Məhkəmə qərarları › İş №2-1(114)-2071/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2071/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2071/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və vəkili X4, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X7) qərarın və həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Xanlar rayon X3 xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarının X5 aid hissəsinin və bu qərar əsasında verilmiş JN-1600F KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən müddətin bərpası barədə ərizə təqdim edilərək, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa olunması xahiş edilmiş, ərizə onunla əsaslandırılmışdır ki, sözügedən inzibati aktın qəbul edilməsindən xəbəri olmamış və həmin akt ona təqdim edilməmişdir. İddiaçının nümayəndəsi X8 və vəkili X9 məhkəmə iclasında ərizəni müdafiə etdilər. Üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, iddia müddəti ötürüldüyünə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Xanlar rayon X3 xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarı ilə Xanlar şəhər sakini X5 0.06 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair sonuncunun adına JN-1600F KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Xanlar rayon X3 xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarının X5 aid hissəsinin ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxdığına görə iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, həmçinin iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə tələbin mübahisələndirilən qərar əsasında verilmiş JN- 1600F KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələbin ilkin hissəsi (Xanlar rayon X3 xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarının X5 aid hissəsinin ləğv edilməsi) mümkün sayılmadığına görə tələbə qeyd olunan hissədə də baxılması mümkün sayılmamalıdır. Odur ki, hazırki halda iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X7) qərarın və həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar