Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2072/2021 15.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) məhkəməyə müraciət edərək, onun 26.01.1992-ci il tarixdən – 27.09.1994-cü il tarixədək N () saylı hərbi hissədə xidmətini nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 14.05.1991-ci il tarixdə Qazax rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. 26.11.1992-ci il tarixdə 184 nömrəli əmrlə 4-cü batalyonun kəşfiyyat bölüyünə qəbul olunmuş, 22.04.1993-cü il tarixdə briqada ehtiyat taboruna keçirilən zaman onu da müvafiq vəzifəyə təyin etmişlər və 27.09.1994-cü il tarixdən etibarən şəxsi heyətin tərkibindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin əfv fərmanı ilə əfv olunmuş, lakin buna baxmayaraq ona 2 il xidmət dövrü və atəşkəsdən sonrakı xidmət dövrü nəzərə alınaraq «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 14.05.1991-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 06.04.2021-ci il tarixli, 9/2-2851 nömrəli məktubu və 16.02.2021-ci il tarixli, 9/2-1248 nömrəli Arxiv Arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 15.04.2021-ci il tarixli, 1/A-9475 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan 14.05.1991-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin 4-cü səhifəsində onun 21.05.1991-ci il tarixli 121 nömrəli əmrlə N nömrəli hərbi hissəyə kursant kimi daxil olması, 05.11.1991-ci il tarixli N nömrəli əmrlə isə hərbi hissənin siyahısından çıxarılması, 6-cı səhifəsində 18.01.1992-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olması, 27.09.1994-cü il tarixdə isə hərbi hissənin siyahısından çıxarılması, 10-cu səhifəsində ona 23.06.1991-ci il tarixdən - 05.11.1991-ci il tarixədək AK-74 230N nömrəli silahın təhkim olunması barədə qeydlər aparılsa da, hərbi biletin 23-cü səhifəsində onun hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbihissə komandirinin 28.09.1994-cü il tarixli 262 nömrəli əmri ilə 27.09.1994-cü il tarixdən bölüyün ştatından kənar edilərək bütün növ təminatlardan silindiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 15.04.2021ci il tarixli, 1/A-9475 nömrəli məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 14.04.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə, aprel 1994-cü il tarixdən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 06.04.2021-ci il tarixli, 9/2-2851 nömrəli məktubundan və 16.02.2021-ci il tarixli, 9/2-1248 nömrəli Arxiv Arayışından görünür ki, sıravi İddiaçı Malik oğlu N nömrəli hərbi hissə komandirinin 26.01.1992-ci il tarixli 8 nömrəli əmri ilə 18.01.1992-ci il tarixli 5 nömrəli əmrə əsasən batalyonun şəxsi heyətin siyahısına aid edilərək ərzaq, geyim və maaşla təmin edilmiş, N nömrəli hərbi hissə komandirinin 01.04.1992-ci il tarixli 1 nömrəli əmrində sıravi atıcı Qənbər Abdullayevin şəxsi heyətin siyahısına siyahısına bütün növ təminatlara salınması barədə məlumat var. İddiaçı Malik oğlu N nömrəli hərbi hissə komandirinin 12.10.1992-ci il tarixli 138 nömrəli əmri ilə 12.10.1992-ci il tarixli alayın 4-cü batalyonundan kəşfiyyat bölüyünə keçirilmiş, N nömrəli hərbi hissə komandirinin 26.11.1992-ci il tarixli 184 nömrəli əmri ilə 26.11.1992-ci il tarixdən alayın kəşfiyyat bölüyünün şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş, N nömrəli hərbi hissə komandirinin 21.02.1993-cü il tarixli müvafiq əmrinə əsasən X1 döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissə komandirinin 22.02.1993-cü il tarixli 53 nömrəli əmri ilə Qarabağ-bölgəsinə qeyri-müəyyən müddətə ezam edilmiş, briqada kəşfiyyat bölüyünün sıravisi X1 N nömrə hərbi hissə komandirinin 22.04.1993-cü il tarixli 112 nömrəli əmri ilə 22.04.1993-cü il tarixdən briqada ehtiyat taboruna keçirilərək müvafiq vəzifəyə təyin olunmuş, sıravi X1 N nömrəli hərbi hissə komandirinin 09.08.1993-cü il tarixli 221 nömrəli əmri ilə həmin tarixdən briqada ehtiyat taburunun bölüyünün 2-ci tağımından taburun zenitraket tağımına atıcı zanitçi vəzifəsinə təyin edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi X1 N nömrəli hərbi hissə komandirinin 28.09.1994-cü il tarixli 262 nömrəli əmri ilə 27.09.1994-cü il tarixdən bölüyün ştatından kənar edilərək bütün növ təminatlardan silinmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı döyüş mövqeyini özbaşına tərk etdiyi üçün onun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2072/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2072/2021
15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver