Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2073/2020 02.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinin Ələsgərli kənd X16 üzrə nümayəndəsi X2, cavabdeh Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin sədri X4 və vəkili X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəmkir Rayon İcra Hakimiyyətinin Ələsgərli kənd X16 üzrə nümayəndəliyinə və Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X19 və X8) torpaq sahəsindən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və qanunsuz müdaxilə edilməməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəmkir Rayon İcra Hakimiyyətinin Ələsgərli kənd X16 üzrə nümayəndəliyinə və Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Ələsgərli kəndi ərazisində yerləşən ümumi sahəsi 55 ha olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsinin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpağın onların istifadəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən iddiaçılara məxsus olan ayrı-ayrı vaxtlarda hər ikisi tərəfindən ortaq əkin əkmək məqsədilə icarəyə götürdükləri və rəsmi qaydada icarə müqaviləsi bağlayaraq icarəyə götürdükləri torpaq sahələrini özbaşına və qanunsuz şəkildə əkmiş, bununla da onların hüquqlarını pozmuşlar. Qeyd olunan torpaq sahəsi Azərbaycan SSR-nin vaxtından istifadə edilməyən əkinə yararsız torpaqlar olmuş, həmin torpaq sahəsi iddiaçılar tərəfindən müvafiq texnika cəlb edilməklə təmizləndiyi üçün külli miqdarda əsaslı vəsait, təxminən 13300 manat pul xərclənmişdir. Həmin torpaq sahəsi iddiaçılar tərəfindən icarəyə götürülən vaxta qədər cavabdehlər tərəfindən istifadə edilməmiş, onlar tərəfindən hər hansı formada əkinə yararlı hala salınması üçün təşəbbüs göstərilməmişdir. Ümumi sahəsi 55 ha olan torpaq sahəsinə dair iddiaçıların bütün sənədlərinin olmasına baxmayaraq hazırda həmin torpaq sahələri cavabdehlər tərəfindən əkilməkdədir. Bununla da onların hüquqları pozulmuş və həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün təxminən 25000 manat qazancdan məhrum olmuşlar. Eyni zamanda bildirilir ki, həmin torpaq sahələri elə həmin qurumların özləri tərəfindən iddiaçılara razılaşdırılmış qaydada icarəyə verilməsinə baxmayaraq hazırda həmin cavabdehlər tərəfindən hüquqları pozulmaqadır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdehlər Şəmkir Rayon İcra Hakimiyyətinin Ələsgərli kənd X16 üzrə nümayəndəliyinə və Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X19 və X8) icarə hüququ əsasında İddiaçı2 məxsus 4.9 ha, 1.34 ha, 1.70, 2.14 ha, 4.90 ha, 15 ha və İddiaçı1 məxsus 10 ha və 10 ha torpaq sahəsindən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və qanunsuz müdaxilə edilməməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı1 əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bələdiyyə sədri onların icarəsində olan torpaq sahələrini öz qohumlarının istifadəsinə verib, onların istifadəsinə mane olur, kəndin icra nümayəndəsi də bələdiyyə sədri ilə əlbir olub qohumlarının köməkliyi ilə torpağın istifadəsinə mane olur, X8 icra nümayəndəsinin qardaşıdır, həmin torpaq sahəsindən istifadə edənlərdən və maneə yaradanlardan biri də odur. İddiaçıların vəkili X6 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bələdiyyə sədri və icra nümayəndəsi əlbir olaraq iddiaçılarnın icarəsinə verilmiş sahənin kənd sakinləri tərəfindən becərilməsinə şərait yaradırlar və yəni həmin torpaq sahəsinin iddiaçılar tərəfindən becərilməsinə mane olurlar. Cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinin Ələsgərli kənd X16 üzrə nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçılar həmin sahəni icarəyə götürmələri barədə sənədləri bələdiyyəyə təqdim etməmişlər, ona görə də o, həmin sahənin iddiaçılara icarəyə verilməsi barədə məlumatı olmadığından sözügedən torpaq sahəsinin kənd sakinləri tərəfindən becərilməsinə, yəni sahənin onların aralarında bölünməsinə köməklik göstərmişdir. Cavabdeh Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin sədri X10 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıların torpaqla bağlı sənədləri həqiqi deyil, kənd sakinləri isə həmin sahələri əkib becərmək istədiklərinə görə özləri öz təşəbbüsləri ilə həmin sahələri əkməyə başlamışlar. Cavabdeh Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin vəkili X13 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıların icarəsində olan torpaq sahəsinin onlar tərəfindən istifadə olunmamasına bələdiyyə tərəfindən hər-hansı müdaxilə olunmayıb və yoxdur. Üçüncü şəxs X8 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, o, icra nümayəndəsi X2 qardaşıdır, 1.63 ha bələdiyyə torpağında ötən ay taxıl əkmişdir, həmin sahə ona bələdiyyə tərəfindən icarəyə verilmiş, bələdiyyə tərəfindən torpaq sahəsinin yerləşmə yeri barədə plan-cizgi verilməmiş, yerləşmə yerini şəxsən bələdiyyə sədri göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17 məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 4.9 ha torpaq sahəsi Şəmkir rayonu Ələsgərli bələdiyyəsi tərəfindən 15 il müddətinə İddiaçı2 icarəyə verilmişdir. -xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 1.34 ha torpaq sahəsi Şəmkir rayonu Ələsgərli bələdiyyəsi tərəfindən 15 il müddətinə İddiaçı2 icarəyə verilmişdir. -xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 1.70 ha torpaq sahəsi Şəmkir rayonu Ələsgərli bələdiyyəsi tərəfindən 15 il müddətinə İddiaçı2 icarəyə verilmişdir. -xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu Ələsgərli bələdiyyəsində keçirilən iclasın 10A saylı protokolundan görünür ki, İddiaçı2 49 il müddətə icarə məqsədi ilə bələdiyyədən 2.14 ha torpaq sahəsi almaq barədə müraciətinin nəzərə alınması qərara alınmışdır. -xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu Ələsgərli bələdiyyəsində keçirilən iclasın 10A saylı protokolundan görünür ki, İddiaçı2 15 il müddətə icarə məqsədi ilə bələdiyyədən 4.90 ha torpaq sahəsi almaq barədə müraciətinin nəzərə alınması qərara alınmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 15.0 ha torpaq sahəsi üzərində 49 il müddətinə İddiaçı2 icarə hüquqları qeydiyyata alınmışdır. -xx.xx.2019-cu il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə 2200 (iki min iki yüz) manat icarə haqqı ödənilmişdir. -xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin hesabına 50 (əlli) manat icarə haqqı ödənilmişdir. -xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı2 tərəfindən Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin hesabına 800 (səkkiz yüz) manat icarə haqqı ödənilmişdir. -xx.xx.2019-cu il tarixli Şəmkir rayonu Ələsgərli bələdiyyəsi üzrə müqavilədən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 10 ha torpaq sahəsi Şəmkir rayonu Ələsgərli bələdiyyəsi tərəfindən illik 300 (üç yüz) manat müqabilində 15 il müddətinə İddiaçı1 icarəyə verilmişdir. -xx.xx.2019-cu il tarixli Şəmkir rayonu Ələsgərli bələdiyyəsi üzrə müqavilədən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 10 ha torpaq sahəsi Şəmkir rayonu Ələsgərli bələdiyyəsi tərəfindən illik 300 (üç yüz) manat müqabilində 15 il müddətinə İddiaçı1 icarəyə verilmişdir. -xx.xx.2020-ci il tarixli Şəmkir rayonu Ələsgərli bələdiyyəsi üzrə müqavilədən görünür ki, Şəmkir rayonu Ələsgərli kəndində yerləşən 1.50 ha torpaq sahəsi Şəmkir rayonu Ələsgərli bələdiyyəsi tərəfindən illik icarə haqqı 1 ha sahə üçün 90 (doxsan) manat müqabilində 9 ay müddətinə X5 icarəyə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, Şəmkir rayonu Ələsgərli kənd ərazisində bələdiyyə mülkiyyətinə aid 4.90 ha, 1.70 ha və 1.34 ha örüş-otlaq sahəsi üzərində xx.xx.2018-ci il tarixli **********97 nömrəli (4.90 ha), həmçinin xx.xx.2018-ci il tarixli **********88 nömrəli (1.70 ha) və eyni tarixli **********89 nömrəli (1.34 ha) çıxarışlarla Ələsgərli bələdiyyəsinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun təşkil edilmiş hərrac və ya müsabiqə yolu ilə, hərrac protokollarına əsasən Ələsgərli bələdiyyəsi ilə İddiaçı2 arasında hər biri 15 il olmaqla Şəmkir rayonu 1 saylı Notariat kontorunda icarə müqaviləsi bağlanmışdır. Həmçinin Şöhləyev X1 ərazisində bələdiyyə mülkiyyətinə aid 15.0 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı ehtiyyat fond torpaqları üzərində xx.xx.2018-ci il tarixli 453 nömrəli hərrac şəhadətnaməsinə əsasən 49 illik icarə hüququna sahib olmuş və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla həmin torpaq sahəsi üzərində onun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bundan başqa 2.14 ha ehtiyat fond və 4.90 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri hərrac və müsabiqə yolu ilə icarəyə verilməsi məqsədi ilə bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu Ələsgərli bələdiyyəsində keçirilən iclasın 10A saylı protokolu ilə İddiaçı2 15 il müddətə icarə məqsədi ilə bələdiyyədən 2.14 ha və 4.90 ha torpaq sahəsi almaq barədə müraciətinin nəzərə alınması və bununla bağlı sənədləşmə proseduruna başlanılması barədə qərar qəbul edilmişdir. Bundan əlavə Ələsgərli kəndi ərazisində 10.0 ha ehtiyat fond və 10.0 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr əsasında Şəmkir rayonu Ələsgərli bələdiyyəsi tərəfindən 15 il müddətinə İddiaçı1 icarəsinə verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan torpaq sahələri torpaq qanunvericiliyinin tələblərinə əsasən iddiaçıların icarəsinə verilmişdir. Lakin torpaq sahələrindən istifadə edilməsinə cavabdehlər Şəmkir Rayon İcra Hakimiyyətinin Ələsgərli kənd X16 üzrə nümayəndəliyinin və Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin təşəbbüsü və köməkliyi ilə bir qrup kənd sakinləri tərəfindən istifadəyə zəmin yaradılmaqla iddiaçıların istifadəsinə maneələr yaradılmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı, eləcə də məhkəmə iclaslarında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, icra nümayəndəsi iddiaçıların qeyd olunan torpaq sahələrinə dair sənədləri bələdiyyəyə təqdim etməməsi, bununla da həmin sahələrin verilməsi ilə bağlı məlumatının olmamasını əsas gətirərək həmin sahələrin kənd sakinləri tərəfindən əkilməsinə köməklik göstərdiyini etiraf etmişdir. Bələdiyyə isə həmin sənədlərin həqiqi olmadığını əsas gətirməklə sahələrin kənar şəxslər tərəfindən istifadə olunmasına şərait yaratdığını bildirmişdir. Cavabdehin nümayəndəsinin qeyd olunan sənədlərin həqiqi olmamasına dair arqumentləri ilə bağlı məhkəmə qeyd edir ki, bələdiyyə məhkəmə mübahisəsinə qədər qeyd olunan torpaq sahələrinə dair iddiaçılarda olan sənədlərin mötəbərliyini mübahisələndirməmiş, yalnız məhkəmə iclası zamanı sənədlərin həqiqi olmadığını iddia etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İstinad olunan normaların tələblərinə əsasən məhkəmə cavabdeh Ələsgərli bələdiyyəsinin qeyd olunan arqumentini əsassız hesab edir. Eyni zamanda bələdiyyə sədri və icra nümayəndəsinin də tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktın məzmununda onlar həmin torpaq sahələrində payızlıq əkin işlərinin özləri tərəfindən deyil, bir qrup Ələsgərli kənd sakinləri tərəfindən aparıldığını bildirmiş, həmçinin öz izahatlarında göstərmişlər ki, aparılan payızlıq əkin işləri onların təşəbbüsü və təşkilatçılığı əsasında həyata keçirilmişdir. Sözügedən bir qrup Ələsgərli kənd sakinləri isə öz izahatlarında həmin torpaq sahələrinin kənd icra nümayəndəsi və bələdiyyə sədrinin təşəbbüsü və təşkilatçılığı ilə kənd sakinləri arasında bölüşdürüldüyünü və sakinlərin özləri tərəfindən əkildiyini göstərmişlər. Beləliklə qeyd olunan aktdan da göründüyü kimi, bələdiyyə sədri və icra nümayəndəsi həmin sahələrin kənd sakinləri tərəfindən becərilməsinə şərait yaratdıqlarını etiraf etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh orqanların rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı ilə iddiaçıların icarəsinə verilmiş torpaq sahələri kənd sakinləri arasında bölüşdürülmüş, torpaq sahəsində kənd sakinləri tərəfindən əkin işləri həyata keçirilmiş və nəticə etibarilə iddiaçıların həmin torpaq sahələrindən istifadəsi ilə bağlı maneələr yaranmış, eləcə də onların istifadəsində olan torpaq sahələrinə qanunsuz müdaxilə edilmişdir. Bununla da iddiaçıların yuxarıda qeyd olunmuş normalarda əks olunmuş hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) iddialara baxılır. -34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı2 məxsus 4.9 ha, 1.34 ha, 1.70, 2.14 ha, 4.90 ha, 15 ha və İddiaçı1 məxsus 10 ha və 10 ha torpaq sahəsindən istifadə ilə bağlı maneələrin aradan qaldırılması və qanunsuz müdaxilə edilməməsi öhdəliyi Şəmkir Rayon İcra Hakimiyyətinin Ələsgərli kənd X16 üzrə nümayəndəliyinin və Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2073/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2073/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver