonunda baş həkim işləyən X6 ilə xx.xx.1970-ci ildə rəsmi nikaha daxil olmuş, A3 nömrəli 141709 saylı nikah haqqında şahədətnamə almışdır. Həyat yoldaşı Yadigar Hacıyevlə birgə nikahından xx.xx.1972-ci ildə X10, xx.xx.1974-cü ildə X8 və xx.xx.1976-ci ildə X5 adlı 3 övladı anadan olmuşdur. Həyat yoldaşı ilə ona birgə nikah dövründə Bərdə rayonu, Mehtixanlı Sovetliyinin, Hacallı kəndində fərdi yaşayış evi tikdirmək üçün 0.12 ha həyatyanı torpaq sahəsi verilmişdir. Onlar Birgə yaşayış dövründə 1971-1975-ci illərdə həmin torpaq sahəsində kürsülü 2 otaq və aynabənddən ibarət fərdi yaşayış evi tikdirib orada yaşamışlar. Orada yaşadıqları müddət ərzində övladları anadan olmuşdur. Sonradan iddiaçının mərhum həyat yoldaşı X1 rayonuna baş həkim təyin olduğuna görə, eləcə də iddiaçı Bərdə şəhər 3 nömrəli 8 illik orta məktəbdə ibtidai sinif müəllimi işlədiyinə görə, ünvan 1 ünvanında yerləşən evi tikib orada da yaşamağa davam etmişlər. Onun həyat yoldaşı Yadigar Hacıyev xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, Bərdə şəhəri, Hacallı kəndində yerləşən mərhum həyat yoldaşı Hacıyev Yadigarın adına olan evi, dövlət qeydiyyatına aldırıb, adına çıxarış alması üçün 2020-ci ilin avqust ayında DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin sorğusuna X19 Xidmət mərkəzində notariat ofisi xx.xx.2020-ci il tarixli, 1073/2020 saylı məktubla cavab vermişdir ki, Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan X2 xx.xx.2018-ci ildə ölməsi barədə X19 Xidmət Mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən vərəsəlik hüququ haqqında şahədətnamənin verilməsinə dair müraciət etmiş, arvadı 1944cü il təvəllüdlü İddiaçı, oğlu 1972-ci il təvəllüdlü X11 və oğlu 1976-ci il təvəllüdlü X5, mərhum X3 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. İddiaçı Axrıncı dəfə 2024-cü ilin avqust ayında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə oğlu Nicatın vasitəsi ilə müraciət etmiş mərhum həyat yoldaşı X4 məxsus olan Bərdə rayonu, Hacallı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və birgə yaşayış dövründə inşa etdiyi kürsülü evi onun adına dövlət qeydiyyatına alıb, adına müvafiq çıxarış verilməsini xahiş etmişdir. Lakin, inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə ona 3-21-3-46/2-H-01xx-xx/2024 saylı məktubla imtina cavabı vermişdir. Həmin imtina cavabında göstərilir ki, mərhum X4 məxsus 0.12 ha həyatyani torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə arxiv materiallarinda aşkar edilməmişdir. Bu səbəbdən də həmin torpağın və üzərində inşa etdiyi evin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, həmin torpaq mərhum həyat yoldaşı Hacıyev Yadigarın adına verilmişdir. Cavabdeh orqanın imtinasının heç bir hüquqi əsası yoxdur. İşin halları Bərdə regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2020-ci il tarixli, 1073/2020 nömrəli məktubuna əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş 1944-cü il təvəllüdlü İddiaçı, 1972-ci il təvəllüdlü X10 və 1976-cı il təvəllüdlü X5 mərhum X3 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X4 0.12 ha həyətyanı torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə arxiv materiallarında aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli AZ-İİ 443945 nömrəli ölüm haqqında Şəhadətnaməyə əsasən X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı və nümayəndəsi X7 ünvanlanmış xx.xx.2024cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsinə və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi üzrə mərhum həyat yoldaşına məxsus olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçının həyat yoldaşı X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı dövlət orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan Qanunun tələbinə əsasən, hazırkı vəziyyətdə cavabdehə müraciət və iddia tələbi “vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” barədə olmalıdır. Digər tərəfdən iddiaçı iddia ərizəsinə hazırkı tələblə cavabdeh orqana müraciət etməsini və (və ya) cavabdeh orqanın tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mahiyyəti üzrə baxılması üçün xüsusi mümkünlük şərti olan cavabdehin orqanın imtinasının olması və ya müraciətdən sonra hərəkətsizlik göstərməsi zəruridir. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətaların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, lakin İddiaçı və ya nümayəndəsi X10 tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xətalar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva